RU

Qurban payını qohumlara vermək olarmı? -İlahiyyatçı DANIŞDI

Bildiyimiz kimi, Qurban Bayramına sayılı günlər qalıb. Bir çox insan bu bayram münasibətilə qurban kəsir. Lakin bəziləri kəsilən qurbanı ehtiyacı olanlarla paylaşmır, paylayanlar isə bəzən maddi sıxıntısı olmayan insanlara, qohuma, maddi vəziyyəti yaxşı olan insanlara pay verirlər.

Bəs bu nə dərəcədə doğrudur? Belə halda kəsilən qurbanın savabı və qəbul olunması necə qiymətləndirilir?

Redaktor.az-a danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, qurbanlığın ümumiyyətlə sosial mahiyyəti kasıblara yardım etməkdir:

"Yəni, bəndə bununla Rəbbinə yaxınlaşmağı qəsd edir. Şübhəsiz ki, maddi imkanı normal olan şəxslər qurban kəsməlidir və maddi, sosial durumu ağır olan təbəqəyə yardım etməlidir. Lakin varlı adamların qurban kəsib yalnız özləri kimi imkanlılara dağıtması Qurban bayramının hədəflərinə uyğun deyil".

Müsahibimiz qeyd etdi ki, qurban əti əsasən üç hissəyə bölünür:

"İlk hissəsi özü və ailəsi üçün, ikinci hissəsi qonşu və qohumlar, üçüncü əsas hissəsi ilə kasıblar, sosial durumu ağır olan təbəqə üçündür. Lakin öz ehtiyacı olmayanlar yaxşı olar ki, çox hissəsini ehtiyaclı insanlara paylasınlar. Özü kəsib özü yemək, yaxud ancaq imkanlılara qurban payı vermək yanlışdır. Maddi gücü yetən, imkanları geniş olan şəxslər daha yaxşı olar ki, çoxsaylı heyvanlar kəsib daha çox ailələrə paylasınlar. Bu, demək olar ki, bütün müsəlman aləmində belədir. Qəbul edən Allahdır. Bəndə təqdim edir, əgər müvafiq olsa Yaradan qəbul edir, olmasa etmir. Ona görə də bu barədə konkret rəy vermək yanlış olardı. Ancaq dinin, İslam hüququnun tələbləri var ki, gərək ona riayət olunsun. Əgər riayət olunmursa, adını qurban qoysalar da o, sadəcə heyvan kəsimi mahiyyəti daşıyır. Ona görə də əsasən imkanlı adamlar kəsdiyi qurbanları qocalar, uşaqlar evlərinə, kasıb və çarəsiz, ildə bir dəfə ət yeməyən ailələrə verməlidir. Əks halda bu ibadətin sosial mahiyyəti pozulmuş olar".

Xədicə BAXIŞLI

Избранный
14
1
redaktor.az

2Источники