Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi raket zərbələri nəticəsində mülki infrastrukturlara ciddi ziyan dəyib, dağıntılar var.
Raketlərin bəziləri Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə hədəflənib. Bəzi raketlər isə səfirlikdən 300 metr məsafəyə düşüb. Hava zərbələri nəticəsində səfirliyin pəncərələri sınıb.
Səfirliyə yaxın ərazilərə raket zərbələrinin vurulması nəticəsində “Lukyanovka” bazarı və “Kvadrat” ticarət mərkəzi tamamilə yanaraq məhv olub. Həmçinin bəzi yaşayış binalarında da dağıntılar qeydə alınıb.
Kiyev şəhər meri Vitali Kliçkonun açıqlamasına görə, hava zərbələri nəticəsində azı bir nəfər həlak olub, 40-dan çox insan isə xəsarət alıb. Yaralıların 28-i xəstəxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Dağıntılar təmizləndikdən sonra həlak olan və xəsarət alanların sayında dəyişikliyin olacağı istisna deyil.
ZÜMRÜD