İlqar Salahovun sözlərinə görə, Şuşa şəhərinə verilən içməli suyun keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu təmin etmək məqsədilə Təxirəsalınmaz Tədbirlər Proqramı çərçivəsində mövcud sutəmizləyici qurğunun yenidən qurulması layihəsinin icrasına başlanılıb. Qurğuda 12 qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı və zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib. Görülmüş işlər nəticəsində qurğunun məhsuldarlığı sutkada 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Hazırda şəhərdə yaşayan, çalışan və səfər edən 3500-dən çox insan bu təmizləyici qurğuda sutka ərzində emal olunan və standartlara tam uyğun içməli su ilə təmin edilir. Layihənin növbəti mərhələsində Şuşa şəhərinin dayanıqlı su təchizatı məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr təşkil edəcək müasir tipli yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Şuşa şəhərinin su təchizatının dayanıqlılığının təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Həmin anbarlardan birinin tikintisi davam etdirilir. Şuşanın perspektiv inkişafı nəzərə alınmaqla hazırlanan su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən, şəhərin orta günlük su tələbatı saniyədə 105 litr təşkil edəcək. Şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək. Şəhərin Baş planına uyğun hazırlanmış layihəyə əsasən, Şuşada 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçay çayına axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək. Qeyd edək ki, Şuşa sutəmizləyici qurğular kompleksi Prezident İlham Əliyevin iştirakı ilə iyulun 5-də açılıb.