Kulis.az saytına istinadən ain.az xəbər verir.
Kulis.az araşdırmaçı-hüquqşünas Yunis Xəlilovun "Dağların gizli dili: Qafdan Duzdağa, Şastadan Əshabi-Kəhfə uzanan sakral xəritə" yazısını təqdim edir.
Bəşər tarixində dağ heç vaxt sadəcə torpaq, daş, qaya və yüksəklik olmayıb. İnsan dağa baxanda yalnız təbiətin ucalığını deyil, həm də özündən böyük olanı, əlçatmazı, sirli və müqəddəsi hiss edib. Dağ insanın qarşısında həm fiziki maneə, həm mənəvi çağırış, həm də görünən dünya ilə görünməyən aləm arasında sərhəd kimi dayanıb. Elə buna görə də dünyanın müxtəlif xalqlarının mifologiyasında, dini mətnlərində və ezoterik ənənələrində dağlar ya tanrıların məskəni, ya peyğəmbərlərin vəhy aldığı yer, ya tufandan sonra qalan xilas nöqtəsi, ya kosmik və spiritual təsirlərlə əlaqə nöqtəsi ya da yerin altında gizlənən sirli mərkəzlərə açılan qapı kimi təsvir olunub.
Ən maraqlısı isə budur: müqəddəs dağ düşüncəsində yalnız zirvə deyil, dağın içi də mühüm yer tutur. Zirvə göyə açılır, mağara yerin sirrinə. Dağın başı nurla, dağın içi qaranlıqla bağlıdır. Lakin ezoterik düşüncədə qaranlıq həmişə qorxu demək deyil, bəzən qaranlıq insanın yenidən doğulduğu ana bətnidir, sükutdur, qorunmadır, gizli biliyin saxlandığı məkandır.
Müqəddəs hesab edilən dağlar isə birbaşa ley xətləri ilə əlaqəli məsələdir. Yer kürəsində elə nöqtələr və xətlər olduğu düşünülür ki, onlar əsrlər boyu sirli və xüsusi enerjiyə malik məkanlar kimi qəbul edilib. Bu xətlər “Ley xətləri” adlanır və qədim məbədlər, piramidalar, daş abidələr, müqəddəs dağlar, eləcə də astronomik quruluşlarla əlaqələndirilir. İddialara görə, Ley xətləri Yer üzərində görünməz enerji şəbəkəsi yaradır və bu xətlər üzərində yerləşən bölgələrdə qeyri-adi hadisələrin baş verməsi, insanların psixoloji və fiziki vəziyyətinə təsir göstərməsi müşahidə olunur. Bəzi müasir nəzəriyyələrə əsasən qədim sivilizasiyalar bu enerji xətlərinin mövcudluğunu bilib və mühüm tikililəri məhz həmin nöqtələrdə inşa ediblər. Hesab edilir ki, məbədlər, piramidalar və digər monumental quruluşlar bu enerjidən faydalanmaq və ya onu yönləndirmək məqsədilə xüsusi şəkildə yerləşdirilib.
Dinlər tarixi üzrə tanınmış araşdırmaçı Mircea Eliade müqəddəs məkanı adi məkandan fərqləndirərkən göstərirdi ki, dini insan üçün məkan eyni dərəcədə “boş” və “neytral” deyil. Bəzi yerlər insanın dünyanı mənalandırdığı, xaosdan çıxıb “mərkəz” tapdığı xüsusi nöqtələrdir. Eliadenin “axis mundi” – “dünya oxu” anlayışı da məhz bunu ifadə edir: müqəddəs dağ, ağac, məbəd və ya mağara göy, yer və yeraltı aləm arasında rabitə yaradan simvolik mərkəzdir.
Müqəddəs dağlar üzrə tanınmış tədqiqatçı Edwin Bernbaum da “Sacred Mountains of the World” (“Dünyanın müqəddəs dağları”) adlı əsərində dağların dünya mədəniyyətlərində dini, mifoloji, estetik və mənəvi baxımdan oynadığı rolu araşdırır. Bernbaumun yanaşmasında müqəddəs dağ yalnız ibadət yeri deyil, o, insanın özündən böyük məna ilə qarşılaşdığı, təbiətin ucalığı ilə daxili yüksəlişin birləşdiyi məkandır.
