RU

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil edilib

Bakı, 3 iyun, AZƏRTAC

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Yaşam” xeyriyyə komandası tərəfindən inklüziv və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib. Tədbirin əsas məqsədi uşaqlara sevinc bəxş etmək, onların asudə vaxtını səmərəli və maraqlı təşkil etmək olub.

Bu barədə AZƏRTAC-a “Yaşam Xeyir” xeyriyyə komandasının rəhbəri Rauf Aslanov məlumat verib.

Onun sözlərinə görə, tədbirdə ümumilikdə 50 uşaq iştirak edib. İştirakçılardan 30-u fiziki məhdudiyyətli, autizm və Daun sindromlu, 20-si isə aztəminatlı ailələrdən olan uşaqlar olub.

Rauf Aslanov bildirib ki, “Yaşam” komandası artıq 5 ildir fəaliyyət göstərir. Bu müddətdə müharibə və pandemiya dövrlərində, eləcə də müxtəlif sosial həssas qruplar üçün ərzaq yardımları, xeyriyyə aksiyaları, ziyarətlər və digər sosial layihələr həyata keçirilib.

“Ənənəmizə sadiq qalaraq Uşaqların Beynəlxalq Müdafiəsi Günündə xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan uşaqlar üçün bayram proqramı hazırladıq. Düşünürəm ki, bu cür addımlar həmin uşaqlara onların hər kəs tərəfindən sevildiyini, cəmiyyətin bir parçası olduqlarını nümayiş etdirmək, cəmiyyətimizə inteqrasiyalarının asanlaşdırılması məqsədini daşıyır”, – deyə o əlavə edib.

Rauf Aslanov bildirib ki, gələcəkdə təşkilatın fəaliyyətinin daha da genişləndirilməsi, yeni sosial layihələrin həyata keçirilməsi və bu istiqamətdə daha çox tərəfdaşın dəstəyinin cəlb olunması nəzərdə tutulur.

Müxbir – Pərvanə Qafarova

Избранный
19
1
azertag.az

2Источники