Nazirlər Kabinetinin yeni qərarına əsasən, bundan sonra bəzi çoxmənzilli yaşayış binalarında fərdi istilik sistemlərinin – yəni kombilərin quraşdırılması məhdudlaşdırıla bilər.
Qərara görə, fərdi istilik sistemlərinə əsasən yalnız 5 mərtəbəyədək olan azmərtəbəli binalarda, qaz təchizatı nəzərdə tutulmayan ərazilərdə və ya bərpa olunan enerji mənbələri ilə işləyən layihələrdə icazə veriləcək.
Ekspertlər bildirirlər ki, bu dəyişiklik mövcud binalara aid deyil və yalnız yeni layihələndiriləcək tikililərə şamil olunacaq. Yəni hazırda kombi istifadə edən sakinlər üçün hər hansı dəyişiklik nəzərdə tutulmur.
Mütəxəssislərin fikrincə, yeni qaydalar gələcəkdə mərkəzləşdirilmiş istilik sistemlərinin daha geniş tətbiqinə səbəb olacaq. Bu isə həm əlavə təhlükəsizlik, həm də vahid idarəetmə baxımından üstünlük hesab edilir.
Bununla yanaşı, ekspertlər xəbərdarlıq edirlər ki, yeni sistemlər tikinti və xidmət xərclərini artıra bilər. Çünki mərkəzləşdirilmiş istilik sistemi əlavə infrastruktur, texniki xidmət və idarəetmə tələb edir. Nəticədə yeni tikililərdə həm mənzil qiymətlərinin, həm də aylıq yaşayış xərclərinin artması mümkündür.
İnşaat mütəxəssisləri hesab edirlər ki, qərarın əsas məqsədi təhlükəsizlik, enerji səmərəliliyi və ekoloji standartların gücləndirilməsidir. Gələcəkdə enerji effektivliyi yüksək olan binaların bazarda daha üstün mövqeyə sahib olacağı gözlənilir.