RU

Bəsti Cəfərova: Həsənağa Turabov mənə qadağa qoydurmuşdu, bizi düşmən eləmişdilər - MÜSAHİBƏ

BAKI, 25 may. TELEQRAF

Xalq artisti Bəsti Cəfərova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bəsti xanım, iyunun 13-də 67 yaşınız tamam olur. Qarşıdan gələn doğum gününüz münasibətilə sizi təbrik edirik. Uzun illərin sənət yoluna nəzər salanda, bu yaş dövrünü necə dəyərləndirirsiniz?

- On doqquz yaşımdan Akademik Milli Dram Teatrında fəaliyyət göstərirəm, 48 ildir sənətdəyəm. Yaradıcılığımdan da, bu illər ərzində keçdiyim sənət yolundan da çox razıyam. Yaşımı heç vaxt gizlətməmişəm. On doqquz yaşımdan başladığım bu yolda artıq 67 yaşımı qeyd edəcəm, geriyə baxanda çox gözəl işlər gördüyümə bir daha şahid oluram.

Bir-birindən dəyərli rejissorlarla çalışmışam, sanballı tamaşalarda rol almışam, həmişə güclü tərəf-müqabillərim olub. Bütün bunlar mənim üçün böyük xoşbəxtlikdir.

Həyatda olmayan rejissor və teatr direktorlarımıza Allahdan rəhmət diləyirəm, sağ olanlara isə can sağlığı arzu edirəm. Bəzən deyirlər ki, bu sənətdə uğurlu və istedadlı insanları sevmirlər. Eyni zamanda həmin insanlara hörmət də göstərilir, dəyər də verilir. Mən isə ümumilikdə həm teatr həyatımdan, həm də sənətdə qazandıqlarımdan razıyam.

- Ötən illər sizdə nostalji hisslər oyadırmı?

- On doqquz yaşımdan bəri mərhələli rollar oynamışam, həyatımın müxtəlif dövrlərində uğurlu işlərim olub. Daim yaradıcılıq prosesinin içində olduğum üçün keçmişə nostalji hisslərə qapılmıram. Mən keçmişlə yaşayan insan deyiləm. Üstəlik, çox güclü yaddaşım var və yaşadığım bütün illəri yaxşı xatırlayıram.

Tələbəlik illərimi də, məktəb dövrümü də çox sevirəm. Sinif yoldaşlarımla münasibətlərimiz bu gün də səmimidir. Bu il məktəbi bitirməyimizin 50 ili tamam olur. Biz 1976-cı ildə məktəbi başa vurmuşuq və bu gün də bir-birimizə bağlı insanlarıq.

Əlbəttə, keçmişimi sevirəm, amma nostalji hisslərlə yaşamıram. Əgər mənə "keçmişə qayıtmaq istərdinizmi" sualı verilsə, yalnız analı günlərimə dönmək istəyərəm (kövrəlir).

Uşaqlıq illərim də daxil olmaqla həyatım yaxşı keçib. Mən olduğum mühitlə və şəraitlə barışan insanam. Böyük üsyanları olan biri deyiləm. Hər mühitə uyğunlaşmağı bacarıram, amma öz xarakterimi qorumaq şərtilə. Xarakterimdən də razıyam, həyatımla bağlı ciddi narazılığım yoxdur.

- Tamaşaçı sizi daha çox sərt xarakterli insan kimi tanıyır. Bəs bu cəhətlərin arxasında insanların müşahidə edə bilmədiyi hansı həssas və fərqli xüsusiyyətləriniz var?

- Son vaxtlar əvvəlki televiziya çıxışlarıma yenidən baxmaq imkanım olub. Tez-tez mənə deyirlər ki, niyə efirlərdə, ekranlarda az görünürsünüz? Halbuki mən efirdən o qədər də uzaqlaşmamışam, mütəmadi olaraq verilişlərdə iştirak edirəm. Sadəcə, daha hər verilişə getmərəm. İndi yol gənclərindir. Qoy gənclər getsinlər, tanınsınlar. Mənsə kifayət qədər populyaram.

