Kvant hesablamaları sahəsində fəaliyyət göstərən “Quantinuum” ilkin ictimai təklifinin (IPO) həcmini 1,46 milyard dollara yüksəldib. “Bloomberg” və “Reuters”in məlumatına görə, şirkət həm təklif olunan səhmlərin sayını, həm də qiymət diapazonunu artıraraq ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) yenilənmiş ərizə təqdim edib.
Əvvəlcə “Quantinuum” investorlara hər biri 45–50 dollar qiymətində təxminən 21 milyon səhm təklif etməyi planlaşdırırdı. İndi isə şirkət 26,5 milyon səhm təklif edir, qiymət diapazonu isə hər səhm üçün 53–55 dollar müəyyənləşdirilib.
“Bloomberg”in hesablamalarına görə, yenilənmiş qiymət diapazonunun yuxarı həddi əsasında “Quantinuum”un bazar dəyəri IPO-dan sonra 14,3 milyard dollar təşkil edəcək.
Məsələ ilə tanış olan mənbələrin “Bloomberg”ə bildirdiyinə görə, “Quantinuum”un IPO-suna tələbat təklif həcmini 10 dəfədən çox üstələyib. Şirkət yerləşdirmə qiymətini iyunun 3-ü axşam müəyyən etməyi planlaşdırır. Səhmlərin “Nasdaq” birjasında QNT tickeri ilə ticarətinə isə iyunun 4-də başlanacaq.
“Quantinuum” 2021-ci ildə “Honeywell” və “Cambridge Quantum”un kvant hesablamaları bölmələrinin birləşməsi nəticəsində yaradılıb.
Şirkət kimya, maşın öyrənməsi, kibertəhlükəsizlik, maliyyə və dərman hazırlanması kimi sahələrdə istifadə üçün ənənəvi prosessorların həll edə bilmədiyi mürəkkəb tapşırıqları yerinə yetirə bilən güclü kvant kompüterləri hazırlayır.
“Bloomberg” qeyd edir ki, “Quantinuum”un biznesi hələ kommersiya inkişafının ilkin mərhələsində olsa da, kvant texnologiyalarına marağın artması fonunda şirkətin sifariş portfeli əhəmiyyətli dərəcədə genişlənib.
Şirkət IPO parametrlərini ABŞ prezidenti Donald Tramp administrasiyasının kvant hesablamaları sahəsində fəaliyyət göstərən doqquz şirkətə 2 milyard dollar investisiya yatırmaq planını açıqlamasından qısa müddət sonra yenidən nəzərdən keçirib.
Bu vəsaitdən “Quantinuum”a 100 milyon dollar ayrılacaq, ABŞ hökuməti isə şirkətdə pay əldə edəcək.