ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Gəncə, 3 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) görkəmli alim, Əməkdar elm xadimi, akademik Məmmədtağı Cəfərovun anadan olmasının 90 illiyinə həsr edilən Respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə akademik Məmmədtağı Cəfərovun məzarını ziyarət ediblər.
Sonra tədbir iştirakçıları ADAU-nun inzibati binasının foyesində Məmmədtağı Cəfərovun mənalı ömür yolunu əks etdirən sərgiyə baxış keçiriblər.
Tədbirdə çıxış edən i giriş sözü ilə açan ADAU-nun rektoru Zəfər Qurbanov akademik Məmmədtağı Cəfərovun Azərbaycanda aqrar elm və təhsilin inkişafına verdiyi misilsiz töhfələrdən danışıb. Bildirib ki, alimin zəngin elmi irsi və fundamental tədqiqatları uzun illər ölkədə aqrar elmin inkişaf istiqamətlərinin formalaşmasına mühüm təsir göstərib.
Çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edən rektor, alimlərin irsinin yaşadılmasının və gələcək nəsillərə çatdırılmasının milli-mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, akademik Məmmədtağı Cəfərovun zəngin elmi irsinin bundan sonra da tədqiqatçılar üçün etibarlı mənbə və örnək olaraq qalacağını diqqətə çatdırıb.
Sonra akademik Məmmədtağı Cəfərovun həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev akademik Məmmədtağı Cəfərovun Azərbaycan elminə verdiyi töhfələrin daim ehtiramla xatırlandığını bildirib. Qeyd edib ki, belə şəxsiyyətlərin irsinin təbliği gənclərin elmə marağının artırılmasına və milli elmi dəyərlərin qorunmasına xidmət edir.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Məmmədtağı Cəfərovun Azərbaycanın aqrar elminin inkişafında oynadığı mühüm roldan söz açıb. O, alimin formalaşdırdığı elmi məktəbin bu gün də uğurla davam etdirildiyini və yetişdirdiyi mütəxəssislərin ölkə elminə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov isə çıxışında akademiklə bağlı xatirələrini bölüşüb. O, Məmmədtağı Cəfərovun yüksək mənəvi keyfiyyətlərindən, sadəliyindən və insanlara münasibətindən söz açaraq, onun elmə bağlılığının hər zaman nümunə olduğunu vurğulayıb.
Konfransda çıxış edən Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov görkəmli alimin elmi irsinin gələcək nəsillərə çatdırılmasının vacibliyinə toxunublar.
Daha sonra AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, AMEA-nın müşaviri, akademik Adil Qəribov, ADAU-nun Qida məhsulları mühəndisliyi və şərabçılıq kafedrasının müdiri, professor Hasil Fətəliyev çıxış ediblər.
Akademikin həyat yoldaşı Şəlalə Cəfərova göstərilən ehtirama görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirib.
Konfrans Gəncə Dövlət Filarmoniyasının solistlərinin təqdim etdiyi bədii proqramla davam edib.
Sonda qonaqlar Azərbaycan Dövlət Aqrar Universitetinin tədris korpusları, laboratoriyaları və elmi-tədqiqat infrastrukturu ilə yaxından tanış olublar.
Qeyd edək ki, konfrans işini günün ikinci yarısında bölmə iclaslarında davam etdirib.
Müxbir - Elcan Məmmədov














Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.