Bu gün mənə lazım olan odur ki, Allah ömür versin, səhnədə də Allahın payıma yazdığı qədər rol oynayım. Bəzən deyirlər ki, aktyor bir qədər şirinlik etməyi bacarmalıdır. Mən özüm də hiss etmişəm ki, o xüsusiyyət məndə yoxdur. Ola bilsin, bu, kiməsə bir qədər itici və ya zabitəli təsir bağışlasın. Hətta bəlkə də mənim duruşum hansısa insanı qorxuda və ya çəkindirə bilər. Əslində həyatda o qədər də sərt insan deyiləm.

Məni yaxından tanıyanlar bilirlər ki, xarakterimin bütün xüsusiyyətlərini özümlə daşıyıram. Sərt olduğum qədər mərhəmətli və mülayiməm, ciddi olduğum qədər də zarafat etməyi xoşlayıram. Ola bilsin, bu duruş mənə genetik olaraq keçib. Çünki anam da çox zəhmli qadın idi. Dediyinə görə, 1937-39-cu repressiya illərində anamın nəsli təqiblərə məruz qalıb. Babam da görünüşcə çox zəhmli insanmış.

- Tamaşaçılar sizi ilk dəfə “Günaydın, mələyim” filmi ilə tanıdı və həmin obraz yadda qalan işlərinizdən oldu. Maraqlıdır, uğurlu başlanğıca baxmayaraq, kino sahəsində bunun davamı niyə gəlmədi?

- İlk və sonuncu filmim idi. Kino haqqında heç danışmaq istəmirəm. Deyə bilərsiniz ki, yaralı yeridir... Xeyr, yaralı yerim deyil. Sadəcə, o barədə danışmağı xoşlamıram.

- Sizcə, yaş insanın həyatında ən çox nəyi dəyişir, düşüncələrini, hisslərini, yoxsa həyata baxışını?

- İnsanın xarakteri heç vaxt dəyişmir, yeddisində nədirsə, yetmiş yeddisində də odur. Sadəcə, zaman keçdikcə bir qədər kamilləşir. Yaş artdıqca insan pisi yaxşıdan daha aydın seçə bilir.

Mənə elə gənc yaşlarımdan Allah müdriklik bəxş eləmişdi. Sanki insana baxanda onun səmimi olub-olmadığını, mənə qarşı münasibətini, müsbət və ya mənfi enerjisini dərhal hiss edirdim. O vaxt hələ müdrik deyildim, gənc idim. Amma indi ilk baxış kifayətdir ki, sanki insanı rentgendən keçirirəm. Dərhal anlayıram necə insandır. Zənnim məni indiyə qədər heç vaxt aldatmayıb.


- Sənətdə qazandığınız uğurlar hər kəsə bəllidir. Bəs bir qadın olaraq, daxili mənada özünüzü xoşbəxt və tamamlanmış hiss edirsinizmi?

- Mən həyatın hər dönəmində Allahın bizə yazdığı qismətlə harmoniyada yaşayan insanam. Ola bilsin, gənc yaşlarımda içimdə müəyyən təlatümlər olub. İndisə çox rahatam, həqiqətən çox rahatam... Sanki hər şeyi yoluna qoymuşam. Rəhmətlik anam hərdən deyirdi ki, “çalış qocalma”. O vaxtlar bu söz mənə təsir etmirdi. İndi anamın həmin sözləri yadıma düşəndə düşünürəm ki, bu, çalışmaqla deyil. Onsuz da yaş üstünə yaş gəlir, ömür keçir. Mənim üçün yaşın artması da faciə deyil.

İnsan həyatının sona doğru getməsi faciə olmamalıdı. Axı dünyaya gələndə sonumuzun bizi hara aparacağını bilirik. Bu, niyə məni qorxutmalıdır ki?