Beləliklə, Meru, Qaf, Tanrı dağları, Olimp, Sina, Horeb, Hirə, Zeytun, Kailaş, Şasta, Ağrı dağı, Gəmiqaya, Nəhəcir, Əshabi-Kəhf, İlandağ və Duzdağ ayrı-ayrı coğrafi adlar olmaqla yanaşı, eyni böyük mənəvi xəritənin müxtəlif nöqtələri kimi görünür. Bu xəritədə bir dağ qanunu, bir dağ vəhyi, bir dağ tufandan sonrakı ümidi, bir mağara qorunan imanı, bir yeraltı məkan isə şəfanı və nəfəsi təmsil edir.
Dağın içi: müqəddəsliyin gizli qatı
Ənənəvi mifoloji təsəvvürlərdə dağların xarici görünüşündən daha çox onların iç dünyası diqqət çəkir. Bir çox ezoterik mətnlərdə dağların içi “tanrıların vətəni”, mağaralar isə həmin gizli vətənə aparan yollar kimi təsvir olunur. Bu fikir ilk baxışda fantastik görünə bilər, lakin simvolik baxımdan olduqca dərindir.
Dağın üstü insanın göyə doğru yüksəlişini, dağın içi isə bilinməyənə doğru enişini ifadə edir. Zirvə açıqdır, mağara gizlidir. Zirvə insanı səmaya baxmağa məcbur edir, mağara onu öz içinə qaytarır. Ona görə də müqəddəs təcrübə çox vaxt iki istiqamətdə baş verir: insan ya dağa qalxır, ya da mağaraya enir. Hər iki halda o, gündəlik aləmdən ayrılır və başqa bir mənəvi vəziyyətə keçir.
Ezoterik ədəbiyyatda bu “dağ içi” motivi müxtəlif adlarla təqdim olunub: tanrılar, qoruyucu ruhlar, üstün varlıqlar, gizli ustadlar, bəzən də müasir dövrün dili ilə kosmik varlıqlar. Düzdür, bu obrazları elmi fakt kimi qəbul etmək düzgün olmaz. Amma onların arxasında sabit bir arxetip dayanır: insan dağın içində özündən üstün bir bilik, gizli bir mərkəz və qorunan bir sirr axtarır. Bu mənada dağ təkcə yüksəklik deyil, həm də örtükdür. O, sirri həm göstərir, həm gizlədir. Zirvəsi çağırır, içi saxlayır.
Meru: dünyanın oxu
Müqəddəs dağ ideyasının ən qədim və dərin nümunələrindən biri Hind ənənəsindəki Meru dağıdır. Meru coğrafi dağdan çox kosmik modeldir. O, kainatın mərkəzində dayanan qızıl dağ, tanrıların məskəni, dünyanın oxu kimi təsəvvür edilib. Eliadenin müqəddəs məkan nəzəriyyəsində belə kosmik dağlar insanın göy, yer və yeraltı aləm arasında rabitə qurduğu mərkəzlərdən biri kimi izah olunur.
Merunun əsas mənası budur: insan xaosdan çıxmaq üçün mərkəz axtarır. Hər şeyin dağıldığı, qarışdığı, mənasını itirdiyi dünyada müqəddəs dağ sabit nöqtəyə çevrilir. Bu mənada Meru bütün sonrakı müqəddəs dağların ana obrazı kimi görünür.
Əgər Sina qanunun, Hirə vəhyin, Olimp ilahi hakimiyyətin, Qaf bilinməyən aləmin, Duzdağ isə yeraltı şəfanın simvoludursa, Meru bütün bu mənaların ilkin sxemidir: yuxarı, aşağı və orta dünya arasında qurulan böyük kosmik sütun.
Qaf dağı: bilinən dünyanın bitdiyi sərhəd
Şərq mifologiyasında Qaf dağı xüsusi yer tutur. Qaf dağını adi xəritədə tapmaq çətindir, çünki o, daha çox maddi coğrafiyanın yox, batini təxəyyülün dağıdır. Ərəb, fars və türk-islam təsəvvürlərində Qaf çox vaxt dünyanın kənarında, bilinən aləmlə bilinməyən aləm arasında sərhəd kimi təqdim olunur. D.G.Priorun “Travels of Mount Qāf” adlı tədqiqatı da Qaf obrazının əfsanədən coğrafiyaya, coğrafiyadan yenidən simvolik məna qatına doğru hərəkətini araşdırır.
