RU

Nyu-Cersi ştatındakı şəhərdə komendant saatı tətbiq edilib

Nyuarkda etiraz aksiyalarının şiddətlənməsi səbəbindən hakimiyyət məhdudiyyətlər tətbiq edib, polis təhlükəsizlik tədbirlərini gücləndirib...

Poliqon xəbər verir ki, Nyuark şəhərində, Nyu-Cersi ştatında yerləşən və Nyu-Yorkdan təxminən 20 kilometr məsafədə olan miqrant saxlanma mərkəzinin ətrafında komendant saatı tətbiq olunub. Qərar may ayının sonundan etibarən təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında davam edən qarşıdurmalar fonunda qəbul edilib. Bu barədə Associated Press məlumat yayıb.

Məlumata görə, saxlanma mərkəzi qarşısında kütləvi etiraz aksiyaları mayın 22-dən etibarən davam edir. Etirazların başlamasına səbəb mərkəzdə saxlanılan miqrantların aclıq aksiyasına başlaması olub. Hüquq müdafiəçilərinin iddiasına əsasən, saxlanılan şəxslər ağır və qeyri-insani şəraitdə saxlanılır, onlara vaxtı keçmiş, qurdlu qidalar verilir, tibbi yardımdan məhrum edilir və pis rəftara məruz qalırlar.

Həftəsonu vəziyyət daha da gərginləşib. Məlumata görə, maskalı və radikal mövqeli fəallar qoruyucu baryerləri dağıtmağa başlayıb, avtomobil şinlərini yandırıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atıblar. Bunun nəticəsində polis vəziyyətə nəzarəti saxlamaq üçün atlı patrullardan və taktiki qalxanlardan istifadə edib.

Mayın 29-da isə əvvəllər bir neçə gün ərzində etirazçılarla qarşıdurmada iştirak edən ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin əməkdaşları, ICE obyekt ərazisini tərk edib. Bundan sonra perimetrin mühafizəsi və etiraz zonasına nəzarət tam şəkildə Nyu-Cersi ştat polisinin üzərinə keçib.

Hadisələr ABŞ-də miqrasiya siyasəti və saxlanma mərkəzlərindəki şərait ətrafında müzakirələri yenidən gündəmə gətirib. Yerli hakimiyyət orqanları vəziyyətin nəzarətdə saxlanıldığını bildirsə də, etirazların yaxın günlərdə davam edə biləcəyi istisna olunmur.

Poliqon.info

Избранный
61
poliqon.info

1Источники