Texnologiyanın sürətli inkişafı bütün sahələr kimi, kütləvi informasiya vasitələrini və xəbər istehsalı proseslərini də kökündən dəyişir. Son illərdə qlobal mediada ən çox müzakirə olunan, həm böyük maraq, həm də müəyyən narahatlıq doğuran mövzulardan biri məhz süni intellektin jurnalistika sahəsinə inteqrasiyasıdır.
Bu gün süni intellekt alətləri artıq sadəcə texniki köməkçi deyil, xəbərlərin sürətli analizi, mətnlərin tərcüməsi, vizual materialların hazırlanması və kontentin yayılmasında fəal rol oynayan bir qüvvəyə çevrilib.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan media eksperti Azər Həsrət bildirib ki, süni intellekt jurnalistika sahəsində imkanlar yaratsa da, onun yanlış istifadəsi peşənin keyfiyyətinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, hazırda bəzi hallarda süni intellektdən alınan məlumatlar yoxlanılmadan və ya kiçik redaktələrlə jurnalistika məhsulu kimi təqdim olunur ki, bu da peşə standartlarının aşağı düşməsinə səbəb olur.
Azər Həsrət: Bəzi hallarda süni intellektdən alınan məlumatlar yoxlanılmadan istifadə olunur
Müsahibimiz bildirib ki, süni intellekt həmişə dəqiq və etibarlı məlumat vermir və buna görə jurnalistlər əldə etdikləri informasiyanı mütləq şəkildə yoxlamalıdırlar.
Dediyinə görə, xüsusilə gənc jurnalistlər ilkin mərhələdə əsas jurnalistika bacarıqlarını - araşdırma, mənbə ilə işləmə və birbaşa ünsiyyət qurma kimi vərdişləri inkişaf etdirməlidirlər. Süni intellektdən istifadə yalnız müəyyən təcrübə qazandıqdan sonra faydalı ola bilər və bu zaman da onun istifadəsi açıq şəkildə göstərilməlidir ki, auditoriya təqdim olunan məlumatın mənbəyi barədə məlumatlı olsun.
Lumu Zülfüqarova
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi