RU

Kredit təşkilatlarının vəziyyəti yaxşı deyil: Pulları toplamaq olmur

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Banklarla bağlı son açıqlanan statistika gəlirlərin artmasından xəbər verirdi. Kredit faizləri, ayrı-ayrı xidmətlər bu maliyyə müəssisələrinin işinə yarayıb. Amma bank olmayan kredit təşkilatlarının (BOKT) vəziyyəti yaxşı deyil. Həm müştərilər, həm də gəlirlər azalıb.

Bizimyol.info xəbər verir ki, müştəri itirməkdə “Para” BOKT xüsusilə fərqlənir. Buna əmin olmaq üçün kredit portfelinə diqqət yetirmək lazımdır. Portfel 67 dəfə kiçilib. İnanılmaz geriləmədən söhbət gedir. Kredit həcmi 10,2 milyon manatdan 155 min manata düşüb. Təkcə bu amil real vəziyyəti ortaya qoyur.

“Para” BOKT-un aktivlərində də nəzərəçarpan azalma var. Kredit təşkilatı hesabatında xalis mənfəəti xüsusi qabardır. Buna baxmayaraq, durumun yaxşılığa doğru dəyişmədiyi aydın görünür.

“Embafinans” vaxtı keçmiş kreditlərdən əziyyət çəkir. Bu kreditlərin həcmi 40 faizdən çox artıb. Müştərilər təxminən 10 milyon manata yaxın vəsaiti qaytara bilmir. İş orasındadır ki, təşkilatın kredit portfeli böyüyüb. Həcm artdıqca problemlər də çoxalır.

“AzKredit”in gəlirləri azalıb. Bu kredit təşkilatının xalis mənfəəti 1 milyon manatdan da azdır. Gəlirlərin 23 faiz azalması qeydə alınıb.

“Fintrend” də ciddi problemlə üz-üzədir. Kreditləri toplamaq olmur. Vaxtı keçmiş kreditlərin həcmi 2,56 milyon manatdır. Bir il əvvəllə müqayisə edəndə vəziyyətin nə dərəcədə pisləşdiyini daha yaxşı anlamaq olur. Vaxtı keçmiş kreditlərin məbləği 4,6 dəfə artıb.

“Merkuri”də də vaxtı keçmiş kreditlərin həcmi 2 milyon manatı keçib. Problemli vəsait 51 faiz artıb.

Siyahını xeyli uzatmaq olar. Bankların üzləşdiyi problemi kredit təşkilatları da yaşayır. Vaxtı keçmiş kreditlərin həcmi dayanmadan artır. Əhalinin sosial vəziyyətinin pisləşməsi, sahibkarların xərclərinin artması bu məsələdə özünü göstərir. İnsanlar bankların, kredit təşkilatlarının qarşısındakı öhdəlikləri yerinə yetirə bilmir. Faizlər onsuz da aşağı deyil. Ümumi sosial durumun pisləşməsi bu istiqamətdə işləri korlayır. Təbii olaraq kredit təşkilatları da geriləyir.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
bizimyol.info

1Источники