RU

"Bütün Avropanı vurmaq gücündədir" - "Oreşnik"in bilinməyən tərəfləri

Rusiya "Oreşnik" raketini 3 000 ilə 5 500 kilometr arasındakı məsafədə yerləşən hədəfləri vurmaq qabiliyyətinə malik orta mənzilli ballistik raket kimi təsnif edir.

Musavat.com "Euronews"a istinadən xəbər verir ki, Rusiyanın "Oreşnik" raketi nüvə başlığı daşımaq gücündə olan orta mənzilli ballistik raketdir və Moskvadan verilən bəyanatlara görə, raket hava hücumundan müdafiə sistemlərindən yayına, həmçinin hipersəs sürəti ilə bütün Avropadakı hədəfləri vura bilir.

Nəşrin yazdığına görə, Moskvanın Ukraynaya qarşı gecə zərbələri zamanı nüvə başlığı daşıya bilən bu silahdan istifadə etdiyini təsdiqləməsindən sonra "Oreşnik" raketi yenidən diqqət mərkəzinə düşüb.

Bu addımın Fransa prezidenti Emmanuel Makron və ABŞ rəsmiləri tərəfindən kəskin tənqidə səbəb olub.

Məqalədə qeyd olunur ki, "Oreşnik" raketi Moskvanın iddiasına görə, bütün Avropadakı hədəfləri vurmağa və müasir hava hücumundan müdafiə sistemlərindən yayınmağa qadir olan orta mənzilli ballistik raketdir. Bu silahın ilk dəfə 2024-cü ildə Ukraynanın Dnepr şəhərinə endirilən zərbə zamanı istifadə edildiyi məlum olub. O vaxtdan bəri bu silah Kremlin ən yaxından izlənilən hərbi sistemlərindən birinə çevrilib.

"Oreşnik" haqqında nə məlumdur?

Rusiya prezidenti Vladimir Putin "Oreşnik"i bir neçə döyüş başlığı daşıya bilən və hipersəs sürəti ilə hərəkət edən "ən müasir" silah kimi xarakterizə edib.

Rusiya hərbi rəsmiləri bəyan edirlər ki, bu raket Avropanın böyük bir hissəsindəki hədəfləri məhv etmək iqtidarındadır.

Nəşr həmçinin Belarus prezidenti Aleksandr Lukaşenkonun bu raketin Rusiyanın müttəfiqi olan Belarusda da yerləşdirildiyi barədə bəyanatına diqqət çəkib.

Rusiya rəsmilərinin bəyanatlarına istinad edən nəşr bildirir ki, bu raket nüvə başlığı daşımaq gücünə malikdir. Bununla belə, Ukraynaya edilən ilk məlum zərbə zamanı nüvə materialı olmayan və ya təlim-məşq məqsədli döyüş başlıqlarından istifadə olunduğu güman edilir. Hərbi analitiklər hesab edirlər ki, "Oreşnik" raketi zamanla nüvə başlıqları ilə təchiz oluna bilər.

Kreml rəhbəri Vladimir Putin iddia edir ki, raket zərbə zamanı hədsiz dərəcədə yüksək temperatur yaradır və dərində yerləşən, güclü qorunan hədəfləri məhv etmək qabiliyyətinə malikdir. Lakin Ukrayna rəsmilərinin bildirdiyinə görə, Dneprə edilən ilk zərbə nisbətən məhdud görünən zərərlərə səbəb olub.

Kremlin məlumatına görə, "Oreşnik" təxminən 10 Max sürətlə hərəkət edir ki, bu da səs sürətindən təxminən 10 dəfə çoxdur. Rusiya rəsmiləri bunun müasir hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsini praktiki olaraq qeyri-mümkün etdiyini iddia edirlər.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin "Raket Təhdidi" layihəsində isə qeyd olunur ki, ballistik raketlərin və ya onların döyüş başlıqlarının hipersəs sürətlərinə çatması "gözlənilməz və ya nadir bir hadisə deyil". ABŞ Müdafiə Nazirliyi (Pentaqon) "Oreşnik"i Rusiyanın avtomobil şassisi üzərində qurulmuş "Rubej" (RS-26) qitələrarası ballistik raketi bazasında yaradılmış eksperimental sistem kimi qiymətləndirib. Lakin nəşr qeyd edir ki, Putin bunun sadəcə sovet layihəsinin modernləşdirilməsi deyil, 2023-cü ildə verilən sifariş əsasında yaradılmış tamamilə müasir və xüsusi bir silah olduğunu vurğulayır.

Bundan əvvəl UNİAN agentliyi mütəxəssislərin Belaya Tserkov şəhərində Rusiyanın "Oreşnik" orta mənzilli ballistik raketinin döyüş başlıqlarının düşdüyü yeri araşdırmağa davam etdiyini xəbər verib.

Təhlillərin ilk nəticələri zərbənin xarakterini və dağıntıların miqyasını qiymətləndirməyə imkan verib. Analitiklərin fikrincə, Belaya Tserkovdakı düşmə yeri, habelə Dnepr və Lvovdakı araşdırmaların nəticələri yeni tip döyüş başlığının ortaya çıxdığını təsdiqləmir. Nəşrin mənbələrinin məlumatına görə, başlıqların düşməsindən sonra yaranan çuxurların orta ölçüsü təxminən 3 metr diametrində və 2 metr dərinliyində olub. Bundan əlavə, güclü parçalanma və toqquşma enerjisinin təsiri səbəbindən döyüş elementlərinin özləri zərbədən sonra demək olar ki, qorunub saxlanmayıb.

Aviasiya eksperti Valeri Romanenkonun fikrincə, Rusiya Belaya Tserkovda "Oreşnik" ilə vaxtilə Rusiya bombardmançı təyyarələrini təmir edən aviasiya zavodunu vurmağa çalışıb. Romanenko rusların bu zavodun harada yerləşdiyini, aerodromun yaxınlığında olduğunu və orada hansı avadanlıqların mövcudluğunu dəqiq bildiklərini qeyd edib. O əlavə edib ki, bu sursatın əsas hissəsinin həmin ərazidə sıx şəkildə yerləşən qarajların üzərinə düşməsi Rusiya raketlərinin "dəqiqliyindən" xəbər verir. Ekspertin sözlərinə görə, "Oreşnik"in seriyalı modelinin qiyməti 40 milyon dollardan başlayır. Romanenko dəqiqləşdirib ki, söhbət seriyalı nümunədən gedir, bu hadisədə isə raket seriyalı olmadığı üçün onun qiyməti daha da yüksəkdir.

Musavat.com

Избранный
4
musavat.com

1Источники