RU

Yarım milyonluq dövlət xidmətləri bir ünvanda birləşir

Azərbaycanda bir neçə elektron dövlət xidməti platformasının fəaliyyətini dayandıraraq “myGov” sisteminə inteqrasiyası ölkədə rəqəmsal idarəetmənin yeni mərhələsi kimi qiymətləndirilir. “E-su”, “E-təbib” və “E-sosial” kimi xidmətlərin vahid platformada birləşdirilməsi hökumətin uzun müddətdir müzakirə etdiyi mərkəzləşdirilmiş elektron hökumət modelinin praktiki tətbiqinə çevrilib.

Hokumət bu addımın vətəndaşlar üçün daha rahat, sürətli və vahid xidmət mühiti yaradacağını bildirir. Lakin texnologiya mütəxəssisləri və istifadəçilər arasında “bütün sistem bir platformada toplanarsa, çökmə riski artarmı?” sualı da geniş müzakirə olunur.

Vahid platforma modeli nədir?

“MyGov” modeli əslində bütün dövlət xidmətlərinin bir tətbiqdə birləşdirilməsi deyil, müxtəlif dövlət qurumlarının xidmətlərinə vahid giriş nöqtəsinin yaradılması anlamına gəlir. Bu yanaşma dünyada “single sign-on government” və ya “one-stop government portal” modeli kimi tanınır.

İKT üzrə ekspert Vahid Qasımov bildirir ki, dövlət xidmətləri onsuz da bir-birindən asılı işləyir.

“Elektron hökumət xidmətlərinin heç biri tam müstəqil deyil. Şəxsiyyətin yoxlanılması, elektron imza, reyestr məlumatları və digər sistemlər onsuz da bir-biri ilə məlumat mübadiləsi aparır”, - o bildirib. 

Onun sözlərinə görə, mərkəzləşmə təhlükəsizlik və idarəetmə baxımından daha effektivdir. Çünki vahid mərkəzdə məlumatların qorunması müxtəlif platformalarda səpələnmiş məlumatların qorunmasından daha asan hesab olunur.

“Çökmə” qorxusu nə dərəcədə realdır?

Azərbaycanda vətəndaşların əsas narahatlıqlarından biri milyonlarla istifadəçinin eyni vaxtda sistemə daxil olması zamanı platformanın yüklənməsi və xidmətlərin dayanması ehtimalıdır.

İKT eksperti Vasif Qəhrəmanov hesab edir ki, mərkəzləşmə düzgün qərardır, lakin texniki risklər tam istisna edilmir.

“Məlumat bazaları vahid yerdə yerləşdiyi üçün bəzi hallarda çökmələr ola bilər. Bu, əsasən resurs çatışmazlığı ilə bağlıdır. Yetərli server və texniki infrastruktur qurularsa, problem yaşanmaz”, - ekspert əlavə edib.

Ekspertlərin fikrincə, əsas məsələ platformanın hansı arxitektura ilə qurulmasıdır. Müasir dövlət sistemlərində “cloud infrastructure”, ehtiyat serverlər, yük paylaşdırma (load balancing) və fövqəladə bərpa mexanizmləri istifadə olunur.

İKT eksperti Asim Namazov bildirir ki, “myGov” sistemində bütün məlumatlar bir mərkəzdə saxlanılmır.

“Platforma məlumat anbarı deyil, xidmətlərə çıxış qapısıdır. Hər qurumun alt sistemi ayrıca işləyir. Bir xidmətin yenilənməsi ümumi sistemin fəaliyyətini dayandırmır”,- o bildirib. 

Onun sözlərinə görə, sistem beynəlxalq ISO və Tier standartlarına uyğun qurulub və “Business Continuity Plan” (BCP) və “Disaster Recovery” (DR) mexanizmlərinə malikdir.

Dünya bu modeli necə tətbiq edir?

Estoniya: rəqəmsal dövlət nümunəsi

Dünyada ən uğurlu elektron hökumət nümunələrindən biri Estoniya hesab olunur. Ölkədə demək olar ki, bütün dövlət xidmətləri vahid rəqəmsal identifikasiya sistemi üzərindən təqdim edilir.

