RU

Alimlər yaşlılar üçün populyar vitaminlə bağlı gözlənilməz xəbərdarlıq edib

Kaliforniya Universitetinin San-Fransiskodakı alimləri müəyyən ediblər ki, yaşlı insanlarda hətta "normal" sayılan B12 vitamini səviyyələri belə beyin funksiyalarının zəifləməsi əlamətləri ilə əlaqəli ola bilər...

Poliqon xəbər verir ki, tədqiqat Annals of Neurology jurnalında dərc olunub.

B12 vitamini DNT-nin formalaşması, eritrositlərin yaranması və sinir toxumasının qorunmasında mühüm rol oynayır. Bu vitaminin çatışmazlığı adətən anemiya və nevroloji pozuntularla əlaqələndirilir. Lakin yeni araşdırma göstərir ki, mövcud normativ göstəricilər sinir sistemi üçün erkən dəyişiklikləri əks etdirməyə bilər.

Tədqiqatçılar BrANCH araşdırmasına daxil olan 231 nəfərin məlumatlarını analiz ediblər. İştirakçıların orta yaşı 71 olub və heç birində demensiya və ya yüngül koqnitiv pozuntu aşkarlanmayıb. Qanda orta B12 səviyyəsi 414,8 pmol/l təşkil edib ki, bu da ABŞ-də qəbul edilən 148 pmol/l çatışmazlıq həddindən təxminən üç dəfə yüksəkdir. Lakin alimlər ümumi B12 deyil, onun aktiv bioloji formasını nəzərə alıblar.

Yaş, cins, təhsil və ürək-damar risk faktorları nəzərə alındıqdan sonra məlum olub ki, aktiv B12 səviyyəsi daha aşağı olan iştirakçılar informasiya emalı sürəti testlərində daha zəif nəticə göstəriblər. Onlarda həmçinin vizual stimullara reaksiyanın daha ləng olduğu müşahidə edilib.

MRT nəticələri də oxşar əlaqəni göstərib: aktiv B12 səviyyəsi aşağı olan insanlarda beynin ağ maddəsində daha çox zədələnmə ocaqları aşkar edilib. Bu dəyişikliklər əvvəllər demensiya, koqnitiv geriləmə və insult riskinin artması ilə əlaqələndirilir.

Tədqiqatın rəhbəri Ari Qrin bildirib ki, əvvəlki araşdırmalar B12-nin incə funksional təsirlərini nəzərə almamış ola bilər: “Normativ göstəricilərin funksional biomarkerlər əsasında yenidən qiymətləndirilməsi koqnitiv geriləmənin daha erkən aşkarlanmasına kömək edə bilər”.

Alimlər qeyd edirlər ki, yaşlı insanlar xüsusilə həssas qrupdur: yaş artdıqca B12-nin orqanizm tərəfindən mənimsənilməsi zəifləyir. Riskə həmçinin bəzi dərmanlar, mədə-bağırsaq xəstəlikləri və heyvani məhsulları az olan pəhrizlər də təsir edir.

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники