RU

Anar Bağırov: Qərbi azərbaycanlıların deportasiyası beynəlxalq hüquq müstəvisində qiymətləndirilməlidir

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 3 iyun, AZƏRTAC

Qərbi Azərbaycan coğrafi bir anlayışdan daha geniş və əhatəli bir məfhumdur. Bu torpaqlar üzərindəki azərbaycanlıların varlığı min illərə uzanır. Onların bu torpaqlarda doğulması, yaşaması, həmin torpaqların daşını, suyunu, havasını canlarının bir parçasına çevirməsi heç bir sənədlə inkar edilə bilməyəcək tarixi bir həqiqətdir. Lakin 1987-1991-ci illərdə ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində 300 minə yaxın azərbaycanlı öz torpaqlarından zorla qovulub.

AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, bu deportasiya beynəlxalq hüquqda açıq-aşkar müəyyən olunmuş meyarlara görə, etnik təmizləmənin ən ağır formasından biri kimi qiymətləndirilməlidir: “Beynəlxalq hüquq baxımından bu hadisələr həm Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın, həm də İnsan Hüquqları üzrə Avropa Konvensiyasının açıq pozuntusunu təşkil edir.

Belə ki, beynəlxalq hüquq qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıdış hüququnu açıq şəkildə tanıyır. BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın bir sıra maddələri, həmçinin BМТ Baş Assambleyasının bir sıra qətnamələri sübut edir ki, öz ölkəsindən zorla qovulmuş hər bir şəxsin geri qayıtmaq hüququ vardır.

Eyni zamanda, 2023-cü ildə Azərbaycanın öz işğal altındakı torpaqlarını azad etməsi ilə yaranan yeni reallıq Qərbi Azərbaycan məsələsinə beynəlxalq aləmin diqqətini daha kəskin şəkildə yönəldib. Cənubi Qafqazda ədalətin tam bərpasının mümkün olduğunu nümayiş etdirən bu tarixi hadisə Qərbi Azərbaycana qayıdış tələbinin beynəlxalq hüquqa və tarixi ədalət prinsiplərinə əsaslanan legitimliyini daha da gücləndirib”.

Anar Bağırov qeyd edib ki, Qərbi azərbaycanlıların deportasiyası faktlarının beynəlxalq hüquq müstəvisində sistemli şəkildə sənədləşdirilməsi və hüquqi qiymətləndirilməsi istiqamətində işlər davam etdirilməlidir: “Onların hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq hüquqi mexanizmlərdən və aidiyyəti beynəlxalq institutlardan daha fəal və səmərəli şəkildə istifadə olunmalıdır. Bu mövzu üzrə müqayisəli hüquqi tədqiqatların genişləndirilməsi vacibdir. Dünyanın müxtəlif regionlarında baş vermiş deportasiya və məcburi köçürülmə halları, eləcə də qayıdış hüququnun təmin edilməsi təcrübəsi dərindən öyrənilməli və əldə olunan nəticələrdən faydalanılmalıdır. Gənc nəslin bu tarixi missiyaya daha fəal şəkildə cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki Qərbi Azərbaycana qayıdış ideyasının gələcək nəsillərə ötürülməsi və davamlılığının təmin edilməsi məhz onların fəallığından və bu ideyaya bağlılığından asılıdır”.

Müxbir - Aysel Azadqızı

Fotoqraf - Tofiq Babayev

Videooperator - Mirrəsul Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
azertag.az

2Источники