RU

“Arxayın olun, bir neçə gündən sonra insanlar istidən bezib yağış arzulayacaqlar

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Yaya sayılı günlər qalsa da, hava şəraiti hələ də tam sabitləşməyib. Son günlər ölkənin müxtəlif bölgələrində müşahidə olunan güclü külək, intensiv yağış və temperatur dəyişiklikləri insanların diqqətini yenidən iqlim məsələsinə yönəldib. Sinoptiklərin son proqnozlarına görə, yaxın günlərdə bəzi ərazilərdə şimşək, leysan, dolu, yüksək dağlıq ərazilərdə isə hətta sulu qar və qar ehtimalı gözlənilir. Mövsümə uyğun olmayan bu hava şəraiti cəmiyyətdə müxtəlif suallar doğurur. Bir tərəfdən insanlar yay fəslinin gecikdiyini düşünür, digər tərəfdən isə iqlim dəyişikliklərinin təsirlərinin artıq daha açıq hiss olunduğu vurğulanır. Qeyri-sabit hava şəraiti fonunda “yay nə vaxt gələcək?” sualı yenidən aktuallaşıb.Bu barədə Demokrat.az-a açıqlama verən “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib ki, Azərbaycanda müşahidə olunan dəyişkən hava şəraiti ölkənin müxtəlif iqlim tiplərinə malik olması ilə bağlıdır:“Arxayın olun, cəmi bir neçə gündən sonra insanlar bu dəfə də istidən bezib yağış arzulayacaqlar. İqlim dəyişiklikləri insanın təbiətə müdaxiləsinin nəticəsidir. Buna görə də bir qədər sərin keçən hava şəraiti ilə insanları qorxutmaq düzgün deyil. Hər bölgənin özünəməxsus hava şəraiti var. Bir ərazidə isti və quraqlıq müşahidə olunursa, digər bölgədə yağış, dolu, yüksək dağlıq ərazilərdə isə sulu qarın yağması tamamilə normal haldır. Hazırda bəzi ərazilərimizdə aylıq normadan artıq yağıntı düşə bilər. Lakin ümumi illik göstəricilərə baxdıqda, yağıntının hələ də normadan az olduğu görünür. Narahat olmağa əsas yoxdur. Təbiət özü müəyyən tarazlıq və nizam üzərində işləyir”.Ekoloq Qorxmaz İbrahimli qeyd edir ki, atmosferdə baş verən bu proseslər əslində təbiətin özünübərpa mexanizminin tərkib hissəsidir. Xüsusilə son illər qlobal istiləşmə fonunda quraqlıq probleminin kəskinləşməsi fonunda yaz aylarının yağıntılı keçməsi kənd təsərrüfatı və su ehtiyatlarının bollaşması baxımından müsbət qiymətləndirilməlidir. Hazırda dağlıq ərazilərə düşən yağıntılar yay aylarında çayların qurumasının qarşısını alan əsas amildir.Mütəxəssisin fikrincə, temperaturun kəskin tərəddüd etməsi və gözlənilməz yağıntılar yalnız Azərbaycana xas olan hadisə deyil. Dünya miqyasında iqlim zonalarının yerdəyişməsi müşahidə olunur ki, bu da fəsillərin başlanğıc və bitmə müddətlərində müəyyən sürüşmələrə səbəb olur. Lakin bu, yayın gəlməyəcəyi və ya fəslin tamamilə dəyişdiyi anlamına gəlmir. Sadəcə olaraq keçid dövrü builki mövsümdə daha dinamik və turbulent keçir.Ekoloq həmçinin bildirib ki, yaxın günlərdə termometrlərin göstəriciləri sürətlə yüksəlməyə başlayacaq. Xüsusilə Aran rayonlarında və paytaxtda rütubətin azalması ilə bərabər isti hava dalğalarının ölkə ərazisinə daxil olması gözlənilir. Bu səbəbdən indiki müvəqqəti sərinlik əslində isti yay günləri öncəsi təbiətin son "nəfəs dərəməsidir". İnsanların yay geyimlərini hazırlaması üçün artıq maneə qalmayacaq, çünki iyunun ilk ongünlüyündən etibarən temperatur rejiminin tam stabilləşəcəyi proqnozlaşdırılır.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
38
1
demokrat.az

2Источники