“El-Klasiko”nun olduğu həftədə hansısa başqa oyundan, hadisədən danışmaq artıqdı.
Hər halda, La Liqada hesabat turunda başqa maraqlı nəticələr də qeydə alındı. Qələbə yürüşünü davam etdirən “Atletiko” artıq “Barselona”nı arxada qoyub. “Jirona” liderlər qrupunda qərarlaşmasının təsadüf olmadığını göstərmək üçün əlindən gələni edir. Uzatma dəqiqələrində qələbəni əldən verən “Real Sosyedad” isə liderlər qrupundan bir qədər uzaq düşdü.
Bellingem La Liqanın əsas ulduzu statusunu möhkəmlətməkdədi. O, bombardirlik qabiliyyətini “Real”ın ən prinsipial rəqibi ilə oyunda da göstərdi. İlk yarıda kataloniyalılar üstün təsir bağışladı. Sanki madridlilər meydan sahiblərinin belə təzyiqinə hazır deyildi. Topa nəzarət və ərazi üstünlükü Gündoğanın erkən qolu ilə müşayiət olundu. Ancaq fasilədən sonra “Barsa” sakitləşdi. Ya da bəlkə komanda ilk yarıdakı yetərincə intensiv futbol üzündən yoruldu. “Real” təşəbbüsü ələ aldı, dəyişikliklərə əl atdı və təzyiq göstərməyə başladı. Düzdü, qonaqlar saysız-hesabsız qol vəziyyəti yaratmadı. Sadəcə, onlar belə vəziyyətlərdən yaxşı yararlanmağı bacardı. Həm də Bellingem amilini unutmayaq. İngiltərəli ulduz uzaq məsafədən zərbə ilə faktiki heç nədən hesabı bərabərləşdirdi. Uzatma dəqiqələrində isə Modriçin ötürməsindən sonra səkən top Cudun önünə düşdü və o da hesabı komandasının xeyrinə dəyişdi. Əslində heç-heçə bu oyunun məntiqi nəticəsi olardı. Futbol isə elə oyundu ki, burda məntiq qanunları bir çox halda işləmir.
“Real” zirvədədi, amma tək deyil. “Jirona” “Selta” ilə ev oyununda qələbə topunu ilk uzatma dəqiqəsində vurdu. İlk yarıda təhlükəli vəziyyətlər kasad idi. Meydan sahibləri fasilədən sonra bir qədər fəallaşdı. Bu fəallıq 90+1-ci dəqiqədə maddiləşdi. Errera qapıının küncünü dəqiq nişal aldı. “Selta”nın qələbəsiz oyunlar seriyası 7-yə çatdısa, “Jirona” elitada iştirak tarixində ən yaxşı çıxışını davam etdirir.
“Atletiko” da inamla zirvəyə doğru irəlilir. “Hindular” “Alaves”lə ev oyununun ilk yarısında total üstünlüyə malik idi. Onların heyətində Rikelme ilə Morata seçilirdi. “Atletiko”nun mərkəz hücumçusu qapıya başla üç zərbə vurdu, ancaq fərqlənə bilmədi. 26-cı dəqiqədə Rikelme hesabı açdı. Ardından Qrizmann təkbətəki boşa versə də, Morata hissənin sonunda fərqi artırdı. “Atletiko” son dəqiqələrə qədər eyni həvəslə mübarizə apardı, 3-cü qolu vurmağa çalışdı. Qrizmannın qolu sayılmadı. Əvəzində 6-cı uzatma dəqiqəsində Gevara uzaq məsafədən zərbə ilə Oblakı məyus etdi. “Barsa”nı arxada qoyan “Atletiko” 3-cü pilləyə yüksəldi. “Alaves”in qələbəsiz oyunlar seriyası isə 7-yə çatdı.
“Rayo Valyekano”nun isə məğlubiyyətsiz oyunlar seriyası 7-yə bərabərdi. Bu komanda “Real Sosyedad”a da uduzmadı. San-Sebastyan təmsilçisi “Benfika” ilə avrokubok oyununun yorğunluğunu üzərindən ata bilməmişdi. 31-ci dəqiqədə hesabda geri düşən qonaqlar rəqib qapısı önündə təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. Bu üzdən Oyarsabalın 41-ci dəqiqədə hesabı bərabərləşdirməsini möcüzə kimi dəyərləndirmək olar. Elə 2-ci hissədə də meydanda ənənəvi, öyrəşdiyimiz “Real Sosyedad” yox idi. Yalnız Kubo daha hərəkətlo görünür, komanda yoldaşlarını arxasınca aparmağa çalışırdı. Oyarsabal məhz onun qazandığı penaltini qola çevirməklə qonaqları hesabda önə keçirdi. Ancaq “Rayo Valyekano”nun da xilaskarı tapıldı. 85-ci dəqiqədə meydana çıxan Bebe ardıcıl 2-ci oyunda fərqləndi. Heç-heçə bu oyunun ədalətli nəticəsidi. Yaxşı oynamayan “Real Sosyedad” qələbəyə layiq deyildi.