Qaf dağının sirri ondadır ki, o, “dünyanın sonu” deyil, insan idrakının son həddidir. İnsan Qafa çatanda yol bitmir, amma adi düşüncə dayanır. Qafdan o tərəfə ölçülə bilən məsafə yox, simvolik səyahət başlayır.
Əttarın “Məntiqüt-teyr”ində quşların Simurğu axtarmaq üçün Qafa doğru getməsi də bu baxımdan çox mənalıdır. Quşlar uzaqdakı sirri axtarırlar, lakin yolun sonunda anlayırlar ki, axtardıqları həqiqət onların öz mahiyyəti ilə bağlıdır. Deməli, Qaf həm uzaqdakı dağdır, həm də insanın içindəki gizli zirvədir.
Tanrı dağları: göyə yaxın türk yaddaşı
Türk dünyasının qədim düşüncəsində dağ göy ilə yer arasında təbii körpü idi. Tyan-Şan – “Səma dağları” yalnız coğrafi silsilə deyil, həm də türk-monqol dünyagörüşünün rəmzidir. Göy Tanrı inancında göy sadəcə fiziki səma deyildi, o, nizamın, qutun, taleyin və ali hakimiyyətin məkanı idi.
Tanrı dağları insanın özündən yuxarıda duran qanunu hiss etdiyi yerdir. Düzənlikdə insan gündəlik həyatın qayğıları içindədir, dağa baxanda isə sanki ona xatırladılır ki, həyat yalnız torpaq və məişət deyil, daha yuxarıda bir nizam da var. Bu səbəbdən Tanrı dağları türk yaddaşında təbiət obrazından çox mənəvi istiqamət nöqtəsidir. İnsan dağın qarşısında öz kiçikliyini və eyni zamanda yüksəlmək imkanını görür.
Olimp: tanrıların sarayı, insanın daxili səhnəsi
Ezoterizmdə “Yerin göbəyi” “Omfalos dağı” adı ilə simvollaşdırılıb. Bu gizli məlumatlara görə “Omfalos dağı”nın yer kürəsinin “ürəyi” olduğu qəbul edilir. Bu dağ fəqrli mədəniyyətlərdə müxtəlif cür adlandırılıb. Adı çəkilən dağ qədim Yunanıstanda “Olimp dağı” kimi qarşımıza çıxır. Yunan mifologiyasında Olimp dağı tanrıların məskəni, Zevsin taxtı kimi təqdim olunur. Burada dağ sükut və tənhalıq yeri deyil, hakimiyyət səhnəsidir. Zevsin ildırımı, Afinanın ağlı, Aresin müharibə ehtirası, Afroditanın cazibəsi, Apollonun işığı, Dionisin ekstazı – bütün bunlar əslində insan ruhunun müxtəlif qüvvələridir.
Olimp bu mənada yalnız tanrıların yaşadığı dağ deyil, insan psixikasının dağ başına qaldırılmış obrazıdır. Hər insanın içində bir Olimp var: ağıl, ehtiras, qəzəb, sevgi, qorxu, yaradıcılıq, intiqam, mərhəmət. Yunan mifologiyası bu daxili qüvvələri tanrıların dili ilə danışdırır.
Ezoterik baxımdan Olimp bizə göstərir ki, “tanrılar” bəzən göydə yox, insanın öz içindəki güclərdə yaşayır.
Sina və Horeb: dağda qanun, daşda əhd
Sina və Horeb müqəddəs dağlar sistemində xüsusi mərhələdir. Burada dağ artıq tanrıların məskəni olmaqdan çıxır, qanunun nazil olduğu yerə çevrilir. Tövrat ənənəsində Musanın “Rəbbin dağı” Horebə gəlməsi, Sina ilə bağlı əhd və qanun motivi dağın yalnız təbiət obyekti deyil, ilahi məsuliyyət məkanı kimi qavranıldığını göstərir.
Bu dağın mənası yüksəlişdir, amma sadəcə fiziki yüksəliş deyil. Musa dağa qalxır, xalq aşağıda qalır. Bu səhnə insanın daxilində də baş verən hadisə kimi oxuna bilər: aşağıda qorxu, tərəddüd, kütlə psixologiyası; yuxarıda qanun, vicdan və məsuliyyət dayanır.