Mən tez barışan insanam. Hətta sevdiyim bir qızıl əşyam itsə belə, onun xiffətini uzun müddət çəkmərəm. Deyərəm ki, itməli idi ki itdi... Deməli, mənim itirdiyim kiminsə tapıntısı olacaq. Allah belə məsləhət bilib, bu da onun qismətidir. Mən həmişə belə şeylərə inanmışam. Həyat boyu çox səbrli olmuşam. Bəzən öz səbrimə özüm də təəccüblənmişəm. Nöqtəni qoyanda pislik etmirəm, sadəcə o insanı həyatımda artıq görmürəm.

- Həyatınız boyunca sizi incidən, xəyal qırıqlığı yaşadanlar olubmu? Belə məqamlarda bağışlamağı seçirsiniz, yoxsa?..

- Bilirsiniz, mənim geri çəkilib getməyim elə hər şeyi Allahın öhdəsinə buraxmağım deməkdir. Amma kiməsə qarğış edim, yox, bu, mənlik deyil. Atalar sözü var: qarğışın iki başı olar. Qarğış etməyi sevmirəm. Özüm də elə bir həyat yaşamamışam ki, kiminsə qarğışını alım. Öz işi-gücündə olan insanam.

Tamaşaçılar mənim xarakterimi tam bilmirlər, onlar məni əsasən oynadığım rollarla tanıyırlar. Həmin obrazlardan öz düşüncələrində bir xarakter, bir portret yaradırlar. Amma mən nə “Solğun çiçəklər”dəki Pəriyəm, nə “Qətibə inanc”dakı İnancam, nə də “Ledi Maqbet”dəki o qəddar, qaniçən qadınam. Hətta müsbət qəhrəmanları götürsək belə, mən tam onlar da deyiləm. Sadəcə, oynadığım hər obrazda məndən bir zərrə var. Çünki o obrazları mən yaşayıram, onlar mənim süzgəcimdən keçir.

- Bəs, hansı obrazınızı xarakterinizə yaxın hesab edirsiniz?

- Bütün rollarımı sevirəm. Çox gözəl tamaşalarım olub. Amma elə bir rolum var ki, mənim üçün tamam başqa yerdə dayanır. 1999-cu ildə başladığımız, 2000-ci ildə səhnəyə qoyulan Elçin Əfəndiyevin “Poçt şöbəsində Xəyal” əsərini xüsusi sevirəm. Elçin müəllim bu əsəri 1969-cu ildə yazıb. Mən isə 1959-cu ildə doğulmuşam, yəni əsər yazılan zaman mənim cəmi 10 yaşım olub. Tale elə gətirdi ki, 1999-cu ildə həmin əsərdəki Ədilə obrazını oynamaq mənə həvalə olundu.

Mən əsəri oxuyanda, bəzi nüanslar istisna olmaqla, elə bildim, bu rol mənim üçün yazılıb. Sanki pyesi məni tanıyan biri qələmə alıb. Əsər mənə o qədər yaxın idi ki... Qəhrəmanın düşüncələri, həyat fəlsəfəsi haqqında deyilən fikirlər məni çox təsirləndirirdi. İnsan bəzən daxilində düşündüyü, amma ifadə edə bilmədiyi hissləri hansısa müəllifin əsərində tapır. Elçin müəllimin bu pyesi də mənə o cür təsir bağışladı.

Mən ümumiyyətlə monoloqları çox sevirəm. Bu qəhrəmanın daxilində böyük bir təmizlik var. Zaman elə gətirir ki, üç rəfiqə həyat qadınına çevrilir. Sonradan onlardan biri, Ədilə ailə qurmağa nail olur. Bəlkə də sevmədən evlənir, amma cəmiyyətin gözündə “ailə qura bilmədi” sözünü eşitməmək üçün bu yolu seçir. Həyat yoldaşına xəyanət etmir. Amma xəyallarında yaşatdığı bir kişi var, poçt şöbəsindəki Xəyal. Özü poçtda işləyir və hərdən o kişi onun xəyallarına gəlir.