Turun qalan oyunlarına gəlincə, “Kadis” – “Sevilya”, “Atletik” – “Valensiya” duellərində də məhsuldar heç-heçə qeydə alındı. Özü də “Kadis” 2:0 önə çıxdığı oyunda qələbəni əldən verdi. “Las-Palmas” səfərdə “Almeriya”nı, “Betis” evdə “Osasuna”nı məğlub etdi. “Malyorka” – “Xetafe” oyunu qolsuz bitdi. Turun dünən axşam keçirilən son oyununda “Vilyarreal” səfərdə “Qranadaya”ya qalib gəldi.
11-ci tur
Barselona – Real 1:2
Gündoğan, 6 – Bellingem, 68; 90+2. (50112)
Barselona: Ter Ştegen, Balde, Martines, Kristensen, Arauxo, Lopes (Romeu, 72), Qavi, Gündoğan, Feliş (Rafinya, 76), Kanselo (Yamal, 77), Torres (Levandovski, 61).
Real: Kepa, Mendi (Kamavinqa, 52), Alaba, Rüdiger, Karvaxal, Çuameni, Kroos (Modriç, 63), Bellingem, Valverde, Vinisius (Vaskes, 90+5), Rodriqo (Xoselu, 63).
Jirona – Selta 1:0
Errera, 90+1. (12671)
Jirona: Qassaniqa, Blind, Lopes (Xuanpe, 45+2), Martines (Sıqankov, 79), Qutyerres, Qarsiya, Errera, Martin (Portu, 67), Savio, Kouto, Dovbik (Stuani, 67).
Atletiko – Alaves 2:1
Rikelme, 26. Morata, 45+1 – Gevara, 90+6. (50009)
Atletiko: Oblak, Ermoso (Ximenes, 81), Vitsel, Saviç, Rikelme, Saul (Lyorente, 58), Koke, De Paul (Barrios, 67), Molina (Aspilikueta, 81), Morata (Korrea, 67), Qrizmann.
Rayo Valyekano – Real Sosyedad 2:2
Mumin, 31. Bebe, 90+1 – Oyarsabal, 41; 66-p. (12970)
Real Sosyedad: Remiro, Munyos, Paçeko, Subeldiya, Traore, Subimendi, Barreneçea (Şo, 58), Turryentes (Olasaqasti, 79), Mendes, Kubo (Sadik, 79), Oyarsabal (Zaxaryan, 90).
Kadis – Sevilya 2:2
Ramos, 8. Maçis, 28 – Okampos, 37. Rakitiç, 60. (18886)
Atletik – Valensiya 2:2
De Markos, 32. Berenger, 90+7 – Peres, 62. Duro, 68. (15225)
Almeriya – Las-Palmas 1:2
Ramazani, 72 – Munir, 23. Kaba, 90+4. (12132)
Betis – Osasuna 2:1
Villian, 45+1. İsko, 90+4 – R.Qarsiya, 85. (49123)
Malyorka – Xetafe 0:0
(15310)
Qranada – Vilyarreal 2:3
Sançes, 29. Uzuni, 34 – J.Moreno, 18; 23. Sörlot, 28. (16638)
1. Real 11 9 1 1 23-8 28
2. Jirona 11 9 1 1 25-13 28
3. Atletiko 10 8 1 1 25-9 25
4. Barselona 11 7 3 1 23-12 24
5. Real Sosyedad 11 5 4 2 20-14 19
6. Atletik 11 5 3 3 18-12 18
7. Betis 11 4 5 2 14-15 17
8. Rayo Valyekano 11 4 5 2 14-15 17
9. Valensiya 11 4 3 4 14-13 15
10. Las-Palmas 11 4 2 5 8-10 14
11. Osasuna 11 4 1 6 12-16 13
12. Vilyarreal 11 3 3 5 15-18 12
13. Xetafe 11 2 6 3 13-16 12
14. Sevilya 10 2 4 4 16-15 10
15. Kadis 11 2 4 5 10-16 10
16. Malyorka 11 1 6 4 12-16 9
17. Alaves 11 2 3 6 9-16 9
18. Selta 11 1 3 7 10-19 6
19. Qranada 11 1 3 7 17-28 6
20. Almeriya 11 0 3 8 14-31 3
Bombardirlər: Bellingem (Real) - 10, Qrizmann (Atletiko) – 7.
Növbəti turun oyunları noyabrın 3-6-sı aralığında keçiriləcək: Las-Palmas – Atletiko, Osasuna – Jirona, Betis – Malyorka, Selta – Sevilya, Real Sosyedad – Barselona, Alaves – Almeriya, Valensiya – Qranada, Vilyarreal – Atletik, Real – Rayo Valyekano, Xetafe – Kadis.