Sina və Horeb insanın öz içində “mən nə etməliyəm?” sualına cavab axtardığı dağlardır. Burada dağ sirr deyil, hökm gətirir; sehr deyil, məsuliyyət yaradır.
Hirə: qaranlıq mağaradan doğan söz
İslam tarixində Hirə mağarası Məhəmməd peyğəmbərə ilk vəhyin gəldiyi məkan kimi qəbul olunur. Bu məqam müqəddəs dağların ümumi simvolikasında çox mühümdür. Çünki Hirədə əsas hadisə dağın zirvəsində yox, dağın içində – mağarada baş verir.
Burada sükut sözə çevrilir. Tənhalıq vəhyin başlanğıcı olur. İnsan cəmiyyətdən uzaqlaşır, mağaraya çəkilir və orada bütün bəşər tarixini dəyişəcək ilahi xitabla qarşılaşır.
Hirə dağı göstərir ki, həqiqət həmişə gurultulu meydanlarda gəlmir. Bəzən həqiqət qaranlıq bir mağarada, insanın öz içinin ən dərin sükutunda doğulur.
Zeytun dağı: dua və təslimiyyət məkanı
Xristian ənənəsində Zeytun dağı İsa peyğəmbərin Yerusəlimlə bağlı son hadisələri, dua, Getsemani bağı və göyə yüksəliş xatirəsi ilə əlaqələndirilir. Bu dağ Sina kimi qanun dağı deyil, Hirə kimi ilk vəhy məkanı da deyil. Zeytun dağı daha çox taleyin qəbul edildiyi, ağrının mənaya çevrildiyi məkandır.
Bəzən insan dağa qələbə qazanmaq üçün yox, təslim olmağı öyrənmək üçün qalxır. Zeytun dağı bu baxımdan insanın öz aqibəti ilə üz-üzə dayandığı rəmzdir. Burada yüksəliş fəth deyil, qəbul etməkdir.
Kailaş: toxunulmayan zirvə
Tibetdə yerləşən Kailaş dağı hinduizm, buddizm, caynizm və Bon ənənələrində müqəddəs məkan kimi tanınır. Kailaşın maraqlı cəhəti budur ki, o, fəth edilmək üçün yox, ətrafında dövrə vurulmaq üçün müqəddəs sayılır. Müasir insan hər şeyi ölçmək, çıxmaq, aşmaq, özününkü etmək istəyir. Kailaş isə sanki başqa bir prinsip irəli sürür: müqəddəs olan hər şey mənimsənilmir.
Kailaş insanın toxunulmayan daxili mərkəzidir. Hər insanın içində elə bir sahə var ki, ona zorla girmək olmaz. Ona yalnız ehtiramla, sükutla, dövrə vuraraq yaxınlaşmaq mümkündür.
Şasta dağı: müasir ezoterikanın sirli laboratoriyası
Kaliforniyadakı Şasta dağı həm yerli Amerika xalqlarının müqəddəs coğrafiyası, həm də müasir ezoterik ədəbiyyatın ən məşhur sirli məkanlarından biridir. Şasta ətrafında müxtəlif rəvayətlər yaranıb: dağın üzərində görünən qəribə işıqlar, sirli sis hadisələri, dağın içində yaşadığı iddia olunan gizli topluluqlar, ağ geyimli uzunboylu sakinlər, səssiz hərəkət edən naməlum hava vasitələri, Lemuriya və yeraltı şəhərlər haqqında söyləntilər.
Əlbəttə, bu iddialar elmi fakt kimi qəbul edilə bilməz. Lakin mədəniyyətşünaslıq baxımından çox maraqlıdır: müasir insan da qədim insan kimi dağın içində gizli bir dünya təsəvvür edir. Qədim dövrdə bu gizli dünyada tanrılar, ruhlar və ilahi varlıqlar yaşayırdı; müasir ezoterik təxəyyüldə isə onları “gizli ustadlar”, “üstün varlıqlar”, “itmiş sivilizasiya nümayəndələri” və ya “kosmik varlıqlar” əvəz edir.
