Paris Prokurorluğu Fransada keçirilən yerli seçkilərə xarici müdaxilə iddiaları ilə bağlı istintaqa başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, araşdırma mart ayında keçirilən bələdiyyə seçkiləri zamanı İsrailin “BlackCore” şirkətinin “Boyun Əyməyən Fransa” (LFI) partiyasının namizədlərinə qarşı qaralama kampaniyası aparıb-aparmadığını müəyyən etməyə yönəlib.
Prokurorluq bəzi namizədlərin üçüncü ölkənin maraqları naminə həyata keçirilən informasiya əməliyyatının hədəfi olub-olmadığını araşdırdığını bildirib.
LFI-dən millət vəkili Klemans Qet sosial media paylaşımında “BlackCore”un LFI namizədlərini gözdən salmaq üçün saxta məlumatlar yaydığını iddia edib.
LFI üzvləri Fransua Pikemal, Sebastyan Deloq və David Gironun kampaniyanın əsas hədəfləri arasında olduğu bildirilib.
Digər deputat Sofiya Çikiru isə xarici müdaxilə və saxta xəbərlərlə bağlı iddiaların ciddi araşdırılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Fransua Pikemal Tuluza bələdiyyə seçkilərində ikinci yeri tutub və nəticələrin ləğvi üçün məhkəməyə müraciət edib.