RU

Elza Seyidcahana xalqı təhqir etməyə kim imkan verir? - Tural İrfan yazır

Elza Seyidcahanın Azərbaycan tamaşaçısının şərəf-ləyaqətini təhqir etməsi qəbuledilməzdir
O, deyib:
"Azərbaycan tamaşaçısı mənim qeyri-adiliklərimə hazır deyildi. Amma çox sevinirəm ki, onları əhilləşdirdim. Deyirlər, heyvanı əhilləşdirəndən sonra sirkdə “manej”də onunla ünsiyyətdə ola bilərsən. Yəni heyvan səni parçalaya da bilər. Əhilləşdirirsən, səni parçalamır”.
Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elza Seyidcahan sonra oxucuları "vəhşi" adlandırıb və oxşar ifadələrlə aşağılayıb.
Mədəniyyət nazirliyi və Yazıçılar birliyi qanuna, nizamnaməyə uyğun olaraq xalqı, tamaşaçıları mütəmadi olaraq təhqir edən bu şəxs haqda tədbir görməlidir. Eyni zamanda aidiyyəti qurumlar bununla bağlı ölçü götürməlidir. Çünki onun təhqirləri ictimai şəkildə yayılıb və təhqirin hədəfi də xalqdır. Bu cür şəxslər həmişə efirlərdən: "mənə xalq baxır", "məni 10 milyonluq xalq sevir" deyərək bütün xalqı öz tamaşaçısı və pərəstişkarı hesab edirlər. Bu çıxışda da Azərbaycan tamaşaçılarını əhliləşməyə möhtac heyvan aldandıraraq ictimai yerdə şərəf və ləyaqətini təhqir etməsi bütün yönlərdən qəbuledilməzdir, şübhəsiz ki, hüquqi, inzibati, ictimai, mənəvi məsuliyyət doğurur.
Onun ifadələri ictimai və hüquqi baxımdan Azərbaycan xalqına və ya tamaşaçı kütləsinə qarşı təhqirdir. Çünki etik çərçivədən çıxaraq alçaldıcı müqayisə aparıb. Vətəndaşların, insanların, tamaşaçıların təlim keçməyə ehtiyacı olan "heyvanla" eyniləşdirilməsi sosial və mənəvi baxımdan qeyri-etik hesab olunur.
Habelə bu, cəmiyyətin aşağılanmasıdır. Tamaşaçı kütləsinin şüurlu fərdlər deyil, instinktlərlə hərəkət edən və "əhliləşdirilməli" varlıqlar kimi təqdim edilməsi, onların konkret olaraq vəhşi hesab olunması cəmiyyətə hörmətsizlikdir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini alçaldan ifadələr (xüsusilə kütləvi informasiya vasitələrində və ya sosial şəbəkələrdə yayıldıqda) hüquqi məsuliyyət yaradır.
Fərdi və ya ictimai xarakterli mövzularda isə konkret ifadənin hüquqi olaraq təhqir sayılması üçün mətnin konteksti, hansı şəraitdə və hansı niyyətlə (şəxsi qərəz, ironiya və s.) səslənməsi əsas götürülür. İfadə birbaşa ümumiləşdirmə apardığı üçün xalqın və ya cəmiyyətin şərəf və ləyaqətinin alçaldılması kimi dəyərləndirilə bilər.
Elza Seyidcahan adlı şəxsin nalayiq və əsla ədəbi, bədii, etik-estetik, əxlaqi, tərbiyəvi dəyəri olmayan sözlərindən ibarət yığınını Azərbaycan ədəbiyyatının müasir nümunələri kimi təqdim edib onu qəbul etməyən yaxud tənqid edənləri icbari şəkildə özünə pərəstişə məcbur etməsi də bir başqa məsuliyyət doğurur.
Bir qonaqlıqda masanın üstünə mal peyini qoyub qonaqlara zorla yedirməyə cəhd, ikrah edib burnunu tutanları da "əhilləşməmiş heyvan, vəhşi" adlandırıb təhqir etmək Azərbaycan Mədəniyyətinə qarşı təhqirdir. Belə bir şəxsin cəmiyyətə, əhaliyə qarşı "tikim sizin ağzınızı" kimi ifadələrlə mütəmadi şəkildə dolayı və birbaşa formada həqarətlərinə, bu cür həddi, sərhəddi aşmış təxribatlarına son verilməlidir.
Tural İrfan, politoloq
Избранный
20
news365.az

1Источники