Mənim qəhrəmanım ruhu ilə real həyat arasında qalan bir insandır. Daxilində böyük çaxnaşma yaşayır, bu dünyada özünə yer tapa bilmir. Həyat ona başqa şeyləri diktə edir. Ədilənin hissləri mənim daxili təlatümlərimə çox yaxın idi.

65 illik yubileyim münasibətilə “Ledi Maqbet” tamaşası səhnəyə qoyulmuşdu. Tamaşadan sonra bir tamaşaçı yanıma gəlib məhz “Poçt şöbəsində Xəyal”ı xatırlatdı. Üstündən 25 il keçməsinə baxmayaraq, həmin obraz hələ də tamaşaçının yaddaşında yaşayırdı. Sonralar bu əsər müxtəlif teatrlarda da səhnələşdirildi. Amma Ədilə obrazı sanki mənim taleyimə biçilmişdi.

- Daxilinizdə yaşadığınız o təlatümlər və axtarışlar həyatınızın hansı dövrünə qədər davam etdi?

- Bəlkə də qızım dünyaya gələnə qədər... İnsan həyatda daim məhəbbət axtarışında olur. Həm qadın, həm də kişi sanki öz yarısını axtarır. Rastlaşdığı insanlarda onu tapmağa çalışır.

Mən də maksimalist insanam. İstəyirəm ki, ya hər şey çox yaxşı olsun, ya da ümumiyyətlə olmasın. Ortanı sevmirəm. Məsələn, Ədilə kimi, “Poçt şöbəsində xəyal”dakı Xəyal obrazı kimi beynimdə özümə bir model yaratmışdım, sevdiyim insan belə olmalıdır deyə. Həyatda qarşıma çıxan insanlarda bəzən o uyğunluq olurdu, bəzən olmurdu. Bəzən sevgiyə uymaq istəyirdim, amma sonra anlayırdım ki, axtardığım insan o deyil.

Qızım dünyaya gəldikdən sonra isə mənim sevgiyə baxışım tamamilə dəyişdi. Əlbəttə, anamı da sevirdim, bacılarımı da. Amma övlad hissi tamam başqadı. Mən əsl sevgini qızım dünyaya gələndən sonra tapdım, analıq sevgisini. Allaha qurban olum, mənə bu hissi yaşamağı nəsib etdi. Bir az gec, 36 yaşımda ana oldum. Bu da işimizin çoxluğu ilə bağlı idi. Bir də ayılıb gördüm ki, zaman keçir.

Amma şükür edirəm ki, Allah mənə bu xoşbəxtliyi qismət etdi. Şəxsi həyatım haqqında isə çox danışmaq istəmirəm.


- Cəmiyyətdə tez-tez "gözəl və ağıllı qadınların xoşbəxt olmadığı" kimi bir stereotip səsləndirilir. Doğrudanmı gözəl və ağıllı qadınlar xoşbəxt olmurlar?

- Ola bilsin, gözəl qadınların tələbləri daha yüksək olur. O tələblərə uyğun birini tapmayanda isə axtarış uzanır və zaman keçir. Məncə, çirkin qadın yoxdur, baxımlı və baxımsız qadın var. Hər şey vaxtında olmalıdır. Sənət adamları üçün bu, bir qədər fərqlidir. İnsan sənətə o qədər bağlanır ki, bəzən fərqinə varmırsan və bir də ayılırsan ki, vaxt ötüb, həyatda bəzi məqamları qaçırmısan. Özünü sənətinə həsr edirsən, sənət səni öz axarına alıb aparır.

Bəzən deyirlər, ömür çox qısadır. Bəzən də düşünürsən ki, əslində qısa olduğu qədər də uzundu, insan yaşlandıqca bir az yorğunluq hiss edir. İndi geriyə baxanda böyük aktyorları xatırlayıram, onlardan yaşca kiçik idim. İndi onların heç biri həyatda yoxdur. Nəsillərin yarpaq tökümü qaçılmazdır. Həyatın qanunu budur...

