RU

Ən məkrli və aqressiv xərçəng növü: Melanoma risk qrupuna kimlər daxildir?

Melanoma ən aqressiv və ən məkrli xərçəng növlərindən biridir.

 

Bu barədə rusiyalı onkoloq Andrey Kaprin "RİA Novosti" agentliyinə müsahibəsində xəbərdarlıq edib.

 

Həkimin sözlərinə görə, melanoma dəridəki bütün bədxassəli törəmələrin 14%-dən çoxunu təşkil edir. Ümumi onkoloji xəstəliklərin strukturunda isə bu xərçəng növü 13-cü yerdə qərarlaşıb.

 

Onkoloq bildirib ki, açıq dərili, sarışın və ya sarı saçlı, açıq rəngli gözlərə sahib olan insanlar, eləcə də bədənində çox sayda xalı olanlar və ailəsində melanoma keçmişi olan şəxslər yüksək risk qrupuna daxildirlər. Bununla yanaşı, immunosupressiv (immuniteti zəiflədən) terapiya alan şəxslər də risk zonasındadırlar.

 

A.Kaprin uşaq yaşlarında yaranan günəş yanıqlarının gələcəkdə melanoma riskini ciddi şəkildə artırdığını qeyd edib və valideynləri uşaqları günəş şüalarından diqqətlə qorumağa çağırıb.

 

Digər tərəfdən, onkoloq Suna İsakova adi xalı melanomadan fərqləndirməyin yollarından bəhs edib. Onun sözlərinə görə, ən sadə özünümüayinə üsullarından biri beynəlxalq "ABCDE" metodudur. Bu metod xalın beş meyar əsasında qiymətləndirilməsini nəzərdə tutur: asimmetriya, kənarlar, rəng, ölçü və yeni simptomlar (dinamika).

 

S.İsakova bildirib ki, əgər dəridəki törəmə asimmetrikdirsə, qeyri-bərabər və ya qeyri-dəqiq kənarlara malikdirsə, mütləq həkimə müraciət etmək lazımdır. Həmçinin xalın rəngi rəngarəngdirsə (müxtəlif tonlardadırsa), ölçüsü sürətlə böyüyürsə və ya diametri 6 millimetrdən böyükdürsə, bu, ciddi narahatlıq doğurmalı və onkoloq müayinəsi tələb etməlidir.

 

Oxu.az

Tarix: 27 May 2026, 07:48   
Избранный
79
pravda.az

1Источники