Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 25 may, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva Pakistanın Feysəlabad Kənd Təsərrüfatı Universitetinin təşkil etdiyi beynəlxalq simpoziumda ölkəmizi təmsil edib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Nailə Əliyeva “Ənənədən innovasiyaya – kənd təsərrüfatı irsini gələcək naminə qorumaq” adlı simpoziumda “Azərbaycan muzeylərində kənd təsərrüfatı mədəniyyətinin təqdimi” mövzusunda məruzə ilə çıxış edib. Simpoziumda onlayn çıxış edən Nailə Əliyeva Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Respublika Dövlət Kənd Təsərrüfatı Muzeyində sərgilənən eksponatlar vasitəsilə Azərbaycanda kənd təsərrüfatı mədəniyyətinin formalaşması mərhələlərindən bəhs edib. Həmçinin o, kənd təsərrüfatı mövzularının qədim dövrlərdən Azərbaycan təsviri sənətində və dekorativ tətbiqi sənətdə geniş istifadə olunması məsələsinə də toxunub.
Məruzəçi Ədəbiyyat Muzeyində orijinal nüsxələri sərgilənən ilk milli mətbuat orqanı “Əkinçi” qəzeti və onun yaradıcısı Həsən bəy Zərdabinin milli maarifçilik fəaliyyətindən, onun kənd təsərrüfatı ixtisası üzrə ilk təhsil almış milli kadr kimi bu sahənin inkişafına tohfələrindən də bəhs edib. O, daha sonra Ağdamda 1983-cü ildə fəaliyyətə başlamış çörək, çörək məmulatları, əkinçilik alətləri və onların tarixini əks etdirən, 1992-ci ildə Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı külə dönmüş muzey haqqında və 30 il davam edən hərbi münaqişə dövründə Azərbaycanın digər mədəniyyət müəssisələrinə vurulmuş zərər haqqında məlumat verib.
Pakistanın qədim kənd təsərrüfatı və onun ənənələrinin öyrənilməsinə, bu sahədə mövcud problemlərin təhlili və beynəlxalq təcrübəyə həsr edilmiş simpoziumda Pakistan İslam Respublikası, ABŞ, Avstraliya, Şri-Lanka alimləri muzey quruculuğu, kənd həyatı ənənələri, kənd təsərrüfatı irsinin müasir dövrdə qorunması və gələcək nəsillərə ötürülməsi məsələlərini müzakirə ediblər.
Konfransda Pakistan və digər ölkələr arasında akademik və mədəni əməkdaşlığın əhəmiyyətli olduğu vurğulanıb.


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.