RU

Sənədsiz evlərə amnistiya veriləcək? – AÇIQLAMA

Azərbaycanda uzun illərdir mövcud olan sənədsiz tikililər cəmiyyətin ən mürəkkəb problemlərdən biri olaraq qalır. Ölkəmizdə artıq müəyyən müddətdir ki, əmlak amnistiyasının verilməsi ilə bağlı müzakirələr aparılır. Bu qərarın zəruriliyini bildirənlərlə yanaşı, qərarın veriləcəyi təqdirdə qanunsuz tikililərin arta biləcəyini də deyənlər az deyil.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, hazırda müzakirə olunan əmlak amnistiya məsələsi əslində bu günə qədər müvafiq istiqamətdə həyata keçirilən siyasətlərin və aidiyyatı üzrə nəzarəti təşkil etməli olan dövlət qurumlarının fəaliyyətinin nəticəsi kimi ortaya çıxır.

O bildirib ki, əslində bu istiqamətdə bu qədər boşluqlar və nəzarətsizlik olmasaydı, zamanında tədbirlər görülsəydi, təbii ki, bu qədər böyük miqyaslı mülkiyyət hüququ olmayan sənədsiz evlər olmazdı: “Bu, əvvəlki dövrlərdə həyata keçirilən dövlət qurumlarının fəaliyyətindəki çatışmazlıqlardan qaynaqlanıbsa, nəticələrin aradan qaldırılması da təbii ki, bu və ya digər şəkildə hökumət qarşısında dayanan əsas çağırışlardandır. Kifayət qədər böyük sosial qrupdan 1,5 milyon şəxsdən, təxminən 500 mindən artıq sənədsiz evlərdən söhbət gedir. Bu əmlaklar amnistiya edilməzsə, rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul edilməzsə, həm mülkiyyət hüquqlarının pozulması, böyük bir sosial qrupun, əhalinin təxminən 15 faizinin mülkiyyətdən daha səmərəli istifadə etməsi imkanlarının, eyni zamanda bu istiqamətdə mövcud müdafiə və sığorta mexanizmlərindən istifadə imkanlarının məhdudlaşması, dövlətin bu əmlaklardan yığmalı olduğu fiskal gəlirlərin əhatə dairəsinin daralması kimi neqativ nəticələr yaradacaq”.

 

R.Həsənov vurğulayıb ki, indiki şərtlər daxilində amnistiyanın verilməsi zəruri çağırışlardandır: “Əmlak amnistiyası verilməlidir. Bu istiqamətdə təbii ki, fərqli mexanizmlər ortaya qoyula bilər. Burada paralel olaraq müəyyən risksiz zonalarda olan sənədsiz evlərin rəsmiləşdirilməsi, bu rəsmiləşdirməyə əlavə komissiyaların tətbiq edilməsi, buradan toplanan vəsaitlərin riskli, təhlükəli zonalarda olan mənzillərin kompensasiya edilərək sökülməsi ilə bağlı paralel mexanizmin icra edilməsinin maliyyələşdirilməsinə yönəldilə bilər. Bununla bağlı müxtəlif dünya təcrübəsi də var. Hətta Azərbaycanda da bəzi hallarda bu istiqamətdə oxşar siyasətin formalaşdırılmasına təsadüf edirik. Düşünürəm ki, burada kompleks bütün tərəflərin hüquqlarının bu və ya digər şəkildə təmin edən model əsasında amnistiya siyasəti hazırlanıb və mütləq həyata keçirilməlidir. Bu yanaşmanın hansısa formada təşfiqedici olmasının qarşısını almaq məqamına gəldikdə isə burada diqqət ediləsi istiqamətlər fərqlidir. Vətəndaş bu istiqamətdə dövlət siyasətinin və nəzarət çərçivələrinin təkmilləşməsi, nəzarəti həyata keçirən qurumların bu və ya digər şəkildə fəaliyyətinin şəffaflaşdırılması, bu istiqamətdə tənzimləyici tələblərinin sərtləşdirilməsi inzibati tələblərin gücləndirilməsi yolu ilə bu təşəbbüslərin qarşısı alına bilər. Amnistiyadan sonrakı dövrdə bənzər aktların vətəndaşlar tərəfindən həyata keçirilməsi sərt şəkildə cəzalandırılmaqla problem həll oluna bilər. Yəni problemin həlli bu gün milyon yarım insanın yaşadığı 500 mindən artıq evlərin sənədləşdirilməməsi və bu istiqamətdə amnistiyanın verilməməsi deyil. Bu yanaşma doğru deyil”.

 

Şəhanə Quliyeva

Tarix: 25 May 2026, 08:10   
Избранный
59
pravda.az

1Источники