Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin həmmüəllifi olduğu və elmi rəhbərliyi ilə ərsəyə gələn “Şərqi Avropa və Yaxın Şərqdə urbisid: Qroznı, Hələb və Ağdam nümunələrinin müqayisəli təhlili” sərlövhəli tədqiqat işi “Journal of Urban Affairs”də dərc edilib.
AZƏRTAC xəbər verir ki, “Journal of Urban Affairs” sözügedən sahədə yüksək akademik nüfuza malik, geniş istinad olunan aparıcı elmi nəşrlərdən biridir.
Məqalədə əsas diqqət urbisid fenomenini müasir kontekstdə xarakterizə edən amillərə yönəldilir. Bu amillər siyasi məqsədlərlə həyata keçirilən genişmiqyaslı şəhər dağıntıları, etnik və ya əhali təmizlənməsi, eləcə də mədəni irsin sistemli şəkildə aradan qaldırılması kimi məqamları özündə ehtiva edir.
Müasir yanaşmalara əsasən, urbisid yalnız hərbi zərurətdən doğan destruksiya ilə məhdudlaşmır, eyni zamanda, tarixi-mədəni identikliyinin məqsədyönlü şəkildə deqradasiyası və kollektiv yaddaşın silinməsi vasitəsi kimi nəzərdən keçirilməlidir.
Soyuq müharibədən sonrakı dövrdə baş verən hallara fokuslanan müəlliflər siyasi-ideoloji məna kəsb edən Qroznı, Hələb və Ağdam nümunələrinin müqayisəli analizi nəticəsində əsaslandırırlar ki, silahlı münaqişələr zamanı həyata keçirilən genişmiqyaslı şəhər dağıntıları yalnız hərbi-strateji məqsədlərlə məhdudlaşmır, paralel olaraq yerli əhalinin geri dönüş perspektivlərinin zəiflədilməsinə, şəhərlərin sosial-mədəni strukturunun transformasiyasına və postmünaqişə dövründə reabilitasiya prosesinin çətinləşdirilməsinə xidmət edən sistemli siyasət xarakteri daşıyır.
Tədqiqatın mövcud elmi ədəbiyyata gətirdiyi yeni yanaşma isə Ermənistanın işğalı altında olmuş Ağdam və digər Azərbaycan şəhərlərinin nəzərdən keçirilməsi ilə bağlıdır. Belə ki, həmin şəhərlər, əsasən hərbi əməliyyatlar başa çatdıqdan sonra gələcəkdə əhalinin geri dönüşünün və yenidən məskunlaşmanın qarşısını almaq məqsədilə sistemli şəkildə dağıdılıb.
Araşdırmada urbisid anlayışına müxtəlif müəlliflərin yanaşmaları və təriflərinə də geniş yer verilib.
Tədqiqatda müsahibələr, foto-hesabatlar və müqayisəli təhlil metodları tətbiq edilib. Ağdam üzrə məlumatlar əsasən rəsmi dövlət qurumlarının arxiv materialları, sahə tədqiqatları və müxtəlif yerli institusional mənbələrdən toplanıb. Qroznı və Hələb nümunələrində isə beynəlxalq təşkilatların hesabatları, akademik ədəbiyyat, media materialları və insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumların, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), “Qlobal Münaqişələrin Monitorinqi” (Global Conflict Tracker) və digər platformaların nəşrləri informasiya bazası kimi istifadə olunub.
Qeyd edilib ki, araşdırma zaman keçdikcə uzunmüddətli təhdidə çevrilən urbisid fenomeninin elmi-akademik ədəbiyyatda dəqiq tərifləndirilməsinə töhfə verir, onu daha geniş siyasi kontekstdə aydınlaşdırır və bu sahə ilə məşğul olan mütəxəssislər üçün mühüm mənbə rolunu oynayır.