RU

Ermənistanın Qərbi Azərbaycan(lılara) borcu - vaxtdır!

Rejional sülhdən, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından danışan Ermənistan rəhbərliyinin Qərbi Azərbaycanla bağlı yanlış təsəvvürləri və səsləndirdiyi iddialar əcaibdir. Ermənistan müxalifətinin Qərbi Azərbaycanla bağlı qaldırdığı hay-küyə “sülhpərvər” Ermənistan rəsmiləri də qoşulub. Hətta bir az da irəli gedərək Azərbaycanın bu mövzu ilə Ermənistanın təhlükəsizliyini “təhdid etdiyi” barədə iddialar səsləndirirlər.

Ermənistan rəhbərliyinin bir-birinə zidd mövqelər sərgiləməsi yenilik deyil və bizi əsla təəccübləndirmir. Vaxtaşırı Ermənistanın təhlükəsizliyinin təminatçısı olaraq Azərbaycanın adını önə çəkən erməni rəsmiləri nədənsə paralel şəkildə həm də Qərbi Azərbaycan mövzusunun Ermənistanın təhlükəsizliyinə təhdid yaratdığı barədə cəfəng iddialar irəli sürürlər. Dəfələrlə Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə fikirlər səsləndirib. Eyni zamanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qərbi Azərbaycan mövzusu ilə bağlı hay-küy salıb, hətta Varşavada keçirilən beynəlxalq tədbirlərdə də bu məsələnin Ermənistan üçün narahatlıq doğurduğunu, qəbulolunmaz olduğunu iddia edib.

MİRZOYAN.jpg

Mirzoyan bu günlərdə də yerli mətbuata açıqlamasında bildirib ki, Naxçıvanda Qərbi Azərbaycan mövzusuna həsr olunan tədbirin keçirilməsi İrəvanda narahatlıq doğurub. Ararat Mirzoyanın iddiasına görə, bu ritorika, eləcə də onun dövlət strukturları tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi sülh prosesinə, müstəqillik və ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsiplərinə uyğun gəlmir.

Söhbət nədən gedir? İyun ayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana Qayıdış” üçüncü festival-konqres keçiriləcək. Bu tədbir Ermənistanı niyə təşvişə salmalıdır ki? Absurd deyilmi? Bundan əvvəlki festival-konqres Naxçıvan şəhərində və Batabat yaylağında təşkil olunub, bəlkə Azərbaycan tankları Ermənistana hücuma keçib, yaxud Mirzoyanın Araratı dron hücumuna məruz qalıb? Azərbaycan tarixinin ayrılmaz bir hissəsinə aid tədbir haylarda niyə təşviş yaratmalıdır ki?

DAHLİZ.jpg

Yeri gəlmişkən, Ordubadda keçiriləcək sayca üçüncü tədbir həm də rəmzi mahiyyət və əhəmiyyət kəsb edir: Zəngəzur dəhlizi – TRIPP marşrutu üzərində...Burada hər hansı “qara niyyət” axtarmağa dəyməz. Ermənistan rəhbərliyi tamamilə absurd və yanlış mövqe sərgiləyir.

Unutmaq olmaz ki, Ermənistanla sülh imzalandı-imzalanmadı, yaxud Vaşinqton razılaşması oldu-olmadı, Qərbi Azərbaycan Azərbaycan dövləti üçün çox mühüm məsələdir və prioritet mövzulardandır, xalqımızın ideoloji məsələsidir. Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə konkret tapşırıqlar vermişdi və qayıdış konsepsiyası ilə bağlı mühüm vəzifələr qarşıya qoymuşdu.

7af9d8723e4695119468a70bf96d2c05_8959163.jpg

Bu mövzu həm də gələcək nəsillərimizin bir daha erməni vandalizmi ilə üzləşməməsi, soyqırımlarla üz-üzə qalmaması və tariximizin daha doğru əxs olunması baxımından olduqca əhəmiyyətlidir. Paşinyan, Mirzoyan və onun kimilər ola bilsin qan yaddaşımızın silinməsini arzulayırlar, amma buna nail ola bilməyəcəklər. Gələcəkdə növbəti faciələrlə üzləşməməyin yolu tariximizi gələcək nəsillərə çatdırmaqdan keçir! Tarixən unutqanlığımız başımıza bəla olub və haylar da bizi bu mənada yaxşı tanıyıb, bu dəfə keçməz! Qərbi Azərbaycana Qayıdış İcmasının yaradılması, Qayıdış Konsepsiyası, parlament komissiyası, məsələnin beynəlxalq miqyasa çıxarılması, ləyaqətli qayıdışın Prezident tərəfindən qarşıya əsas vəzifə olaraq qoyulması, Qarabağın, Şərqi Zəngəzurun qurulması, qayıdışımızın təmin olunmasının ardınca Qərbi Azərbaycana dönüşümüzün dinc, təhlükəsiz şəkildə həyata keçirilməsi barədə dövlət siyasəti həm də milli maraqlara hesablanıb.  

