RU

CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu

BAKI, 24 may. TELEQRAF

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Ankara şəhərindəki Baş Qərargahının boşaldılması ilə bağlı məhkəmə qərarı gərginliyə səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV-lər məlumat yayıb.

Kamal Kılıçdaroğlunun vəkili Celal Çelik məhkəmə qərarına baxmayaraq binanın boşaldılmadığını əsas gətirərək Ankara Polis İdarəsinə müraciət edib.

Vəkil binanın təhvil verilməsini tələb edib. Ankara Valiliyi isə məhkəmə qərarının icrası üçün polisin müdaxiləsinə göstəriş verib.Polis əməkdaşları binanın qarşısında təhlükəsizlik tədbirlərini artırıb. Binaya daxil olma zamanı gərginlik yaranıb. Özgür Özel özünü 12-ci mərtəbədəki kabinetində kilidləyib və video mesaj yayaraq binadan çıxmayacaqlarını bildirib.

Polisin qərargahın dəmir qapısını aşaraq həyətə daxil olduğu bildirilir. Həyətdə toplaşan partiya üzvləri polisə su və şüşə qablar atıblar.

Çevik qüvvə polisi qərargaha girişin qarşısını almağa çalışan partiya tərəfdarlarına bibər qazı ilə müdaxilə edib. Daha sonra polis və icra məmurları rəsmi bildirişin təqdim olunması üçün binaya daxil olublar.

Binanın daxilində bəzi şəxslərin qazdan zərər çəkdiyi, partiya üzvlərinin isə qapılar qarşısında kreslolardan barrikada qurmağa çalışdığı qeyd olunur.

Həmçinin bəzi deputat və partiya üzvlərinin yuxarı mərtəbələrə qalxan polis əməkdaşlarına mane olmağa çalışdığı, pilləkənlərə yuyucu vasitələr töküldüyü bildirilib.

Hazırda CHP qərargahı qarşısında polis qüvvələri təhlükəsizlik tədbirlərini davam etdirir. Partiya tərəfdarları isə binanın giriş hissəsində avtobuslarla barrikada qurublar.

Избранный
32
1
teleqraf.com

2Источники