RU

Alimentdən yayınmaq istəyənlərə XƏBƏRDARLIQ

Boşanma proseslərində ən çox mübahisə yaradan məsələlərdən biri aliment ödənişidir. Bəzi hallarda qeyri-rəsmi işləyən və ya gəlirinin bir hissəsini gizlədən şəxslər üçün aliment məbləğinin müəyyənləşdirilməsi suallar doğurur.

Ailement hansı gəlirlərə əsasən təyin edilir və bunları məhkəmədən gizlətmək həqiqətən mümkündürmü?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Babək Həmidovun sözlərinə görə, aliment müəyyən edilərkən valideynin qeyri-rəsmi əlavə qazancları da nəzərə alınır:

“Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, bir uşaq üçün aylıq əmək  haqqının və valideynin başqa gəlirlərinin 1/4 hissəsi, iki uşaq üçün 1/3, 3 və daha artıq uşaq olduqda isə yarısı miqdarında aliment tutulur.
 

Bu gəlirlərə valideynin həm stabil əmək haqqısı, həm də əlavələr, bonuslar mükafatlar və digər ödənişlər daxildir.  Valideynin bir neçə yerdən qazancı varsa, o zaman həmin qazanclar da adekvat məbləğ hesablanmaqla müəyyən edilə bilər.


Bundan əlavə şəxsin maaşı minimum göstərilirsə, bu təkcə alimentdən yayınmaq deyil, həm də vergi qanunvericiliyiinin, aidiyyəti inzibati və cinayət qanunvericiliyinin pozulmasına səbəb ola bilər və valideyn həmin məsələlərlə bağlı da məsuliyyət daşıyır.

Məhkəmə qaydasında alimentin tutulması məsələsi araşdırılarkən, tələb edən valideynin müraciəti ilə şəxsin bank hesabları, aylıq əmək haqqının köçürülməsi ilə bağlı məlumatlar və yaxud biznes fəaliyyəti ilə əlaqədar korperativ hesablar məhkəmə tərəfindən yoxlanıla bilər.

Qeyri-rəsmi işləyənlər və yaxud mövsümi işlərdə çalışan, sabit gəliri olmayan şəxslər üçün isə məhkəmə tərəflərin razılığı ilə və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada hər uşaq üçün minimum yaşayış minimumundan az olmayaraq aliment tuta bilər. Bu məbləğ 2026-ci il üçün 260 manat hesab olunur”.

B.Həmidov qeyd edir ki, digər diqqətəlayiq hallar da nəzərə alınmaqla alimentin qanunvericilikdə göstəriləndən daha az və ya daha artıq məbləğdə tutulması mümkündür.

Xədicə Paşayeva, Bizim.Media

Избранный
14
22
bizim.media

10Источники