Ermənistan rəhbərliyi gözlərini və qulaqlarını yaxşı-yaxşı açsın, məsələnin mahiyyətini düzgün öyrənsinlər: söhbət Ermənistan qarşısında hər hansı ərazi iddiası qoyulmasından getmir. Prezident dəfələrlə bildirib ki, Azərbaycanın heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur və Qərbi Azərbaycan mövzusu da ərazi iddiası kimi qəbul olunmamalıdır. Qərbi Azərbaycan ideyası ilə hayların sərsəm “böyük Ermənistan” xülyasını qarışdırmasın haylar! Azərbaycanlıların təbii qayıdış haqlarından, həm də beynəlxalq hüquqdan söhbət gedir!

Nikol Paşinyan dəfələrlə bildirib ki, Ermənistanda Qərbi Azərbaycan ola bilməz. Kökündən yanlış mövqedir! Tarixdən bixəbərlər yalnız belə iddia ortaya qoya bilər! Qərbi Azərbaycan olub, var və olacaq! Əksinə, Ermənistan mövcudluğuna görə Azərbaycana, o cümlədən Qərbi azərbaycanlılara minnətdar olmalıdır! Ermənistanın formalaşması Azərbaycan Xalq Cümhuriyyətinin zəif dönəminə təsadüf edib və sonradan ərazilər genişləndirilərək 29 min kv.km-ə çatdırılıb. Ermənilərin İrəvan xanlığının ərazisinə, Qərbi Azərbaycan köçünün tarixi 1828-ci ildən sonra başlanırsa, Qərbi Azərbaycanın mərkəzi, İrəvan xanlığının paytaxtı İrəvan şəhəri 1918-ci ilin 29 mayında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının çarəsiz durumundan istifadə nəticəsində qoparılıb ermənilərə verilibsə, onda necə iddia etmək olar ki, “Ermənistanda Qərbi Azərbaycan ola bilməz?!”

9289_1673179055.jpg

Qərbi azərbaycanlılar müxtəlif dövrlərdə deportasiyalara məruz qalıblar - 1905, 1918, 1948 -1953 və 1988-1991-ci illərdə. Onlar öldürülüb, zorla qovulub, əmlakları talanıb. Sayları yüz minlər də yox, milyonlardır! Azərbaycanlıların öz yurdlarına geri qayıtmaq hüquqları beynəlxalq hüquqla tanınırsa, hansısa mirzoyanların iddiaları sabun köpüyüdür.

Özü də Qarabağ ermənilərinin qayıdışı ilə Qərbi azərbaycanlıların qayıdışının müqayisəsi absurddur və qəbulolunmazdır! Ermənilər Qarabağdan özləri getdilər, Çar Rusiyasının iki əsr əvvəl Xankəndiyə köçürdüyü hayların varisləri separatçıların girovluğundan xilas olmağın yolunu birdəfəlik Ermənistana köçməkdə gördülər. Azərbaycan dövləti onlara neçə dəfə “qalın, yaşayın”, dedi. Qalmadılar, getdilər. Azərbaycanlılara nəinki “qalın” deyən olmamışdı, onları ölümlə təhdid edib qovmuşdular tarixi yurdlarından. Bunu yalnız biz demirik ki...Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 1993-cü ildə özü etiraflar etmişdi, Mirzoyan və Paşinyan təkrar oxusun! Əgər onlar “Real Ermənistan” qurmaq istəyirlərsə, Qərbi Azərbaycan türklərinin haqqını yeməyə cəhd göstərməsinlər! Ermənistan rəhbərliyi hərbi xərclər əvəzinə sülhyönümlü layihələrə, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışına, kompensasiyalara və üzrxahlığa diqqət ayırmalıdır. Qərbi azərbaycanlıların öz tarixi yurdlarına qayıdışı gələcəkdə regionda sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər.

