RU

Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb

Çinin paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun nümayəndəliyi açılıb.

“İki sahil” xəbər verir ki, Pekinin işgüzar zonasında yerləşən nümayəndəliyi Azərbaycanın turizm potensialını tanıtmaq və son nəticədə Azərbaycana daha çox çinli turist cəlb etməklə məşğul olacaq. Ofisdə Azərbaycanın turizm potensialı, mədəni zənginliyi, mətbəxi, milli geyimləri əyani vəsaitlər, o cümlədən rəqəmsal texnologiyalar əsasında təqdim olunur.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi və onun tabeliyindəki Azərbaycan Turizm Bürosu dünyanın ən böyük turist bazarlarından olan Çindən Azərbaycana daha çox turist cəlb olunması üçün kompleks tədbirlər həyata keçirir. 2019-cu ildə Çinin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Ötən müddətdə Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və Çinin tanınmış onlayn səyahət platformaları olan “Trip.com”, “Qunar”, “Qyer.com”, habelə “China Tourism Group” Holdinqi arasında Azərbaycan turizm məhsullarının təşviqi, yeni turizm məhsullarının inkişaf etdirilməsi, onlayn reklam, sosial media vasitəsilə məzmun marketinqi, onlayn və oflayn tədbirlərin təşkili üzrə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutan memorandumlar imzalanıb. Bundan başqa, Çin turizm sənayesinin Azərbaycan haqqında məlumatlılığını genişləndirmək və ölkənin Çin bazarında iştirakını gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosu mütəmadi olaraq Çinin iri şəhərlərində təqdimatlar keçirir, iki ölkənin turizm şirkətləri arasında B2B (biznesdən-biznesə) formatlı görüşlər təşkil edir. Bakı ilə Pekin (AZAL) və Urumçi şəhərləri (“Çin Cənub Hava Yolları”) arasında birbaşa uçuşlar iki ölkə arasında turizm əlaqələrinin genişlənməsinə təsir edən amillərdəndir. Ən əsası isə 2024-cü ildən Çin vətəndaşları üçün viza rejiminin ləğv edilməsi Çindən daha çox turist cəlb etməyə imkan yaradır. Görülən işlər öz səmərəsini verməkdədir. Son illər ölkəmizə səfər edən turistlərin sayı ildən-ilə artır. Cari ilin yanvar-aprel aylarında Çindən Azərbaycana səfər edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 14 303 nəfər təşkil edib.

Избранный
9
3
ikisahil.az

4Источники