Şasta bu mənada yeni dövrün Qaf dağıdır. Qafda Simurğ və bilinməyən aləm vardı; Şastada Lemuriya, gizli sakinlər və enerji mərkəzləri barədə rəvayətlər yaranır. Forma dəyişir, ehtiyac dəyişmir: insan hələ də dağın içində qorunan sirrə inanmaq istəyir.
Aqarta və Şambala: yeraltı sivilizasiya mifinin dili
Ezoterik ədəbiyyatda dağların və yeraltı aləmlərin ən çox müzakirə olunan obrazlarından biri Aqarta və Şambala motividir. Bu rəvayətlərdə yerin altında gizli mərkəzlərin, qədim bilik daşıyıcılarının, bəşəriyyətin taleyinə təsir edən görünməz qüvvələrin mövcudluğundan bəhs edilir. Bəzən bu mövzular Atlantis, Mu, Naacal rahibləri, gizli inisiasiya məktəbləri və yeraltı tunel sistemləri ilə əlaqələndirilir.
Burada vacib sərhəd var: Aqarta və Şambala elmi tarix tərəfindən sübut olunmuş sivilizasiyalar kimi qəbul edilmir. Onlara tarixi fakt kimi yox, ezoterik mifologiyanın simvolik dili kimi yanaşmaq daha doğrudur. Lakin bu miflərin yaşaması təsadüfi deyil. Onlar insanın “gizli mərkəz” axtarışını ifadə edir. İnsan inanmaq istəyir ki, dünyanın görünən siyasi, iqtisadi, sosial səhnəsindən başqa daha dərin, daha qədim, daha gizli bir bilik qatının mövcudluğu mümkündür. Aqarta və Şambala bu ehtiyacın rəmzləridir: bəşəriyyət sanki öz itirilmiş hikmətini dağların altında, əlçatmaz zirvələrin arxasında və səssiz mağaralarda axtarır. Bu mənada Aqarta və Şambala haqqında danışmaq “yeraltında həqiqətən belə dövlətlər var” demək deyil. Bu, insanlığın batini təsəvvüründə gizli biliyin həmişə “aşağıda”, “gizlidə”, “örtülü yerdə” saxlanması ideyasını anlamaqdır.
Ağrı dağı: tufandan sonra görünən ümid
Ağrı dağı Nuh tufanı rəvayəti ilə əlaqəsinə görə bəşəriyyətin ən güclü simvolik zirvələrindən biridir. Düzdür, Nuhun gəmisinin qalıqlarının tapılması qəti şəkildə sübut olunmuş məsələ deyil. Lakin Ağrı dağının mənası sübut və arxeoloji tapıntı ilə məhdudlaşmır. Onun gücü rəvayətin özündədir.
Tufan bütün dünyanı örtür, sular hər şeyi silir, insan üçün əvvəlki həyat bitir. Belə bir anda suyun üzərində görünən ilk yüksəklik ümidə çevrilir. Ağrı dağı bu baxımdan “məhvdən sonra başlanğıc” rəmzidir. İnsan həyatında da tufanlar olur. Bəzən ailə, şəhər, vətən, inam, yaddaş sarsılır. Amma insanın içində bir Ağrı dağı qalırsa, o, yenidən başlaya bilir.
İlandağ – Haçadağ: parçalanmış zirvənin yaddaşı
Naxçıvanın ən təsirli dağ obrazlarından biri İlandağ, başqa adı ilə Haçadağdır. Xalq rəvayətlərində bu dağ Nuh tufanı motivi ilə əlaqələndirilir. Rəvayətə görə, Nuhun gəmisi bu dağa toxunmuş, zərbədən zirvə iki yerə ayrılmışdır.
Bu izahı geoloji fakt kimi yox, xalq yaddaşının yaratdığı simvol kimi qəbul etmək daha doğrudur. Amma məhz bu simvol dağa ikinci həyat verir. İlandağ yalnız relyef deyil, o, zərbə almış, parçalanmış, amma hələ də ayaqda qalan yaddaşdır.
İlan obrazı da çoxqatlıdır. O, bir tərəfdən təhlükə, digər tərəfdən müdriklik, yenilənmə, yeraltı enerji və qabıq dəyişmə simvoludur. İlandağın haçalanmış zirvəsi ikiliyi xatırladır: göy və yer, qorxu və inam, ölüm və xilas, yara və yenidən doğuluş.
