RU

ABŞ-Azərbaycan Strateji Tərəfdaşlığı yeni mərhələyə keçir - ŞƏRH

ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycan–ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirilməsi və 2026-cı ilin fevralında Bakıda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına xüsusi istinad edilməsi iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən mühüm diplomatik mesaj kimi qiymətləndirilir. Məktubda regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsinin vurğulanması isə münasibətlərin artıq yalnız enerji əməkdaşlığı ilə məhdudlaşmadığını, daha geniş geosiyasi və iqtisadi gündəliyə keçdiyini nümayiş etdirir.

Son illərdə qlobal geosiyasi balansın dəyişməsi Cənubi Qafqazın strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə enerji təhlükəsizliyi, Orta Dəhliz layihəsi və Avropa-Asiya bağlantıları fonunda Azərbaycan regionda mühüm logistika və enerji mərkəzinə çevrilib. ABŞ administrasiyasının Bakı ilə əlaqələri institusional formatda möhkəmləndirməsi də məhz bu yeni geoiqtisadi reallıqlarla bağlıdır. Vaşinqton üçün Xəzər hövzəsi artıq təkcə enerji mənbəyi deyil, həm də Avrasiyada alternativ ticarət və nəqliyyat marşrutlarının əsas qovşaqlarından biri hesab olunur.

Strateji Tərəfdaşlıq Xartiyası kimi sənədlər beynəlxalq münasibətlər sistemində yalnız siyasi bəyanat funksiyası daşımır. Bu tip razılaşmalar uzunmüddətli iqtisadi əməkdaşlıq, texnologiya transferi, müdafiə koordinasiyası və investisiya axınları üçün hüquqi-siyasi baza rolunu oynayır. ABŞ şirkətlərinin Azərbaycanda enerji, rəqəmsal texnologiyalar, nəqliyyat infrastrukturu və yaşıl enerji layihələrinə marağının artması da bu kontekstdə diqqət çəkir. Xüsusilə COP29 sonrası dövrdə Azərbaycanın yaşıl enerji gündəliyi Qərb investisiya institutlarının diqqətindədir.

Məktubda regional əlaqələrə xüsusi vurğu edilməsi həm də Orta Dəhliz layihəsinin beynəlxalq əhəmiyyətinin artması ilə bağlıdır. Dünya Bankı və Asiya İnkişaf Bankının son hesabatlarında göstərilir ki, Çin–Avropa ticarətində alternativ marşrutlara maraq sürətlə artır və Trans-Xəzər marşrutu bu istiqamətdə ən perspektivli xətlərdən biri hesab olunur. Azərbaycan isə Bakı limanı, dəmir yolu infrastrukturu və regional logistika imkanları ilə bu marşrutun əsas mərkəzi rolunda çıxış edir. ABŞ-ın bu prosesə siyasi dəstək verməsi Azərbaycanın tranzit və logistika imkanlarının qlobal ticarət sistemində daha da güclənməsinə əlavə stimul yarada bilər.

Təhlükəsizlik sahəsində əməkdaşlığın qeyd olunması da ayrıca diqqət çəkir. Müasir beynəlxalq münasibətlər sistemində enerji təhlükəsizliyi, kibertəhlükəsizlik, nəqliyyat marşrutlarının qorunması və regional sabitlik artıq bir-birindən ayrılmaz komponentlər hesab olunur. Azərbaycanın həm Xəzər regionunda, həm də Cənubi Qafqazda sabitləşdirici aktor kimi mövqeyi Qərb institutları tərəfindən uzun müddətdir strateji əhəmiyyət daşıyan faktor kimi qiymətləndirilir.

Избранный
19
aznews.az

1Источники