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, teatra gəldiyiniz dövrdə sizi yaşlı nəsil dəstəkləyib, orta nəsil isə daha çox soyuq münasibət göstərib. Bu vəziyyət yaradıcılıq yolunuza necə təsir etdi? Hazırda teatrda vəziyyət necədir?

- Teatra gəldiyim dövrdə düşmənçilik var idi deməzdim, amma müəyyən münasibət fərqləri hiss olunurdu. Yuxarı nəsil məni ona görə daha rahat qəbul etdi ki, mən Ədil İsgəndərov məktəbinin yetirməsi idim, bünövrəm romantik teatr ənənələrinə yaxın idi. Üçüncü kursda Tofiq Kazımov məni teatra dəvət etmişdi. O, tamamilə fərqli üslubda çalışan novator rejissor idi.

Yaşlı nəsil həm istedadımı, həm də səhnə görünüşümü qəbul edirdi. İlk tamaşamda tərəf-müqabilim Həsənağa Turabov idi. Hətta Ətayə Əliyeva Həsənəğa Turabova deyib ki, “teatra nə gözəl qız gəlib”. Sonradan bu sözləri Həsənəğa Turabov mənə demişdi.

Üçüncü kursdan etibarən müxtəlif rejissorlar mənə ardıcıl rollar verirdi, həyatım boyu heç vaxt rol çatışmazlığı yaşamadım. Teatrda rollar rejissor tərəfindən verilir və hər obrazın öz tələbi var. Obrazı yaratmaq üçün tək istedad yox, gözəllik, səhnə mədəniyyəti, emosional ifadə, işgüzarlıq və punktuallıq da vacibdir.

Mən 19 yaşımda teatra gələndə heç kimə arxalanmırdım, tək idim. Əşrəf Quliyev, Ağakişi Kazımov və Vaqif İbrahimoğlu kimi rejissorlar mənə rollar verirdilər. Vaqif İbrahimoğlu Anarın “Səhra yuxuları” əsərində də mənə rol vermişdi. Mənim kiminsə üzərində təsir göstərib “rolu başqasına yox, mənə ver” deməyim mümkün deyildi. Sadəcə işlədim, çalışdım və proses təbii şəkildə davam etdi.

- Sizin hansısa tərəf-müqabilinizlə sevgili münasibətiniz olubmu?

- Xeyr, heç vaxt olmayıb. Kimdəsə olub-olmayıb, onu deyə bilmərəm, amma məndə belə bir hal olmayıb. Həmişə tərəf-müqabilimə hörmət etmişəm və istəmişəm ki, tərəf-müqabilim də hörmətli və güclü aktyorlar olsunlar. Heç vaxt düşünməmişəm ki, tamaşada zəif aktyor olsun, mən önə çıxım.

Onsuz da görünən aktrisa idim. Bir rejissorumuz deyirdi ki, sən səhnədə olanda həm sağda, həm solda, həm də arxada hiss olunursan. Ola bilsin, bu, mənim oyun tərzimdən və səhnədə yaratdığım obrazdan asılıdır.

- Bəs, sizə sevgi etiraf edənlər?..

- Xeyr, bütün tərəf-müqabillərim mənə dost kimi yanaşıblar. Bütün həmkarlarıma çox hörmət etmişəm. Rafael Dadaşov, Telman Adıgözəlov kimi aktyorlarla tərəf-müqabil olmaq çox xoş idi...

- Sizi mərhum Xalq artisti Telman Adıgözəlovla tez-tez tərəf-müqabil kimi səhnədə görür və yaradıcılıq baxımından sizi uyğunlaşdırırdılar...

- Bu barədə "Kinoman" verilişində danışmışam. Gənclik illərində bu mövzudan heç zaman söz açmırdıq. Daha çox yaşa dolandan, 50 yaşdan sonra bu barədə danışmağa başladıq. Hər ikimiz gənc idik və düşünürdüm ki, insanlar bunu yanlış mənaya yozarlar. Mən hər zaman müsahibələrimdə qeyd etmişəm ki, Telmanın "Nəsimi" filmindəki epizodik obrazını sevərək bu sənətə gəlmişəm. Həmin obraz vasitəsilə Telman Adıgözəlova böyük rəğbət yaranmışdı məndə. O zaman gənc bir qız idim.