Qərbi Azərbaycanda 740 müsəlman qəbiristanlığının koordinatları müəyyən edilib. Bu faktdan sonra necə demək olar ki, Ermənistanda Qərbi Azərbaycan yoxdur?! Tədqiqatçı İvan Şopenin araşdırmalarına əsasən, vaxtilə İrəvan şəhərində mövcud olmuş 12 məsciddən 10-nun şəhərin özündə yerləşdiyi bildirilib.

AZİZ.jpg

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, İrəvanın Təpəbaşı məscidinin yalnız qalıqları günümüzədək gəlib çatıb, bir çox məscidlər isə tamamilə yer üzündən silinib. Ümumilikdə 17 mahalı əhatə edən coğrafiyada 500-dən artıq məscidin mövcudluğu müəyyən edilib, təxminən 300 məsciddən heç bir iz qalmayıb. Rəqəmlər dəhşət saçır! Bunu “erməni irsi”nə yasxana açanlar da kor gözlərini açıb, yaxşı-yaxşı oxusunlar! Qərbi azərbaycanlıların doğma yurdlarında qalan zəngin maddi-mədəni irsi, 300-dən çox məscid, saraylar, qala və karvansaralar, 500-ə yaxın qəbiristanlıq yerlə-yeksan edilib. Qərbi Azərbaycan, Qərbi azərbaycanlılar yox idisə, yüzlərlə qəbiristanlıqları kimlər salmışdı?

Paşinyan Ermənistan ərazisində Qərbi Azərbaycan kimi Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən rayonlarını göstərib. Deyən gərək, özünə çox əziyyət vermə, Nikol! Biz tarixi ərazilərimizi yaxşı tanıyırıq. Azərbaycan Respublikasının qərb rayonları ilə Qərbi Azərbaycanı qarışdırırsansa, tarixi yaxşı oxu! Digər tərəfdən, Ermənistan rəhbərliyi yaxşı olar ki, İrəvanda sülənən erməni separatçılarını, Azərbaycana dil uzadan Qarabağ klanını susdursun, boş-boş bəyanatlarla baş qatmağa, zaman qazanmağa çalışmasın! İrəvan xanlığının mərkəzində hələ də Qarabağ separatçılarının şeytan yuvası var, Nikol oranı dağıtmağı bacarmırsa, biz bacararıq! Rusiyada, digər ölkələrdə də saxta iddialara Ermənistan rəhbərliyi nəinki etiraz edir, hətta onların səsinə səs verir. Deməli, oyun oynayırlar, özü də çox təhlükəli! Qulaqlarını və gözlərini yaxşı açsınlar: nə qədər ki, “artsax”, “Qarabağ ermənilərinin qayıdışı” kimi axmaq iddialar gündəmdə saxlanılacaq, Qərbi Azərbaycan mövzusu daha da aktual olacaq və hər an iqtidarlı-müxalifətli revanşistlərin başlarına çırpılacaq! Ermənistan belə davam etsə, Qərbi Azərbaycanla bağlı növbəti festivallar Naxçıvanda yox, elə Qərbi Azərbaycanda – qədim türk yurdlarında keçiriləcək, İrəvanda, Basarkeçərdə, Göyçə gölünün sahilində...Azərbaycan Prezidenti bu günədək dediklərini reallaşdırıb və babalarının yurd yeri olan Qərbi Azərbaycanla bağlı xəbərdarlığına da Ermənistan rəsmiləri ciddi yanaşmalıdırlar!

İİİİİİİİİİİİİİİ.png

Yoxsa sonra çox gec olacaq! Ermənistan Qərbi Azərbaycana borcludur: Kəsəsi, kadastr sənədi olmayan Ermənistan rəhbərliyinin qarşısındakı əsas vəzifələrdən biri budur: Qərbi Azərbaycana, Qərbi azərbaycanlılara olan borcun qaytarılması zamanı çatıb!!! Azərbaycan dövləti bütün məsələlərin sülh yolu ilə həllini istəyir. Qərbi azərbaycanlıların öz yurdlarına tanklarla deyil, avtomobillərlə qayıdacağı ən yüksək səviyyədə elan olunub! Əksini iddia edənlər uduzacaqlar!

Избранный
32
musavat.com

1Источники