Turun rəqəmi
500 – Modriç “Real” formasında keçirdiyi oyun sayını bu həddə çatdırdı. 38 yaşlı xorvatiyalı Madrid klubuna 2012-də qoşulub. Maraqlıdı ki, onun debüt oyunu da “Barsa”ya qarşı olub və həmin oyunda da “Real” 2:1 hesabıyla qalib gəlib.
Turun ulduzu
Cud Bellingem (Real) – ingiltərəli ulduz meydanda fenomenal hərəkətlərlə yadda qalmasa da, nəticəni təmin etdi. Əvvəlcə uzaq məsafədən güclü zərbə ilə hesabı bərabərləşdirdi, lap sonda isə lazımi anda lazımi yerdə olub komandasına qələbə qazandırdı.
Turun sitatı
İlkay Gündoğan, “Barselona”nın yarımmüdafiəçisi: “Paltardəyişmə otağımızda məyusluq hökm sürür. Ancaq mən belə vacib oyundakı məğlubiyyətdən sonra daha çox qəzəb görmək istərdim. Uduzubsansa, daha çox emosiya olmalıdı. Mən bura ona görə gəlməmişəm ki, belə oyunlarda uduzum və ya belə iflasla üzləşim”.
Faktlar
* Gündoğan fərqlənəndə 6-cı dəqiqənin 57-ci saniyəsi gedirdi. Bu, “Barsa”nın 21-ci əsrdə “El-Klasiko”dakı 2-ci ən erkən qoludu. Neymar 2014-də 4-cü dəqiqənin 2-ci saniyəsində “Real”ı məyus etmişdi”.
* “Real”ı 250-ci dəfə meydana çıxaran Ançelotti bu göstəricidə yalnız Zinəddin Zidanla (263) Migel Munyosdan (605) geri qalır.
* “Real” şəxsi oyunlarda qələbə sayına görə “Barsa”nı qabaqlayır. Madridlilərin rəsmi oyunlardakı qələbə sayı 103-ə çatdı. “Barsa” 100 oyunda qalib gəlib, 52 oyun heç-heçə bitib. Topların fərqi də madridlilərin xeyrinədi - 426:416.
* Bellingem “Real”da keçirdiyi ilk 13 oyunda 13 qol vurub. O, Madrid klubunun tarixinə bunu bacaran 3-cü futbolçu kimi düşdü. Əvvəllər Alfredo Di Stefano ilə Kriştiano Ronaldo da belə nəticə ilə yadda qalıb.
* “Real” La Liqa çərçivəsində “Barsa”nın qapısına 300-cü qolu vurdu. İspaniyada heç bir başqa klub belə nəticə ilə öyünə bilməz. “Barsa”nı daha çox məyus edənlərin ilk “5-liy”i belədi: 1. “Reak” – 300, 2. “Atletik” – 259, 3. “Atletiko” – 249, 4. “Valensiya” – 243, 5. “Sevilya” – 193.
* Yamal “El-Klasiko”nun ən gənc iştirakçısıdı. “Barsa”nın xavbeki 16 yaş 107 günlüyündə meydana çıxmaqla bu klubun sabiq futbolçusu Visente Martinesin rekordunu yenilədi. Martines 1941-ci ildə - 16 yaş 278 günlüyündə əbədi rəqiblərin duelinin iştirakçısı olub.
Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Fikrimcə, 60 dəqiqə dominantlıq etdik. Ancaq futbol belədi. Bizim komandaya qol vurmaq üçün 5-6 imkan lazımdı. “Real”a isə iki qol vurmaq üçün üç şans bəs etdi. Düzünə qalsa, qalib gəlməli olan komanda biz idik. Hesab edirəm ki, komandam oyunu yaxşı keçirdi. Belə hiss var idi ki, “Real” heç-heçədən razıdı. Çox pis nəticədi, ancaq oyun baxımından irəli addım atdıq. Daha artığına layiqik. “Real” ədələtsiz qələbə qazandı. Oyuna belə yekun vura bilərəm: biz 60 dəqiqə yaxşı oynadıq və 1 qol vurduq, rəqib 25 dəqiqəni yaxşı keçirdi və iki dəfə fərqləndi”.
Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “İlk yarıda ləng, tənbəlcəsinə, aqressivlikdən uzaq oynadıq. İkinci hissədə isə əksinə oldu. Bəzən elə olur ki, istədiyin kimi oynaya bilmirsən. İlk yarını unutduq. Modriç oyunun dinamikasını dəyişdi. Topa daha çox nəzarət etməyə başladıq. Mövsüm bütün komandalar üçün uzundu. “Barselona” böyük komanda kimi qalır, sona qədər mübarizə aparır”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта