Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyanin xarici siyasət kursunu sərt tənqid edib və bu siyasətin Ermənistan xalqı üçün ciddi risklər yaratdığını bildirib.
Publika.az xəbər verir ki, bu barədə o, "RİA Novosti" agentliyinə danışıb.
Medvedevin sözlərinə görə, Paşinyan Rusiya ilə münasibətlərin kəsilməsi istiqamətində kurs götürüb. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Ermənistan rəhbərliyinin addımlarına tənqidi yanaşaraq bildirib ki, bu siyasət ölkə üçün təhlükəli nəticələr doğura bilər.
O, həmçinin emosional ifadələrə də yer verərək Ermənistan rəhbərliyinin Rusiyaya münasibətinə dair sərt fikirlər səsləndirib. Medvedevin sözlərinə görə, Paşinyan səhv siyasi koordinat seçib və bu yanaşma ilk növbədə sadə vətəndaşlara zərər verə bilər.
Rusiya rəsmisi iqtisadi nəticələrə də diqqət çəkib. Onun sözlərinə görə, Ermənistanın hazırkı kursu davam edərsə, ölkə Rusiya bazarı və Avrasiya İqtisadi İttifaqı çərçivəsində formalaşmış iqtisadi əlaqələrdən məhrum ola bilər.