Ajans.az xarici mediaya istinadən xəbər verir ki, 1980-ci illərdən bəri davam edən əhali azalması səbəbindən yerli hakimiyyət kəndin dirçəldilməsi üçün xüsusi proqram hazırlayıb. Layihə çərçivəsində xüsusilə uşaqlı ailələrə və praktik bacarıqlara malik insanlara üstünlük verilir. Məlumata görə, proqram çərçivəsində seçilən şəxslərə təmir olunmuş mənzillərdə pulsuz yaşayış imkanı təqdim olunur. Kirayə haqqı tələb edilməsə də, sakinlər qaz, su və digər kommunal xidmətlərin xərclərini özləri ödəməlidirlər. Elektrik enerjisinin bir hissəsi günəş panelləri vasitəsilə əldə olunduğu üçün bu sahədə xərclərin daha az olacağı bildirilir. Arenillas uzun illərdir ki, İspaniyanın digər kəndləri kimi əhali itkisi problemi ilə üzləşir. Vaxtilə canlı icma olan kənddən insanlar iş, təhsil və daha yaxşı infrastruktur üçün böyük şəhərlərə köçüblər. Hazırda isə yerli hakimiyyət yeni sakinlər hesabına kənddə sosial həyatı canlandırmağı, məktəbləri qorumağı və bölgənin gələcək inkişafını təmin etməyi hədəfləyir.