RU

"Mənə cadu edirsən" deyib keçmiş arvadını bu hala saldı

Abşeron rayonunda 61 yaşlı kişi keçmiş həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 29-da baş verib. 1965-ci il təvəllüdlü Mehdi həmin gün saat 22 radələrində keçmiş arvadı Fərizə ilə hələ də birlikdə yaşadığı evdə mübahisə edib.

Onların arasında mübahisənin baş verməsinə səbəb isə Mehdinin Fərizəni falçılar vasitəsilə ona qarşı “əməl” etməkdə əsassız olaraq günahlandırması olub. Bu zəmində yaranan mübahisə zamanı Mehdi keçmiş arvadının üzərinə hücum edib, ona xəsarətlər yetirib.

İş üzrə izahat verən Mehdinin sözlərinə görə, 2011-ci ildə Fərizə ilə ailə həyatı qurub, bu nikahdan iki övladı var:

“2016-cı ilin yay aylarında Fərizənin mənim məlumatım olmadan etdiyi müraciət əsasında Xətai Rayon Məhkəməsinin qərarı ilə rəsmi qaydada boşandıq. 2023-cü ildə Abşeron Rayon İcra və Probasiya
Şöbəsindən bildirildi ki, ev birgə nikah dövründə alındığı üçün məhkəmənin qərarı ilə eyni ünvanda yaşamalıyıq. Ona görə də 2023-cü ildən birlikdə eyni evdə yaşayırıq”.

Təqsirləndirilən şəxs deyib ki, bu ilin yanvarın 29-da saat 22 radələrində evdə olarkən Fərizə falçılıqla məşğul olan şəxslərdən danışarkən ona qarşı əməl etdiyini bildirib:

“Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşərək Fərizənin üzərinə getdim, bir neçə dəfə əlim ilə onun baş nahiyəsinə vurdum. Bu zaman Fərizənin huşunu itirdiyini gördüm və sifət nahiyəsinə su vuraraq ayıltdım”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda qeyd edib ki, artıq həmin hadisədən sonra həmin mənzildə yaşamır, zərərçəkmişlə heç bir əlaqəsi yoxdur, birgə nikahdan olan övladları üçün aliment ödəyir, əməlindən səmimi olaraq peşmandır.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə cəzaçəkmə müddəti ərzində Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən Bakı şəhərinin hüdudlarından kənara çıxmaq, həmçinin bu müddətdə hər gün axşam saat 21:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etmək qadağası qoyulub.

Bundan əlavə, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə xəstəxanada olması istisna olmaqla, iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə cəzanın icrasına nəzarət edən orqanı əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.

Fariz Məlikli
Demokrat.az
Избранный
16
1
demokrat.az

2Источники