Bu mənada İlandağ Naxçıvanın daşlaşmış sualıdır: insan zərbədən sonra da ayaqda qala bilərmi? Dağ cavab verir: bəli, bəzən yara özü abidəyə çevrilir.
Gəmiqaya: daş üzərində yazılmış ilkin yaddaş
Naxçıvanın sakral xəritəsində Gəmiqaya ən qədim qatdır. Buradakı qayaüstü təsvirlər yalnız arxeoloji abidə deyil, qədim insanın kainatla danışmaq cəhdidir. İnsan yazını yaratmazdan əvvəl mənasını daşa həkk edib. Daş burada kağız deyil, yaddaşdır.
Gəmiqayadakı keçi, insan, günəş, araba, ilan, damğa və digər işarələr qədim dünyagörüşünün izlərini daşıyır. Onlara yalnız ov səhnəsi və ya məişət rəsmi kimi baxmaq azdır. Bu təsvirlər ilkin simvolik əlifbadır. Qədim insan təbiəti təkcə istifadə etmirdi, onunla danışırdı. Gəmiqaya həmin danışığın daşlaşmış səsidir.
Ezoterik baxımdan Gəmiqaya açılmamış kitabdır. Orada söz yoxdur, amma məna var; cümlə yoxdur, amma sistem var; izah yoxdur, amma yaddaş var.
Nəhəcir: dağ, bulaq və yaşayışın qoruyucu üçlüyü
Nəhəcir dağı və onun ətrafındakı qədim yaşayış yerləri Naxçıvanın sakral coğrafiyasında ayrıca məna daşıyır. Bu məkanın gücü üç elementin birləşməsindədir: dağ, su və yaşayış.
Dağ qoruyur. Su yaşadır. Yaşayış insanın torpaqla bağını davam etdirir. Nəhəcir bu baxımdan yalnız arxeoloji məkan deyil, qədim insanın təbiətlə qurduğu müqavilənin izidir.
Ezoterik dillə desək, Nəhəcir “qorunan həyat” rəmzidir. İnsan burada dağın ətəyində, suyun yanında, təbiətin himayəsində öz yurdunu qurur. Bu, müqəddəsliyin yalnız məbədlərdə deyil, bəzən məkanın öz quruluşunda da mövcud olduğunu göstərir.
Əshabi-Kəhf: mağara, yuxu, it və zamanın sirri
Naxçıvanın ən mühüm sakral məkanlarından biri Əshabi-Kəhfdir. Bu hekayənin əsas dini qaynaqlarından biri Qurani-Kərimin “Kəhf” surəsinin 9-26-cı ayələridir. Lakin mağaraya sığınan gənclər və uzun yuxu motivi yalnız İslam mətnləri ilə məhdudlaşmır, bu süjet Qurandan əvvəl də müxtəlif mədəniyyətlərdə, xüsusilə xristian ənənəsində “Yeddi yatmışlar” adı ilə tanınıb. Əshabi-Kəhf haqqında müqayisəli araşdırmalarda bu motiv “Mahabharata”, Suruçlu Yaqub, Paul the Deaconun “Historia Langobardorum” və Yakopo da Varazzenin “Legenda Aurea” əsərləri ilə yanaşı müzakirə olunur.
Əshabi-Kəhf hekayəsinin gücü təkcə “bir qrup gənc mağarada yatdı və illər sonra oyandı” süjetində deyil. Burada mağara, yeddi rəqəmi, 309 il, yatmaq, sağa-sola çevrilmək, günəş işığının mağaraya düşmə forması və it obrazı kimi çoxlu simvolik element var. Bu elementlər hekayəni sadə rəvayətdən çıxarıb dərin batini mətnə çevirir.
Ən maraqlı suallardan biri budur: itin bu hekayədə nə işi var? Qitmir adlı it sadəcə mağaranın ağzında dayanan heyvan deyil. O, sərhəd obrazıdır. Gənclər zülmdən qaçıb mağaraya sığınırlar. Mağara burada təkcə gizlənmə yeri deyil; o, zamanın dayandığı, insanın qorunduğu, sanki yenidən doğulduğu məkandır. İt isə bu keçidin ağzında dayanır. O, bir tərəfdən zahiri qoruyucudur, digər tərəfdən iki dünya arasında keşikçi kimi çıxış edir.
