RU

Rzayev şans gözləyir: “Özümə inamım itmişdi”

“Turan Tovuz”da mövsümə yaxşı başlamayan  “Sabah”ın futbolçusu Abdulla Rzayev daha sonra icarə əsasında “Şamaxı”ya keçdi. Burada çıxışı ilə diqqət çəkən müdafiəçi Ayxan Abbasovun dəvəti ilə milli komandaya çağrıldı. Gənc futbolçu bölgə təmsilçisinin heyətində sanki yenidən parladı. Müdafiəçi burada 16 oyunda meydana çıxdı və bir qol, iki assistlə yadda qaldı. 

Şamaxı klubunda kifayət qədər uğurlu performans sərgiləyən Rzayev yenidən paytaxt təmsilçisinə qayıdacaq.

Futbolçu İdmanxeber.az saytına verdiyi müsahibədə mövsümü dəyərləndirdi və gələcək karyerasl barədə danışdı 

– Mövsümə “Turan Tovuz”da başlasan da, “Şamaxı”da bitirdin. Sənin üçün mövsüm necə keçdi?

Mənim üçün çox çətin mövsüm oldu. İlk 5 ay demək olar ki, oynamadım. Sonradan “Şamaxı”ya gəldim, pis çıxış etmədim. Qol vurdum, assistlərim oldu. Bu, mənim üçün sevindirici haldı. “Şamaxı” ilə müqaviləm başa çatdı. Demək olar ki, hamımız buradan formada ayrılırıq.

– Sanki karyeranın ən yaxşı dövrünü “Şamaxı”da keçirdin. Razısan?

Bunu futbolçunun özü yox, ətrafdakılar desə daha yaxşı olar. Amma özüməinamım itmişdi. Əvəzedici heyətə qədər düşmüşdüm. Ayxan Abbasov mənə şans verdi, güvəndi. Ona da təşəkkür edirəm. Milliyə də dəvət aldım. Karyeram üçün çox yaxşı bir dövr oldu. Bundan sonra da artıraraq davam etmək istəyirəm. Performansımı daha da yüksəltməliyəm. Çünki əsas hədəfim olduğum yerdə davamlı oynamaqdır 

– Yeri gəlmişkən, millinin heyəti açıqlandı. Dəvət gözləyirdin?

Qərarı məşqçilər verir. Bu barədə Ayxan Abbasovla heç bir söhbətim olmayıb. Mən həmişə əlimdən gələni edirəm. Yekun qərar isə baş məşqçinindi. Hörmətlə yanaşıram.

“Şamaxı”da icarə əsasında çıxış edirdin. Növbəti mövsüm də burada qalmaq ehtimalın var?

Maraqlanan başqa komandalar da var. Ancaq müqavilə ilə “Sabah”a məxsusam. Onlarla oturub danışmalıyam. Oynamaq istəyirəm. Özləri də bunu bilir. Klubun icazəsi olandan sonra digər komandalarla danışıq aparmaq olar. Ümid edirəm ki, nə yaxşısıdırsa, ona da qərar verəcəklər.

– Səncə, “Sabah”da qalıb, orada forma şansı qazanmağım nə dərəcə realdı?

“Sabah” çox yaxşı komandadır. Mənim mövqeyimdəki futbolçu Hakim Zededka ölkədən ən yaxşı futbolçulardandı. Özüm onu çox bəyənirəm. Hətta “Sabah”a gəlmədən öncə onu tanıyırdım, oyunlarına baxmışdım. Ancaq mən çox şans qazanmaq istəyirəm. Futbolçu oynadıqca xoşbəxt olur. Harda forma şansı çoxdursa, ora yönələcəm. Rəhbərliyin də mənə dəstək olacağını düşünürəm. Oynamaq bütün oyunçuların arzusudur. 

Zedadka haqqında elə xoş sözlər dedin ki, sanki məşqçi sən olsan, özün də onu oynadarsan…

Yəni mənim özümü tərifləməyim yaxşı olmaz. Elə təkəbbürlü biri deyiləm. Belə şeylərdən siz jurnalistlər, azarkeşlər danışsın. Mən ancaq öz işimlə məşğul olmaq istəyirəm. Amma təbii ki, şans vermək çox önəmlidir. Futbolçular oynamasa, inkişaf edə bilməzlər. Oyunçuya güvənmək, şans vermək çox önəmlidir. Açığı, oynadıqca irəli gedirsən, inkişaf edirsən. İstər Azərbaycanda, istərsə də Avropada vəziyyət belədir. Özümü zəif saymıram, rəqabətə də həmişə hazıram.

Həsən Quluzadə

Избранный
46
idmanxeber.az

1Источники