Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Fransanın paytaxtı Paris şəhərində Avropa Şurası və Avropa İttifaqı tərəfindən həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” birgə proqramının üçüncü mərhələsi (PGG III) çərçivəsində “Şərq Tərəfdaşlığı regionunda iqtisadi cinayətlərin qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi” layihəsi üzrə regional seminar təşkil olunub.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasından XQ-yə verilən məlumata görə, seminarda Azərbaycan, Ermənistan, Moldova və Ukraynadan aidiyyəti dövlət qurumlarının, maliyyə monitorinqi orqanlarının, nəzarət qurumlarının və özünütənzimləyici təşkilatların nümayəndələri iştirak ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibində VK-nın Rəyasət Heyəti Aparatının rəhbəri Orxan Babayev, Auditorlar Palatasının nümayəndələri Qoşqar Əhmədov və Səftər Vəlizadə, Xarici İşlər Nazirliyinin nümayəndəsi Ruqiyyə Məlikova, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Orxan Abdinov və Rauf Əsgərov, Maliyyə Monitorinqi Xidmətinin nümayəndəsi Nilufər Abdullayeva iştirak ediblər.
Regional seminarın əsas məqsədi qeyri-maliyyə təsisatları və peşə sahibləri üzrə nəzarət sistemlərində mövcud boşluqların sübuta əsaslanan şəkildə təhlili, FATF standartları üzrə praktiki biliklərin artırılması və 6-cı raund qiymətləndirməsinə hazırlıq prosesinə dəstək göstərilməsi olub.
Seminarlar çərçivəsində Azərbaycan nümayəndələri tərəfindən ölkəmizdə qeyri-maliyyə peşələri və biznes subyektləri sektorunda ƏL/TMM nəzarəti, riskəsaslı nəzarət mexanizmləri və həyata keçirilən institusional islahatlara dair təqdimatla çıxış edilib.
Eyni zamanda, iştirakçılar tərəfindən Şərq Tərəfdaşlığı ölkələri üzrə prioritet sektorlar üçün risk əsaslı nəzarət alətləri və tipologiyalar müzakirə edilib, qabaqcıl beynəlxalq təcrübə, nəzarət mexanizmləri və qurumlararası əməkdaşlıq istiqamətində fikir mübadiləsi aparılıb.
Seminar iqtisadi cinayətlərlə mübarizə, pulların leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində regional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma olub.