Qədim mədəniyyətlərdə it obrazının bu cür sərhəd və müşayiətçi mənaları geniş yayılıb. Misir mifologiyasında itbaşlı Anubis ölüləri axirət dünyasına yola salan tanrı kimi tanınır. Müxtəlif qədim cəmiyyətlərdə ölülərlə birlikdə itlərin basdırılması da itin yalnız ev heyvanı kimi deyil, ruhun yol yoldaşı, keçid bələdçisi kimi qavranıldığını göstərir. Bu baxımdan Qitmir hekayənin səssiz, amma çox mühüm qəhrəmanıdır. O, mağaranın qapısında dayanaraq həm gəncləri qoruyur, həm də hekayənin batini mənasını açır: müqəddəs keçidlərdə insan tək olmur; onu qoruyan, müşayiət edən, sərhədi gözləyən bir qüvvə var.
Sirius – “İt ulduzu” motivi də bu simvolikanı daha da dərinləşdirir. “Nəcm” surəsində “Şira” adı ilə xatırlanan Sirius qədim mədəniyyətlərdə xüsusi yer tutub. Siriusun Canis Major – Böyük İt bürcü ilə bağlılığı, Misirdə Sopdet obrazı ilə əlaqələndirilməsi və ezoterik izahlarda ruhların yolçuluğu ilə bağlanması Qitmir obrazını sadə heyvan səviyyəsindən çıxarıb kosmik qoruyucu rəmzinə çevirir.
Əshabi-Kəhfin harada yerləşməsi məsələsi isə müxtəlif ölkələrdə fərqli lokalizasiyalarla bağlıdır. Türkiyə, İordaniya, Suriya, Misir, Əfqanıstan, İspaniya, Hindistan və başqa yerlərdə bu rəvayətə aid edilən mağaralar göstərilir. Bununla belə, Naxçıvan versiyası Azərbaycan elmi, dini və xalq yaddaşında xüsusi yer tutur. Fəxrəddin Razinin “Mefatih-ül-Qeyb” əsərində mağaranın Naxçıvan ərazisi ilə əlaqələndirilməsi, eləcə də Əbu Həyyan, Əbdürrəşid əl-Bakuvi və digər müəlliflərin bu istiqamətdə xatırladılması Naxçıvan Əshabi-Kəhfini daha geniş müzakirə mövzusuna çevirir.
Əshabi-Kəhf Naxçıvanın sakral xəritəsində yalnız ziyarətgah deyil. O, qaranlıqdan aydınlığa, qorxudan imana, zamandan zamansızlığa keçidin rəmzidir. Burada mağara ana bətnidir, yuxu ölümə bənzər sükutdur, oyanış yenidən doğuluşdur, it isə keçidin keşikçisidir.
Duzdağ: yerin altında nəfəs alan şəfa məkanı
Naxçıvanın sirli və sakral məkanları içində Duzdağ xüsusi yer tutur. Çünki burada insan dağın başına deyil, yerin altına enir. Amma bu eniş qaranlığa yox, nəfəsə, şəfaya və təmizlənməyə doğrudur.
Duzdağın arxeoloji əhəmiyyəti də böyükdür. Bu ərazi Naxçıvan şəhərindən təxminən 7 kilometr şimal-qərbdə yerləşən mühüm “duz günbəzi”dir. Duzdağ yalnız müasir müalicə məkanı deyil, həm də qədim istehsal, ticarət və mədən yaddaşı baxımından mühüm məkandır. Duzun simvolik mənası qədim mədəniyyətlərdə çox güclü olub. Duz qoruyur, saxlayır, çürüməyə qarşı dayanır, təmizləyir. Duzdağda bu simvolika fiziki reallıqla birləşir: insan duz qatlarının arasında nəfəs alır, sanki yerin özü onun nəfəsini təmizləyir.
Əgər Sina qanunun dağıdırsa, Hirə vəhyin mağarasıdırsa, Əshabi-Kəhf zamanın qorunduğu sığınacaqdırsa, Duzdağ bədənin və nəfəsin yenidən qurulduğu yeraltı sakral məkandır. Burada dua sözlə deyil, nəfəs ilə edilir.
