Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində Quba rayonunun Hacıqayıb kəndində intellektual turnir təşkil olunub.
"Cebheinfo.az" xəbər verir ki, Hacıqayıb kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Quba rayonunun Hacıqayıb, Qımılqışlaq, Hacıhüseynli, Davidoba və Küpçalqışlaq kəndlərindən, həmçinin Zərdabi, Barlı və Bağbanlı qəsəbələrindən olan 48 nəfər yeniyetmə, gənc və müəllim 8 komanda tərkibində “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.
Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsinin intellektual oyunlar vasitəsilə yeniyetmə və gənclər arasında təbliği, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi, komandada işləmək, qərarvermə və məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə dəstək göstərməkdir.
Rəsmi hissədə çıxış edən Quba rayonu Hacıqayıb kənd tam orta ümumtəhsil məktəbinin direktoru Şəmsəddin Feyzullayev bu kimi tədbirlərin yeniyetmə və gənclərdə vətənə bağlılıq hissinin yüksəlməsinə, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin inkişafına müsbət təsir göstərdiyini bildirib.
Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Hacıqayıb kəndini təmsil edən “Zirvə” komandası qazanıb. Zərdabi qəsəbəsinin “Matriks” və Barlı qəsəbəsinin “Atəşgah” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif ediliblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan mədəni irsinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində bu günədək Xaçmaz, Qusar və Şabran rayonlarında keçirilən tədbirlərdə ümumilikdə 150 nəfər yeniyetmə və gənc iştirak edib. Layihə çərçivəsində Quba rayonunun daha iki kənd zonasında seçim turlarının keçirilməsi planlaşdırılır.
"Cebheinfo.az"