RU

Daşkənddə beynəlxalq xeyriyyə festivalda Azərbaycan guşəsi birinci yerə layiq görülüb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 25 may, AZƏRTAC

Daşkənddə “XXII Beynəlxalq mədəni ənənələr və milli yeməklər xeyriyyə festivalı” keçirilib.

Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, beynəlxalq səviyyədə tanınan bu mədəni platforma uzun illər ərzində formalaşmış ənənəvi xüsusiyyətlərini qoruyub saxlamışdır. Layihənin əsas məqsədi xalqlar arasında dialoqu genişləndirmək, müxtəlif ölkələrin tarixi-mənəvi sərvətlərini, kulinariya nümunələrini və etnik adətlərini hərtərəfli şəkildə tanıtmaqdan ibarətdir. Eyni zamanda, festival xeyriyyə yönümlü təşəbbüs kimi həyata keçirilir, tədbir çərçivəsində toplanan vəsait Özbəkistandakı sosial və mərhəmət müəssisələrinə, xüsusi ehtiyacı olan qruplara yönəldilərək festivalın sosial məsuliyyət missiyasını yerinə yetirir.

Festivalın təntənəli açılış mərasimində Özbəkistan xarici işlər nazirinin müavini Olimjon Abdullayev, Diplomatik Xidmət Servisinin baş direktoru Oybek Egamberdiyev və 20-dən artıq diplomatik nümayəndəliyin təmsilçiləri iştirak ediblər. Mədəni proqram çərçivəsində hər bir ölkənin milli mətbəxi, geyim ənənələri, musiqi və rəqs nümunələri geniş şəkildə nümayiş olunub.

Bu ildə ənənəvi olaraq ölkəmizi festivalda Özbəkistandakı səfirliyimizin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Mərkəzin təşkilatçılığı ilə yaradılan Azərbaycan guşəsində ziyarətçilərə ölkəmizin ənənəvi kulinariya nümunələri təqdim olunub, bunlar arasında Şah plov, dolma, qutab, dovğa, eləcə də milli şirniyyatlar paxlava və şəkərbura xüsusilə diqqətə çatdırılıb.

Mərkəzin “Qarabağ zəfəri” rəqs ansamblı öz rəqs nömrələrini təqdim edib, “Xarıbülbül” teatr truppası isə musiqi nümunələri ilə çıxış ediblər. Həmçinin Qərbi Azərbaycanın qədim memarlıq nümunələrini əks etdirən sərgi təqdim olunub, ekspozisiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində İrəvanın tarixən Azərbaycanın qədim şəhərlərdən biri olduğu barədə məlumatlar da ziyarətçilərin diqqətinə çatdırılıb.

Azərbaycan guşəsi tədbirin ən çox maraq doğuran bölmələrindən biri olub və münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək birinci yerə layiq görülüb.

Tədbir həmçinin Azərbaycan və Özbəkistan arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirərək, iki xalqın mədəni-humanitar əlaqələrinin gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
azertag.az

1Источники