RU

Paşinyan Ərdoğanla niyə indi danışdı?

Paşinyanın seçkiyə bir neçə gün qalmış Ərdoğanla telefon danışığının arxa planında dayanan səbəblər maraqlıdır. Bu zəng rəsmi Ankara üçün Ermənistan hakimiyyətinə dəstəyini nümayiş etdirmək, Paşinyan üçün isə seçki kampaniyasında irəli sürdüyü “sülh və normallaşma” proqramının praktiki icrası hesab oluna bilər.

Hərçənd, Ərdoğanla danışmaq müxalifətin Paşinyanın əleyhinə apardığı “Türkiyə ilə münasibətlərin qurulması naminə “erməni soyqırımı”ndan imtina” təbliğatını gücləndirən amildir. Seçkiyə sayılı günlər qalmış bu təbliğatı əsaslandıran “arqumentin” verilməsi hakim partiyaya sərf etməsə də, Paşinyanı Ərdoğanla təmasa keçməyə məcbur edən amil Rusiyanın Ermənistana qarşı iqtisadi təsir rıçaqlarını aktivləşdirməsidir. Bu kontekstdə erməni baş nazirin Türkiyə liderindən iki mümkün istəyi ola bilər.

- Türkiyə ilə normallaşma prosesinin sürətləndirilməsi, sərhədlərin açılmasının tezləşdirilməsi;
- Ermənistan-Türkiyə ticarət əlaqələrinin genişləndirilməsi;

Rusiyanın təzyiqi Ermənistanı alternativ imkanlar axtarışına məcbur edir. İrəvanın xilası Avropa bazarına çıxış və Qərb investisiyasının axınını təmin etməkdir, hərçənd, Azərbaycanla sülh müqaviləsi imzalanmadan, Türkiyə ilə sərhədləri açmadan buna tam nail olmaq qeyri-mümkündür. Bu reallığı anlayan Ermənistan hakimiyyəti mövcud vəziyyətdə Bakı və Ankaranın timsalında regional alternativin yaradılması istiqamətində çalışır, xüsusilə Rusiyanın idxal qadağası qoyduğu məhsulların satışını müəyyən qədər də olsa kompensasiya etmək baxımından.

Paşinyanın 7 iyundan öncə Ərdoğanla telefon söhbəti və ticarət əlaqələrini müzakirə etməsi də məhz seçkiyə hesablanıb. Çünki Rusiyanın erməni məhsullarına idxal qadağası qoyması Paşinyanı dəstəkləyən iş adamlarını tərəddüdə salıb, onlar eyni vəziyyətin seçkidən sonra da davam edəcəyindən narahatdırlar. Paşinyan iş adamlarının narahatlığını azaltmaq və seçki prosesində mümkün mövqe dəyişikliyini aradan qaldırmaq gedişi edir: Ərdoğanla məhz indi telefon söhbəti Rusiyaya alternativ kimi Türkiyə bazarının açılacağını göstərmək məqsədi daşıyır.

Paşinyanın seçiləcəyi təqdirdə Rusiyanın iqtisadi təzyiqi yumşalsa belə, Moskvanın maraqlarına zəmanətin əldə edilməsi məqsədilə müəyyən müddət davam edəcək. Azərbaycan və Türkiyə Ermənistanın prosesdən daha az zərərlə çıxmasına dəstək verə bilər. Bu, Bakı və Ankaranın regional planlarına uyğundur.

Asif Nərimanlı

Избранный
58
10
publika.az

10Источники