RU

Əslində məmurlar vətəndaşları çoxuşaqlılığa səsləməlidi, nəinki belə...

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycanın ictimai müzakirə mühitində son illər demoqrafik göstəricilərin azalması, doğum sayının aşağı düşməsi və ailə institutunun dəyişməsi mühüm gündəm mövzularından biri kimi qalır. Bu fonda bəzi ölkələrdə dövlət və sosial təşviqlər ailələrə maddi dəstək paketləri, kredit güzəştləri və müxtəlif hədiyyə proqramları tətbiq edilərək doğumun stimullaşdırılmasına çalışılır. Azərbaycanda isə bu mövzu ətrafında fərqli yanaşmalar və sərt ritorikalar da səslənir. Tanınmış jurnalist, Real TV-nin rəhbəri Mir Şahin “uşaq pulu” ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrə sərt münasibət bildirib. O, Kamal Abdulla və deputat Günay Ağamalının fikirlərinə görə sosial şəbəkələrdə linç edilməsini tənqid edib. Mir Şahin bildirib ki, rəqəmsal platformalar azad söz meydanı kimi təqdim olunsa da, fərqli fikir söyləyən şəxslər dərhal təhqir və təzyiqlə üzləşirlər. O deyib ki, doğub, törəyib, sonra da “Pulumu verin!” deyə qışqırmayın.Ağ Partiyanın sədri Tural Abbaslı mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, bu gün demək olar bütün dövlətlər əhalinin artımını təşviq etmək üçün müxtəlif addımlar atır, stimullaşdırıcı sosial proqramlar həyata keçirirlər:“Bir çox ölkələri kənara qoysaq, elə Rusiyanın özündə də son illərdə əhali artımını dəstəkləmək məqsədilə müxtəlif sosial paketlər, güzəştlər və imtiyazlar tətbiq olunub. Amma Azərbaycanda bu məsələyə yanaşma bir qədər qeyri-adekvat görünür. Daha çox belə bir düşüncə formalaşıb ki, guya dövlət müəyyən sosial dəstəkləri həyata keçirsə, insanlar bunu davamlı tələb edəcək. Elə bil hökumətlə xalq arasında görünməz rəqabət mövcuddur və xalqın tələblərini yerinə yetirmək zəiflik kimi qəbul edilir. Bu isə cəmiyyətdə müəyyən narazılıq yaradır. Hazırda Azərbaycanda əhali artımının tempinə baxmaq kifayətdir. Doğulan uşaqların sayı azalır, evliliklərin sayı aşağı düşür, boşanmalar artır, abort statistikası isə narahatlıq doğurur. Bütün bunları nəzərə aldıqda, əslində məmurlar vətəndaşlara müraciət etməli, ikinci, üçüncü, dördüncü uşağın dünyaya gəlməsini təşviq etməli və bunun üçün müxtəlif təminatlar təqdim etməlidirlər”.Onun sözlərinə görə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, bəzi məmurlar əhalinin artmasını problem kimi görürlər:“Sanki onların düşüncəsinə görə, insan sayı çoxaldıqca problemlər də artır. Bu yanaşma isə uzunmüddətli perspektivdə ölkənin demoqrafik inkişafına mənfi təsir göstərir. Bu gün artıq çoxuşaqlı ailə anlayışına da yenidən baxmağa ehtiyac var. Hazırda Azərbaycanda çoxuşaqlı ailə statusu beş uşaqla müəyyən edilir. Halbuki mövcud reallıq göstərir ki, bir çox ailədə bir və ya iki uşaq var. Bu səbəbdən həmin meyarın ən azı üç uşağa endirilməsi daha məqsədəuyğun hesab oluna bilər. Eyni zamanda dörd və daha çox uşağı olan ailələrə mənzil təminatı, müxtəlif sosial güzəştlər, uşaqların təhsilinə dəstək və digər imtiyazların verilməsi ilə bağlı təkliflər də irəli sürülür. Bu məsələlər kifayət qədər geniş və əhatəli olduğundan onların bir müsahibə çərçivəsində tam izah edilməsi çətindir. Bəzi jurnalistlər və siyasətçilər də iqtidardakı müəyyən məmurların mövqeyini müdafiə etməyə çalışırlar. Lakin cəmiyyət bu yanaşmanı birmənalı qarşılamır. İnsanlar hesab edir ki, xalqın sosial tələbləri nəzərə alınmalıdır. Bəzən belə fikirlər səsləndirilir ki, guya uşaqpulu verilərsə, insanlar işləmək istəməyəcək. Halbuki dünyanın ən inkişaf etmiş Avropa ölkələrində belə uşaqpulu sistemi illərdir tətbiq olunur və bu, sosial siyasətin vacib istiqamətlərindən biri hesab edilir”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
37
1
demokrat.az

2Источники