Sonralar İncəsənət İnstitutunda oxuyarkən Telmanla qarşılaşdıq. O, Tədris Teatrında çalışırdı. İçimdəki o saf və ülvi hiss zamanla çox səmimi bir dostluğa çevrildi. Amma bizim aramızda heç vaxt sevgi münasibəti olmadı. Uzun illər bunu onun özünə demədim. Düşünürdüm ki, bəlkə sözlərimi başqa cür anlayar, eyham kimi qəbul edər.

Artıq 40 yaşımı keçəndən sonra müsahibələrimin birində bu barədə danışdım. Sonra Telmanın özünə də etiraf etdim.

Telman çox fərqli xarakterə malik insan idi. Qarşısındakı insanı özündən üstün görməyi sevərdi. Mənə bir dəfə dedi ki, “sən sənətdə məndən də böyük zirvələr fəth etdin”. Bu sözlər mənim üçün çox qiymətli idi. Onunla bağlı xatirələrim həddindən artıq çoxdur. Hələ də yadımdadır, Telmanın toy günü İlyas Əfəndiyevin "Büllur saray"da tamaşasını oynayırdıq. Tamaşadan sonra Hacı İsmayılov və Nurəddin Mehdixanlı ilə birlikdə toya getmişdik.

Telman çox ağır, sanballı və dərin xarakterli insan idi. Uzun illər həm televiziya layihələrində, həm də səhnədə birgə çalışdıq. "Ah məhəbbət, məhəbbət" tamaşasında da tərəf-müqabil olduq. Yumoristik səhnələrimiz vardı və tamaşaçılar bizi tez-tez bir-birimizə yaraşdırırdılar.
Amma münasibətimiz hər zaman saf dostluqla çərçivələndi. O, ən gizli sirlərini belə mənimlə bölüşürdü.

Telmanla bağlı çox əziz və unudulmaz xatirələrim var. Vəfat xəbərini qəbul etmək mənim üçün çox çətin oldu. Eyni ağrını Ramiz Novruzun vəfatında da yaşadım.


- Mərhum Xalq artisti Amaliya Pənahova ilə küsülü olduğunuz deyilirdi...

- Sabit Rəhmanın “Nişanlı qız” tamaşasında Amaliya Pənahova Zərifə, mən isə Bənövşə obrazını canlandırmışam. Həmin dövrdə xoşagəlməz hadisələr yaşansa da, bu gün onu xatırlamaq istəmirəm. Mən hər zaman Amaliya Pənahovaya böyük hörmət və ehtiramla yanaşmışam. Həyat gör-götür dünyasıdır.

Sənətdə Amaliya xanımdan çox şey öyrənmişəm. O, sözün əsl mənasında örnək sənətkar idi. Bu gün mən də örnək aktrisayam. Hər ikimiz iyunda dünyaya gəlmişik. “Büllur sarayda” tamaşasında da Amaliya xanımla tərəf-müqabili olmuşuq. Elə bir rayon olmayıb ki, onunla qastrol səfərinə getməyək.

Sonralar o, Bələdiyyə Teatrını yaratdı və həmin teatrın yaşaması üçün böyük zəhmət çəkdi. Bu gün də neçə-neçə aktyor həmin teatr sayəsində öz ailəsinə çörək aparır. Orada peşəkar sənət adamları fəaliyyət göstərirlər.

Mən həmişə Azdrama ilə Amaliya xanımın adını yanaşı çəkmişəm. Çünki teatra ilk gəldiyim gündən onu böyük rollarda, möhtəşəm səhnə obrazlarında görmüşəm. Səhnə görünüşü, danışıq tərzi və daxili enerjisi ilə seçilən aktrisa idi. Amaliya xanım mərd xarakterli, prinsipial qadın idi. Onun gedişi hər birimiz üçün gözlənilməz oldu. Xəstəliyinin bilinməsini istəmirdi, amma biz bundan xəbərdar idik. Allah rəhmət eləsin.

