RU

Rahatlığın kölgəsində qalan istehlakçı hüquqları -Bir kliklə alış-veriş

Onlayn ticarət insanların gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də məhsulun keyfiyyəti, geri qaytarılması və məlumat təhlükəsizliyi ilə bağlı problemlər hələ də aktual olaraq qalır.

Son illərdə texnologiyanın sürətli inkişafı insanların alış-veriş vərdişlərini də dəyişib. Əgər bir neçə il əvvəl mağaza-mağaza dolaşaraq məhsul seçmək adi hal hesab olunurdusa, bu gün bir çox insanlar ehtiyac duyduqları əşyanı bir neçə kliklə sifariş etməyə üstünlük verirlər. Xüsusilə pandemiyadan sonra onlayn ticarətə maraq daha da artıb və internet üzərindən alış-veriş etmək milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.

Onlayn alış-verişin əsas üstünlüklərindən biri vaxta qənaət etməsidir. İstehlakçılar evdən çıxmadan müxtəlif məhsulları müqayisə edə, qiymətlərə baxa və sifariş verə bilirlər. Bununla yanaşı, elektron ticarət platformaları regionlarda yaşayan insanlar üçün də daha geniş seçim imkanı yaradır. Mağazalarda tapılması çətin olan məhsullar artıq bir neçə gün ərzində ünvanlara çatdırılır.

Lakin bu rahatlığın fonunda müəyyən problemlər də diqqətdən kənarda qalmır. İstehlakçıların ən çox qarşılaşdığı çətinliklərdən biri sifariş verilən məhsulla çatdırılan məhsul arasında fərqlərin olmasıdır. Bəzi hallarda məhsulun rəngi, ölçüsü və ya keyfiyyəti təqdim olunan şəkillərlə uyğun gəlmir. Bu isə alıcıların narazılığına səbəb olur. Digər mühüm məsələ məhsulun geri qaytarılması ilə bağlıdır. Bir çox vətəndaşlar geri qaytarma prosedurlarının mürəkkəb olduğunu, bəzi hallarda isə satıcılarla əlaqə saxlamaqda çətinlik çəkdiklərini bildirirlər. Xüsusilə sosial şəbəkələr üzərindən fəaliyyət göstərən bəzi satış səhifələrində məhsulun dəyişdirilməsi və ya pulun geri ödənilməsi ilə bağlı aydın mexanizmlərin olmaması istehlakçıların hüquqlarının müdafiəsini çətinləşdirir.

Mütəxəssislərin və dövlət qurumlarının müxtəlif dövrlərdə etdikləri xəbərdarlıqlara baxmayaraq, internet üzərindən həyata keçirilən dələduzluq halları da tam aradan qalxmayıb. Saxta internet səhifələri, həqiqəti əks etdirməyən endirim kampaniyaları və əvvəlcədən ödəniş tələb edən şübhəli satış elanları vətəndaşların maliyyə itkiləri ilə üzləşmələrinə səbəb olur. Xüsusilə sosial media platformalarında yayılan reklamların etibarlılığı məsələsi istehlakçıların daha diqqətli davranmalarını zəruri edir. Bundan əlavə, onlayn alış-veriş zamanı şəxsi məlumatların qorunması da mühüm məsələlərdən biri hesab olunur. Alıcılar sifariş zamanı ad, telefon nömrəsi, ünvan və bəzən bank kartı məlumatlarını paylaşmalı olurlar. Bu məlumatların təhlükəsiz saxlanılması həm platformaların, həm də satıcıların üzərinə ciddi məsuliyyət qoyur.

Görünən mənzərə odur ki, elektron ticarətin inkişafı davam etdikcə istehlakçıların məlumatlılığının artırılması daha böyük əhəmiyyət kəsb edir. Alış-veriş etməzdən əvvəl satıcının etibarlılığını yoxlamaq, istifadəçilərin rəylərini oxumaq və satış şərtləri ilə tanış olmaq mümkün risklərin qarşısını almağa kömək edə bilər. Rəqəmsal ticarət müasir dövrün reallığıdır və onun həyatımıza gətirdiyi rahatlıqları danmaq mümkün deyil. Bununla belə, istehlakçı hüquqlarının qorunması, şəffaf satış mühitinin formalaşdırılması və təhlükəsiz elektron ticarət mexanizmlərinin gücləndirilməsi bu sahədə qarşıda duran əsas vəzifələr olaraq qalır.

Şahnigar Əhmədova, “İki sahil”

Избранный
18
ikisahil.az

1Источники