İtaliyanın maliyyə polisi “Guardia di Finanza” təxminən 300 milyon avro zərərə səbəb olan genişmiqyaslı yayım piratlığı şəbəkəsini aşkarlayıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, əməliyyat “CINEMAGOAL” adlı tətbiq üzərindən fəaliyyət göstərən mürəkkəb sistemə qarşı aparılıb. Şəbəkə istifadəçilərin cihazlarını xarici serverlərə qoşaraq ödənişli platformalardakı məzmunu qanunsuz şəkildə deşifrə edib.
İstintaq materiallarında bildirilir ki, sistem Netflix, Spotify, The Walt Disney Company, Sky və DAZN kimi hüquq sahiblərinə böyük maliyyə zərəri vurub.
Polisin məlumatına əsasən, İtaliya ərazisində fasiləsiz işləyən virtual maşınlar saxta hesablar vasitəsilə yaradılmış qanuni abunəliklərdən hər üç dəqiqədən bir giriş kodlarını əldə edib və onları yenidən yayımlayıb.
Araşdırma zamanı məlum olub ki, sistem platformaların təhlükəsizlik mexanizmlərini keçərək konkret IP ünvanına bağlı olmadan fəaliyyət göstərə bilib. Bu isə istifadəçilərin aşkarlanmasını çətinləşdirib.
Qanunsuz xidmətlər illik 40-130 avro arasında satılıb.