Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 24-də Şəki və Zaqatalada keçirdiyi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.
Hafta.az xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 6, Zaqatalada isə 5 mərkəz olmaqla, ümumilikdə 11 bina ayrılıb. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.
DİM-in regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə 1556 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 18 imtahan rəhbəri və 148 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 123 zal ayrılıb.
Zaqatalada keçirilən qəbul imtahanında isə 951 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 14 imtahan rəhbəri və 92 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 77 zal ayrılıb.
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.
Regional bölmənin müdiri Səbuhi Hüseynov bildirib ki, bütün imtahan mərkəzlərində II və III ixtisas qrupları üzrə qəbul imtahanı mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib. Onun sözlərinə görə, Şəki şəhəri 8 nömrəli tam orta məktəbdə keçirilən imtahanda iştirak edən bir nəfər gözdən əlil abituriyentə sualların cavablandırılması üçün əlavə bir saat vaxt verilib.