RU

Badımcanı belə bişirəndə dadına doymaq olmur

Sosial şəbəkələrdə geniş izləyici kütləsi olan Şef Ahmet mətbəxlə arası yaxşı olmayanların belə asanlıqla hazırlaya biləcəyi xüsusi yemək reseptini bölüşüb. Sadə tərəvəzlər və toyuq ətinin birləşməsindən yaranan bu təam xüsusilə sousları sevənlərin sevimlisinə çevriləcək.

Yeməyin hazırlanmasına tərəvəzləri sobaya hazırlamaqla başlanılır. Təmizlənmiş badımcanlar və üzəri çəngəllə cızılmış qabaqlar kub formasında deyil, uzunsov dilimlərlə doğranılır.  Tərəvəzlər sobada kiçildiyi üçün ölçüləri düzgün tənzimlənməlidir. Doğranmış tərəvəzlər duzlanıb yağlandıqdan sonra 190 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirilir.

Yeməyin dad balansını təmin etmək üçün yerkökü, soğan və sarımsaqdan istifadə olunur. Yerkökünün buraxdığı təbii şirinlik xörəyə fərqli dad qatır. Ət seçimi olaraq isə sümüksüz toyuq budlarına üstünlük verilir. Tikələrə bölünmüş toyuq əti xörəyin daha şirəli olmasına kömək edir.

Qazana zeytun yağı əlavə edildikdə sonra soğan, yerkökü və sarımsaq orta odda, qapağı qapalı şəkildə 13 dəqiqə qovrulur. Ardınca toyuq əti əlavə olunaraq suyunu çəkənə qədər bişirilir. Daha sonra bibər, tomat pastası və doğranmış pomidor qazana tökülür. Tomatın çiy qoxusunun itməsi üçün qarışıq bir neçə dəqiqə də qovrulur.

Sousun hazırlanmasında ən vacib məqamlardan biri suya aiddir. Qazana tökülən ilk stəkan mütləq soyuq su olmalıdır. Bu, tomatın rəngini və dadını daha yaxşıizə verməsinə kömək edir. Yeməyin sousunun bol olması üçün ümumilikdə 3 stəkan su əlavə edilir. Bu mərhələdə qazana dəfnə yarpağı da atılır. Acı dad verməməsi üçün dəfnə yarpağı qaynamağa başladıqdan 5 dəqiqə sonra yeməkdən çıxarılır.

Hazırlanan sous sobadan çıxan qızarmış tərəvəzlərin üzərinə tökülür. Qara istiot və pul bibər səpildikdən sonra yeməyin üzərinə incə doğranmış sarımsaq əlavə edilir. Dadların bir-birinə qarışması və üzərinin yüngül qızarması üçün xörək 200 dərəcə sobada 15 dəqiqə də saxlanılır. Sobadan çıxarılan yemək 5 dəqiqə dincəldikdən sonra süfrəyə verilir.

Aytən
Demokrat.az
Избранный
14
demokrat.az

1Источники