RU

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Türk Dünyası Mediatorlar Birliyi adından 28 May - Müstəqillik Günü və müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu bayramlar Azərbaycan xalqının müstəqillik iradəsini, həmrəyliyini və milli-mənəvi dəyərlərə sadiqliyini bir daha aydın şəkildə nümayiş etdirir.

Siz hər zaman dünyada sülhün, əməkdaşlığın və inkişafın tərəfdarı olmusunuz, bəşəriyyətin rifahına töhfələr vermisiniz. Sizin rəhbərliyinizlə Azərbaycan yalnız Türk dünyasının deyil, həm də beynəlxalq ictimaiyyətin inkişafına yönələn nümunəvi təşəbbüslərin mərkəzinə çevrilmişdir.

Türk dünyasının bir ailə kimi birləşməsində Sizin rolunuz danılmazdır. Azərbaycan bu gün Sizin rəhbərliyinizlə Türk dünyasının “şah damarı” və körpüsü kimi qəbul olunur.

Türk dövlətlərinə səfərlərimiz zamanı Sizə göstərilən sevgi və hörmət bizə böyük qürur verir. Hər kəs Sizi Türk dünyasının zəfər lideri və qüruru kimi qəbul edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla, eyni zamanda digər türk dövlətlərinin başçıları ilə səmimi dostluğunuz və əməkdaşlığınız təkcə Türk dünyasında deyil, beynəlxalq miqyasda da nümunəvi qardaşlıq və dostluq modeli kimi dəyərləndirilir.

Azərbaycan Respublikasının Mediasiya Şurasının da qurucu üzvlərindən olduğu Türk Dünyası Mediatorlar Birliyi ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xüsusi önəm verir. Sizin Türk dövlətləri ilə bağlı siyasətiniz bizim üçün strateji xəttin əsasını təşkil edir və biz gördüyümüz işlərdə bu siyasətə layiq olmağa çalışırıq.

Eyni zamanda qürur hissi ilə qeyd edirəm ki, türkdilli dövlətlərin də qoşulduğu BMT-nin “Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında” Konvensiyasının Sizin 2026-cı il 23 fevral tarixli Sərəncamınızla Azərbaycan Respublikası adından imzalanması dünya mediasiya institutunun inkişafına göstərdiyiniz diqqətin bariz nümunəsidir. Türk dünyasının mediatorlar ailəsi bir-biri ilə daha səmərəli əməkdaşlıq edərək bizə göstərdiyiniz etimadı doğruldacaqlar.

Azərbaycan artıq qlobal miqyasda əsas söz sahiblərindən birinə çevrilmişdir. Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilən 13-cü Sessiyası Sizin rəhbərliyinizlə Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, sülh və əməkdaşlıq ideyalarının təşviqinə böyük töhfə vermişdir. Bu tədbir həm də Türk dünyası brendini dünyada tanıtmaq üçün möhtəşəm bir vəsilə olmuşdur.

Sizin Ali Baş Komandanlığınızla işğaldan azad olunmuş Qarabağda aparılan abadlıq və quruculuq işləri bütün dünyaya Azərbaycanın inkişaf modelini nümayiş etdirir. Bu modelin mərkəzində Azərbaycan vətəndaşının rifahı və hüquqlarının qorunması dayanır.

Cənab Prezident, Sizinlə qürur duyuruq. Səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, Zati-alinizin rəhbərliyi ilə Azərbaycan xalqına davamlı firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

 Yakup Erikel

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri

Избранный
22
azerbaijan-news.az

1Источники