Estoniya modeli “X-Road” adlı məlumat mübadilə platformasına əsaslanır. Sistem mərkəzləşdirilmiş giriş təqdim etsə də, məlumat bazaları ayrı-ayrı qurumlarda saxlanılır. Bu isə həm təhlükəsizlik, həm də dayanıqlılıq baxımından üstünlük sayılır.

2017-ci ildə Estoniya kiberhücum riski səbəbindən “data embassy” konsepsiyasını tətbiq edib və dövlət məlumatlarının ehtiyat nüsxələrini xaricdə yerləşdirməyə başlayıb.

Sinqapur: “LifeSG” modeli

Sinqapur da dövlət xidmətlərini “LifeSG” adlı vahid platformada birləşdirib. Vətəndaşlar doğum qeydiyyatı, səhiyyə, vergi və sosial xidmətlərə eyni tətbiq vasitəsilə çıxış əldə edir.

Sinqapur hökuməti sistemin yüklənməsinin qarşısını almaq üçün süni intellekt əsaslı trafik idarəetmə və dinamik bulud genişlənməsi texnologiyalarından istifadə edir.

Böyük Britaniya: GOV.UK

Böyük Britaniya hökumətinin GOV.UK portalı da müxtəlif dövlət xidmətlərini vahid interfeysdə birləşdirən ən böyük platformalardan biridir.

2014-cü ildə portal istifadəyə veriləndən sonra hökumət illik milyonlarla funt sterlinq qənaət əldə etdiyini açıqlamışdı. Bunun əsas səbəbi ayrı-ayrı dövlət saytlarının və texniki infrastrukturun birləşdirilməsi idi.

Maliyyə yükü necə azalır?

İT üzrə ekspert Elvin Abbasov bildirir ki, ayrı-ayrı dövlət tətbiqlərinin saxlanılması böyük maliyyə tələb edir.

Onun sözlərinə görə, hər bir platforma ayrıca server infrastrukturu, kibertəhlükəsizlik sistemi, texniki heyət və yenilənmə xərcləri tələb edir.

“MyGov platformasında mərkəzləşmə ‘economies of scale’ prinsipi ilə böyük qənaət yaradır. Vahid bulud infrastrukturu və təhlükəsizlik sistemi dövlət xərclərini əhəmiyyətli dərəcədə azaldır”,- ekspert əlavə edib. 

Beynəlxalq araşdırmalara görə, elektron hökumət xidmətlərinin mərkəzləşdirilməsi dövlətlərin İT xərclərini 20-40% arasında azalda bilir.

Risklər qalırmı?

Mütəxəssislər bildirirlər ki, ən inkişaf etmiş sistemlərdə belə texniki problemlər tam istisna edilmir.

2021-ci ildə Fransa və Kanadanın bəzi dövlət xidmətləri yüksək trafik səbəbindən müvəqqəti dayanmışdı. 2023-cü ildə isə Böyük Britaniyada vergi portalında saatlarla davam edən texniki problem yaşanmışdı.

Ekspertlərə görə, əsas məsələ platformanın dayanıqlılıq səviyyəsi, ehtiyat infrastrukturu və kiberhücumlara qarşı müdafiə imkanlarıdır.

Azərbaycan hansı mərhələdədir?

Prezident İlham Əliyev fevralın 11-də “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə bildirib ki, bütün dövlət xidmətləri “myGov” üzərindən təqdim edilməlidir.

“Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir”, - Əliyev bildirib. 

IT mütəxəssisləri bildirirlər ki, bir qurumun  elektron dövlət xidməti platformasının ərsəyə gəlməsi təxminən 500 minə başa gəlir. 

Hazırda Azərbaycanda rəqəmsal dövlət xidmətlərinin mərkəzləşdirilməsi prosesi davam edir və hökumət bunu ölkənin rəqəmsal transformasiya strategiyasının əsas istiqamətlərindən biri kimi təqdim edir.

Lakin ekspertlərin fikrincə, sistemin uğuru yalnız tətbiqlərin bir platformada toplanmasından deyil, arxada qurulan texniki infrastrukturun dayanıqlılığından asılı olacaq.

Aytac Zeyanlova 

 

Избранный
3
anews.az

1Источники