- Teatr fəaliyyətiniz boyunca müxtəlif dövrlərdə fərqli rəhbərlərlə çalışmısınız. Səhnəyə, yaradıcı heyətə və aktyorlara münasibəti ilə yaddaşınızda ən çox iz qoyan teatr rəhbəri kim olub?

- Həsənağa Turabov, Əliabbas Qədirov, Mərahim Fərzəlibəyov, İsrafil İsrafilov, Azərpaşa Nemətov teatra rəhbərlik etdilər. Açığı, onların heç birindən narazı olmamışam. Düzdür, Həsənağa Turabovun dövründə məni onunla elə qarşı-qarşıya qoymuşdular ki, aramızda düşmənçilik yaranmışdı. Amma mən həmişə onun hörmətini saxlamışam.

Maraqlıdır ki, yaradıcılığımın ən məhsuldar dövrünü də məhz onun rəhbərliyi illərində yaşamışam. Hətta bir vaxt qadağa qoydurdu ki, rejissorlar mənə rol verməsinlər. Aktyoru, aktrisanı ən çox incidən isə obrazsız qalmasıdır. Amma həmin dövrdə nazirlik mənə dəstək oldu, adıma tamaşalar göndərildi.

Əliabbas Qədirovun rəhbərliyi dövründə də yaradıcılığım uğurlu keçdi. Mən həmişə düşünmüşəm ki, teatr rəhbəri sırf yaradıcı adam - aktyor və ya rejissor olmamalıdır. Çünki sənətkar rəhbər vəzifəyə gələndə istər-istəməz yaradıcılıqdan uzaq düşür. Azərpaşa Nemətovla isə bir tamaşa belə işləməmişəm. Bəlkə də çoxlarına qəribə gələr. Hətta 60 illik yubileyimin qeyd olunmasına da icazə verməmişdi. Bunun səbəbini bilirdim.

Amma sonradan bunu kompensasiya etmək üçün mənim üçün yaxşı tamaşalar hazırlatdı. Onun dövründə maraqlı obrazlar yaratdım və bununla sanki könlümü aldı. "Qətibə İnanc"da Qətibə İnanc, "Filumena Marturano"da Filumena Marturano obrazını oynadım.

Azərpaşa müəllim məni çox istəyirdi. Həmişə deyirdi ki, bakılımsan. O, hörmət etməyi və hörmət saxlamağı bacaran insan idi. Mənim haqqımda ona demişdilər ki, guya Bəsti Cəfərova "despot aktrisa"dır, rolları özü bölür, rejissora az tabe olur.

Ümumiyyətlə, düşünürəm ki, Həsənağa Turabov və Əliabbas Qədirov kimi sənətkarlar direktor vəzifəsini tutmasaydılar, yalnız sənətlə məşğul olsaydılar, bəlkə də daha böyük işlər görərdilər. Həsənağa Turabov rəhbər olduqdan sonra səhnədə az görünməyə başladı, rollarını başqalarına verdi. Halbuki onun səhnəyə çıxışını görmək hər bir aktyor və tamaşaçı üçün böyük hadisə idi.

- Həmkarınız Nurəddin Mehdixanlı ilə barışmısınız?

- Bəli, Füzuliyə gedəndə barışdıq. Hazırda hər şey yaxşıdır.

- Özünüzə nə arzu edirsiniz?

- Ən önəmlisi, can sağlığı arzu edirəm. Oynamaq istədiyim bir neçə obraz var, onları da həyata keçirmək istəyirəm. Ən böyük arzularımdan biri isə övladımla bağlıdır. İstəyirəm ki, qızım çox xoşbəxt olsun. Nənə olmağı arzulayıram. Ümumiyyətlə, ən böyük istəyim qızımla bağlıdır...

FOTO: Elnur Muxtar



Избранный
16
teleqraf.com

1Источники