RU

Spiker: “Azərbaycanda şəhərsalma ənənələri dərin tarixi köklərə malikdir”

“WUF13-də dünyanın müxtəlif ölkələrindən rekord sayda – 60 minə yaxın nümayəndənin iştirak etməsi Azərbaycanın etibarlı tərəfdaş və qlobal dialoq məkanı kimi böyük nüfuz qazandığını bir daha nümayiş etdirdi”.

“Cebheinfo.az”-ın xəbərin görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova bildirib.

“Ötən bir neçə gün ərzində Azərbaycan yenidən beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Bakı şəhəri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edib. Bu cür mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasətin növbəti uğuru olub. 

Sessiyada dünyanın müxtəlif ölkələrindən rekord sayda – 60 minə yaxın nümayəndənin iştirak etməsi Azərbaycanın etibarlı tərəfdaş və qlobal dialoq məkanı kimi böyük nüfuz qazandığını bir daha nümayiş etdirib. Dövlət başçısı İlham Əliyev forumun açılışında etdiyi çıxışda Bakıda və ölkəmizin digər bölgələrində müasir şəhərsalma sahəsində həyata keçirilən layihələrdən danışdı. 

Prezident xüsusi qeyd etdi ki, Azərbaycanda şəhərsalma ənənələri dərin tarixi köklərə malikdir. Əsrlər boyu burada zəngin şəhər mədəniyyəti formalaşmış, nadir memarlıq abidələri yaradılıb.

Bu gün Azərbaycan tarixi irsi qorumaqla yanaşı, həm də dayanıqlı inkişafın müasir standartlarını və şəhərsalmanın qabaqcıl yanaşmalarını tətbiq edir. Bu baxımdan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri müstəsna əhəmiyyətə malikdir. Qarabağda və Şərqi Zəngəzurda yalnız yeni yaşayış məntəqələri deyil, həm də müasir yaşayış mühiti yaradılır.

Əlamətdar haldır ki, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq ili” elan olunub. Ümumiyyətlə, Ümumdünya Şəhərsalma Forumunun məhz belə bir dövrdə keçirilməsi onu göstərir ki, şəhərsalma, memarlıq və dayanıqlı inkişaf məsələləri Azərbaycanın təkcə daxili gündəliyində deyil, həm də beynəlxalq fəaliyyətində mühüm yer tutur. 

Mən Forumun işində Milli Məclisin deputatlarının iştirakını xüsusi qeyd etmək istərdim. Onlar panel sessiyalarında həm fəal iştirak etmiş, həm də müzakirələrdə maraqlı çıxışlar etmişlər. Qeyd edim ki, dayanıqlı inkişafın parlament ölçüsü getdikcə daha böyük əhəmiyyət kəsb edir. 

Qanunvericilik orqanları müasir şəhərsalma, ekoloji təhlükəsizlik, ərazilərin səmərəli idarə olunması və vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi üçün hüquqi əsasların yaradılmasında önəmli rol oynayırlar”, - deyə spiker qeyd edib.

S.Qafarova bildirib ki, ötən iki həftəyə yaxın dövrdə Milli Məclis sədrinin başçılığı ilə parlament nümayəndə heyətlərinin iki səfəri baş tutub:

“Mayın 14-də Özbəkistan Respublikasının Buxara şəhərinə  işgüzar səfərdə məqsəd İkinci Asiya Qadınlar Forumunda iştirak etmək idi. Forumda etdiyim çıxışda mən Azərbaycan qadınlarının ölkə həyatında fəal roluna dair tədbir iştirakçılarına məlumat verdim. 

Qeyd etdim ki, ölkəmizdə qadınlar siyasi, iqtisadi, elmi və mədəni həyatda fəal iştirak edirlər, həmçinin dövlət qurumlarında, diplomatiyada, təhsil və dövlət idarəçiliyində də yüksək vəzifələr tuturlar. 

Xüsusi olaraq vurğuladım ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş ictimai və siyasi fəaliyyəti Azərbaycan qadınlarının cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi mühüm töhfəni əks etdirir. 

Onun fəaliyyəti qadınların ictimai həyatda artan rolunu aydın şəkildə nümayiş etdirir və dövlət idarəçiliyinin ən yüksək səviyyəsində qadın liderliyinin güclü nümunəsi kimi çıxış edir.

Onu da qeyd edim ki, hörmətli həmkarlar, Forumun panellərində nümayəndə heyətimizin üzvləri fəal iştirak etmişlər. Səfər çərçivəsində Özbəkistan və Türkmənistan parlamentlərinin sədrləri, habelə Birləşmiş Ərəb Əmirlikləri parlamenti sədrinin müavini ilə ikitərəfli görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Mayın 20-dən 22-dək Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura iclasında və altmışıncı plenar iclasında iştirak etmək idi. 

Mən həm Şura iclasında, həm də plenar iclasda çıxış etdim. Şura iclasında müzakirə edilən məsələlər barəsində Azərbaycan parlamentinin mövqeyini iştirakçılara çatdırdım. 

Plenar iclasda etdiyim çıxışda mən ölkələrimizin qanunvericilik orqanları arasında dialoq və əməkdaşlığın inkişafında Assambleyanın rolu haqqında fikirlərimi bölüşdüm. Bu baxımdan  həm müntəzəm qaydada tədbirlərin, iclasların və seminarların keçirilməsinin, həm də yeni ideya və təşəbbüslərin reallaşdırılmasının əhəmiyyətini də qeyd etdim. 

Onu da nəzərə çatdırım ki, təşkilatın bütün tədbirlərində nümayəndə heyətinin üzvləri fəal iştirak etdilər. Assambleyanın iclası çərçivəsində Milli Məclis sədrinin müavini hörmətli Ziyafət Əsgərova “Parlament  əməkdaşlığının möhkəmləndirilməsinə görə” medalı təqdim olundu.  

Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində Qırğızıstan və Belarus parlamentlərinin sədrləri ilə ikitərəfli görüşlərim oldu. Görüşlərdə dövlətlərimiz arasında yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyi vurğulandı. Parlamentlər arasında ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçirildi. 

Hörmətli deputatlar, hesab edirəm ki, Özbəkistana və Rusiyaya işgüzar səfərlər uğurlu oldu. Və bununla əlaqədar mən hər iki nümayəndə heyətinin üzvlərinə öz dərin təşəkkürümü bildirirəm”. 

Избранный
36
cebheinfo.az

1Источники