RU

Aşqabadda Azərbaycanın dayanıqlı şəhərsalma təcrübəsi təqdim olunub

Bakı, 24 may, AZƏRTAC

Aşqabadda keçirilən XXV Beynəlxalq “Ağ şəhər Aşqabad-2026” sərgi və konfransında Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov ölkəmizin şəhərsalma, memarlıq, dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi layihələr və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) barədə çıxış edib.

AZƏRTAC xəbər verir ki, səfir çıxışında Azərbaycanın şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin tarixə malik olduğunu bildirib. Qeyd edib ki, İpək Yolu üzərində yerləşən Azərbaycan şəhərləri tarixən mühüm ticarət, sənətkarlıq və mədəniyyət mərkəzləri kimi formalaşıb. Avropa ilə Asiya arasında yerləşən, Şərq və Qərbin qovuşduğu məkan olan Azərbaycanın qədim memarlığı hər iki qütbün ənənələrinin sintezini özündə əks etdirir.

Diplomat Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edildiyini diqqətə çatdırıb və bildirib ki, son illərdə Bakının COP29 və WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın qlobal platformalarda fəal rolunu, urbanizasiya sahəsində əməkdaşlığa verdiyi töhfəni və etibarlı tərəfdaş kimi mövqeyini nümayiş etdirib.

Həmçinin qeyd olunub ki, müasir dövrdə şəhərsalma məsələləri urbanizasiya, iqlim dəyişiklikləri, sosial inklüzivlik, nəqliyyat sistemləri və rəqəmsal idarəetmə ilə birbaşa bağlı olan kompleks sahələrdən biri kimi çıxış edir. Bu baxımdan, beynəlxalq platformalarda aparılan müzakirələr şəhərlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, dayanıqlı həllərin təşviqi və müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi üçün mühüm imkan yaradır. Bu xüsusda, Bakıda keçirilən WUF13 tədbiri şəhərlərin gələcəyi ilə bağlı qlobal müzakirələr üçün əhəmiyyətli platforma rolunu oynayıb.

Səfir sürətli urbanizasiyanın şəhərlərə, iqlimə, iqtisadiyyatlara və idarəetmə proseslərinə təsirlərinin WUF13 çərçivəsində müzakirə olunduğunu, daha təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması üçün innovativ həllərin təqdim edildiyini vurğulayıb. O, ilk dəfə Bakıda Liderlərin Zirvə Görüşünün təşkil edildiyini, bu görüşün şəhərlərin gələcəyinə dair strateji prioritetlərin müəyyənləşdirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Eyni zamanda, çıxışında Qarabağda aparılan bərpa, şəhərsalma və yenidənqurma işlərinə də toxunan səfir bildirib ki, ölkəmizdə müasir şəhərsalma prinsipləri, dayanıqlı inkişaf yanaşmaları tətbiq olunur, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı layihələr həyata keçirilir.

Diplomat, həmçinin Azərbaycanın və Türkmənistanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələrin modernləşmə və davamlı inkişaf istiqamətində atılan mühüm addımlar olduğunu bildirib. Qeyd edib ki, ölkələrimizin şəhərsalma sahəsində həyata keçirdiyi layihələr hər iki dövlətin müasir inkişaf gündəliyində şəhərlərin xüsusi yer tutduğunu göstərir.

Избранный
34
1
azertag.az

2Источники