Gizli sistem ideyası: real tunellərdən çox mənəvi xəritə
Müxtəlif mədəniyyətlərdə dağların içində yaşayan tanrılar, qoruyucu ruhlar, üstün varlıqlar və gizli topluluqlar haqqında rəvayətlər var. Müasir dövrdə bu rəvayətlər bəzən “yadplanetlilər”, “itmiş sivilizasiyalar”, “yeraltı şəhərlər” dili ilə yenidən qurulur. Burada adlar dəyişir, arxetip isə qalır.
Bu arxetipin mahiyyəti belədir: insan görünən dünyanın altında görünməyən bir məna qatının olduğuna inanmaq istəyir. Dağın içi, mağara, tunel, yeraltı şəhər və mədən bu gizli qatın simvollarıdır. Buna görə Şasta, Qaf, Agarta, Şambala, Əshabi-Kəhf və Duzdağ eyni fiziki sistemin hissələri kimi yox, eyni mənəvi xəritənin müxtəlif işarələri kimi oxuna bilər. Onların hamısında bir fikir təkrarlanır: həqiqət yalnız açıq səthdə deyil; bəzən o, örtülü, gizli, səssiz və dərin qatlarda saxlanılır.
Dağların ortaq ezoterik mahiyyəti: yüksəliş və eniş
Bütün bu dağların və yeraltı məkanların ortaq sirri iki hərəkətdə gizlənir: yuxarı qalxmaq və aşağı enmək. Yuxarı qalxmaq – idrak, nur, qanun, vəhy, göy nizamı və mənəvi yüksəlişdir. Aşağı enmək – yaddaş, sığınacaq, sınaq, şəfa, qorunma və daxili çevrilmədir.
Meru dünyanın oxudur. Qaf bilinməyən aləmin sərhədidir. Tanrı dağları göy nizamının yaddaşıdır. Olimp insan ehtiraslarının ilahi səhnəsidir. Sina və Horeb qanunun zirvəsidir. Hirə sükutdan doğan vəhydir. Zeytun dağı dua və təslimiyyətdir. Kailaş toxunulmayan mərkəzdir. Şasta müasir ezoterik təxəyyülün laboratoriyasıdır. Ağrı dağı tufandan sonrakı ümiddir. İlandağ zərbədən sonra da ayaqda qalan zirvədir. Gəmiqaya daş yaddaşdır. Nəhəcir qorunan həyatdır. Əshabi-Kəhf zamanın dayandığı mağaradır. Duzdağ isə yerin altında nəfəs alan şəfa məkanıdır.
Bu məkanların hər biri başqa dildə danışır, amma hamısı eyni sirri pıçıldayır: insan yalnız göyə baxan varlıq deyil, o, həm də yerin dərinliyindən gələn yaddaşı daşıyır.
Dağlar susan kitabələrdir...
Dağlar danışmır. Amma insan min illərdir onların susqunluğunda öz qorxusunu, duasını, inamını, əfsanəsini və sirr axtarışını eşidir. Bəlkə də dağların ən böyük sirri ondadır ki, onlar yalnız təbiətin ucalığı deyil, insan ruhunun da xəritəsidir.
Bir dağ insanı qanuna aparır, biri vəhyə, biri xilas rəvayətinə, biri sükuta, biri şəfaya, biri gizli biliyə. Gəmiqaya daşa yazılmış yaddaşdır. Əshabi-Kəhf zamanın qoruduğu imandır. İlandağ zərbənin daşa çevrilmiş izi, Duzdağ isə yerin altında nəfəs alan qədim şəfa sirridir.
Müqəddəs dağların ortaq dərsi budur: həqiqət yalnız zirvədə deyil, yalnız mağarada da deyil. Həqiqət insanın həm yuxarı qalxmaq, həm də öz içinin dərinliyinə enmək cəsarətindədir. Dağ bizi göyə baxmağa, mağara isə özümüzə qayıtmağa çağırır.
Bəlkə də dünyanın bütün sakral dağları bir-birindən uzaqda olsalar da, eyni sirri pıçıldayır: insanın yolu torpaqdan başlayır, göyə uzanır və yenidən öz daxilinə qayıdır.
Frida Kahlonun əsərlərinin İspaniyaya aparılması Meksikada etirazlara səbəb oldu
"Gülçöhrə və Əsgər" pyesinin təhlilinə həsr olunan monoqrafiya nəşr olundu
“Urban Expo” sərgisində Meksika pavilyonunun açılışı oldu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.