“Football-plus.az” xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Belə oyunlardan sonra danışmaq ağırdı. Daha yaxşı komanda görmək istəyirik. Amma komanda istədiklərimizi meydanda həyata keçirə bilmir. Vaxt lazımdır. O vaxtı qazana bilsək... Rəhbərliklə danışmışıq. İstəyirlər ki, komandamıza yeni oyunçular cəlb edək. Bu yöndə işlərimiz davam edir”.
- Yaydakı fasilədə digər komandalar çempionata hazırlaşırdı. "Kəpəz" nə edib?
- Sıfırdan yığılan komandaya ayyarım bəs etmir. Vaxt lazımdı. Hətta nəzərə alsaq ki, komandadakı oyunçuların hamısı gəncdi. Daha uzun müddət lazımdı. Komanda hazırlaşıb. Bu kollektiv gələcəkdə gücünü göstərəcək.
- 360 dəqiqəyə qol yoxdu. Bu nə ilə əlaqədardı?
- Etdiyimiz səhvlərdən sonra qollar buraxırıq. Komanda az səhv etməlidir ki, qol buraxmasın. Bunları görürük.
- Toparlanmaq üçün zamana ehtiyacınız var dediz. Vaxt dolana qədər qalacaqsız "Kəpəz"də, yoxsa bezib gedəcəksiz?
- Ən asan şey qaçmaqdı. Heç kimin qarşısından qaçan deyilik. Komandamızı da düzəldəcəyik. Bu komanda ilə liqada oynayacağıq. Qaçmaq qorxaqlıqdır. Top buraxırıq, amma çalışırıq ki, müdafiədə oturmayaq, hücum edək.
- Transferlər üçün klubun pulu var?
- Məcburuq. Rəhbərlik özü də vəziyyəti görür. Bu vəziyyətdən çıxış yolu axtarırlar. Bir şeylər fikirləşib, tapacaqlarına inanıram.
- Yayda Azərbaycanın iki klubu sizinlə maraqlanırdı. Getmədiyiniz üçün peşmansız?
- Qətiyyən. "Kəpəz" tarixi klubdu. "Kəpəz" tarixdə çox uğurlar qazanıb. Bu mənə bəs edir.
- Transferlər etməli olduğunuzu dediz. Rəhbərlik yayda yatmışdı?
- Çalışırdıq. Boşluqları görmək üçün bu şeyləri yaşamalı idik.