Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 3 iyun, AZƏRTAC
Niderlandın Amsterdam şəhərində Türk və Ərəb Dünyası Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 dönümünə həsr olunmuş “Azərbaycan Demokratik Respublikası: tarixi yaddaş və müasirlik” mövzusuna beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda akademik dairələrin, mədəniyyət müəssisələrinin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Mərkəzin direktoru Mehmet Tütüncü rəhbəri olduğu qurumun 35 illik fəaliyyətindən danışıb, Azərbaycan, Avropa və Türkiyə əlaqələrinin dünya üçün iqtisadi əhəmiyyətini, siyasi sabitliyin təmin edilməsindəki rolunu, daha sonra isə Ümummilli Lider Heydər Əliyevin dünya siyasətçiləri tərəfindən qəbul edilən dahi bir şəxsiyyət olduğunu qeyd ediblər.
Konfransda məruzə ilə çıxış edən “Lantaisi ve Rebeke” cəmiyyətinin sədri italyan mənşəli Andre Testa Azərbaycan-İtaliya, Azərbaycan-Niderland və Türkiyə-Niderland əlaqələrindən danışıb, dünya türklərinə olan sevgisini, babalarının vaxtilə Osmanlı imperiyasında tərcüməçi və əlaqələndirici şəxs kimi çalışmalarını xüsusi vurğulayıb.
Konfransın ikinci hissəsinin panel iclasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş məruzələr dinlənilib.
“Süni intellekt, tarixi yaddaş və müasir Azərbaycan dövlətçiliyi” mövzusunda çıxış edən Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mahiyyətini izah edib, süni intellektin dövlət idarəçiliyinin müxtəlif aspektlərinə uğurla tətbiqinin əhəmiyyətini vurğulayıb və Prezident İlham Əliyevin Avropaya istiqamətlənmiş siyasətini, dövlətlərarası iqtisadi əlaqələrin zəiflədiyi müasir dövrdə Azərbaycanın Avropanın enerji ilə təchiz edilməsindəki rolunu elmi əsaslarla təhlil edib.
Beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti yanında İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyevin “Dövlətçilik ənənələri və idarəçilik modelləri: Azərbaycan Xalq Cümhuriyyətinin irsi və müasirlik” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi AXC dövründə qəbul edilmiş 28 may 1918-ci il tarixli İstiqlal Bəyannaməsinin hüquqi mahiyyətini təhlil edib, keçmiş sovetlər birliyi dövründə Azərbaycan xalqının milli kimliyinin unutdurulması istiqamətində kommunist rejimi tərəfindən məqsədyönlü siyasət aparılmasından söhbət açıb. 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının xalqımızın azadlıq uğrunda mübarizəsinin məntiqi nəticəsi olduğunu bildirib.
İsaxan Vəliyev daha sonra Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra Ulu Öndərin rəhbərliyi altında işlənib hazırlanmış və referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının siyasi-hüquqi mahiyyətini açıqlayıb və bu sənədin çoxmillətli Azərbaycan xalqının vahid bir millət kimi birləşməsinin, daha sonra isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsinin hüquqi əsası kimi çıxış etdiyini diqqətə çatdırıb.
Məruzəçi dövlətçiliyin inkişafında idarəçiliyin rolundan danışıb və bunun sadə bir düstur (dövlətin imkanları + idarəçilik = nəticə) əsasında həyata keçirildiyini Azərbaycan timsalında müqayisəli şəkildə izah edib, ölkəmizin əldə etdiyi yüksək nəticələrin Prezident İlham Əliyevin innovativ idarəçiliyi ilə bağlı olduğunu əsaslandırıb.
İnteraktiv şəkildə davam edən konfrans Türk və Ərəb Dünyası Araşdırma Mərkəzinin nəzdində “Levant” kitabxanasının açılışı ilə başa çatıb və kitabxanaya Azərbaycan müəlliflərinin kitabları hədiyyə edilib.



Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.