RU

Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı: Azərbaycan Avropa ilə Asiya arasında mühüm strateji körpü rolunu oynayır - EKSKLÜZİV MÜSAHİBƏ

Böyük Britaniya Azərbaycanın növbəti inkişaf mərhələsini dəstəkləməkdə qərarlıdır

London, 3 iyun, AZƏRTAC

Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Devid Rid 31-ci “Bakı Enerji Həftəsi”ndə iştirak edib. O, Azərbaycana səfərindən sonra AZƏRTAC-a eksklüziv müsahibə verib.

Devid Rid müsahibəsində Böyük Britaniya–Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti, enerji sektorundan kənar əməkdaşlıq imkanları, eləcə də Britaniya şirkətlərinin ölkəmizin müxtəlif sahələrinə artan marağı barədə danışıb.

– Böyük Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı kimi Böyük Britaniya–Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

– Azərbaycanla iqtisadi münasibətlər Böyük Britaniyanın ən köklü və strateji əhəmiyyətli tərəfdaşlıqlarından biridir. Bu 30 ildən artıq müddətdə formalaşmış ticarət, investisiya və qarşılıqlı əməkdaşlığa əsaslanır. Hazırda iki ölkə arasında ikitərəfli ticarətin həcmi təxminən 1 milyard funt sterlinq təşkil edir.

Böyük Britaniya Azərbaycanda ən böyük xarici investordur və yüzlərlə Britaniya şirkəti enerji, infrastruktur, maliyyə xidmətləri, texnologiya və aviasiya kimi sahələrdə fəaliyyət göstərir. Bakıya səfərim zamanı əməkdaşlığımızın yeni mərhələyə qədəm qoyduğunun şahid oldum. Enerji sektoru münasibətlərimizin əsas sütunlarından biri olsa da, ikitərəfli əməkdaşlıq artıq daha geniş istiqamətləri əhatə edir. Rəqəmsal infrastruktur, aviasiya, nəqliyyat və kapital bazarları sahələrində də əhəmiyyətli əməkdaşlıq imkanları mövcuddur.

Böyük Britaniya–Azərbaycan Strateji Tərəfdaşlığı qarşıdakı illərdə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm əsas yaradır. Hər iki ölkə iqtisadiyyatın şaxələndirilməsi, regional bağlantılar, innovasiya və inkişaf istiqamətlərinə xüsusi diqqət yetirir ki, bu da uzunmüddətli əməkdaşlıq üçün güclü zəmin yaradır.

– Britaniya şirkətləri uzun illərdir Azərbaycanın enerji sektorunda mühüm rol oynayırlar. Qeyri-enerji sektoruna da marağın artdığını müşahidə edirsinizmi?

– Bəli. Enerji sektoru münasibətlərimizin mərkəzində qalır və bp-nin son 30 ildəki fəaliyyəti bu əməkdaşlığın vacib hissəsidir. Lakin Britaniya şirkətlərinin Azərbaycandakı fəaliyyəti getdikcə daha çox sahəni əhatə edir.

Bunun ən aydın nümunələrindən biri təmiz enerji sahəsidir. Hazırda təxminən 50 Britaniya şirkəti günəş enerjisi, dənizdə külək enerjisi, elektrik şəbəkələrinin modernləşdirilməsi və enerji sistemlərinin digər istiqamətlərində fəaliyyət göstərir. “SOCAR Green” və digər tərəfdaşlarla keçirdiyim görüşlər zamanı Azərbaycanın bərpaolunan enerji sahəsində böyük hədəflərə malik olduğunu və Böyük Britaniyanı bu məqsədlərin reallaşdırılmasında etibarlı tərəfdaş kimi gördüyünü müşahidə etdim.

Aviasiya sektoru da əməkdaşlıq üçün mühüm istiqamətlərdən biridir. Səfərim çərçivəsində “Silk Way Group” və Azərbaycan Hava Yolları ilə pilot hazırlığı, uçuş simulyatorları, sərnişin və yük daşımalarının inkişafı, eləcə də hava limanı infrastrukturu sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Böyük Britaniya şirkətləri bu sahələrdə geniş təcrübəyə malikdir və Böyük Britaniyanın ixrac maliyyələşdirilməsi üzrə dövlət agentliyi (UK Export Finance) böyük layihələrin həyata keçirilməsinə dəstək verir.

Eyni zamanda, süni intellekt infrastrukturu, kibertəhlükəsizlik və məlumat mərkəzləri daxil olmaqla texnologiya və rəqəmsal infrastruktur sahələrinə maraq artır. “Entrust” və “Nscale” kimi Britaniya şirkətləri Azərbaycanın növbəti inkişaf mərhələsinə mühüm töhfə verə bilər.

Beləliklə, iqtisadi münasibətlərimiz Azərbaycanın iqtisadi transformasiya prioritetlərinə uyğun şəkildə daha da şaxələnir.

– Bakıya səfəriniz zamanı Azərbaycanın iqtisadi inkişafı və biznes mühiti ilə bağlı hansı məqamlar diqqətinizi daha çox cəlb etdi və bunlar Böyük Britaniyanın ölkə ilə uzunmüddətli əməkdaşlığına necə təsir göstərir?

- Ən çox diqqət çəkən məqam Azərbaycanın ambisiyaları və Böyük Britaniya ilə Azərbaycan arasında formalaşmış uzunmüddətli tərəfdaşlığın gücü oldu.

Azərbaycan Avropa ilə Asiya arasında mühüm strateji körpü rolunu oynayır və logistika, bağlantılar, eləcə də fiziki və rəqəmsal infrastruktur sahələrində artan imkanlara malikdir. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir.

bp, “SOCAR Green”, “Silk Way Group”, iqtisadiyyat və energetika nazirliklərinin nümayəndələri ilə görüşlər zamanı müzakirələr çox praktik xarakter daşıyırdı. Biz konkret layihələr, maliyyələşdirmə mexanizmləri və tərəfdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin Böyük Britaniyanın ixrac maliyyələşdirilməsi üzrə dövlət agentliyi (UK Export Finance) və London Fond Birjası Qrupunun investisiyaların təşviqi, kapital bazarlarının inkişafı və beynəlxalq maliyyə resurslarına çıxışın genişləndirilməsi istiqamətində verə biləcəyi dəstəkdən danışdıq.

Məhz bu ambisiya, açıqlıq və nəticəyə yönəlmiş yanaşma mənə Böyük Britaniya-Azərbaycan iqtisadi münasibətlərinin gələcəyinə nikbin baxmağa əsas verir. Böyük Britaniya artıq 30 ildən çoxdur ki, Azərbaycanın tərəfdaşıdır və ölkənin növbəti inkişaf mərhələsini dəstəkləməkdə qərarlıdır.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Избранный
69
3
azertag.az

4Источники