RU

Kiyevə hava zərbələri endirilir: 21 yaralı var - VİDEO

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev şəhərinə ballistik və qanadlı raketlərlə hava zərbələri endirməsi nəticəsində yaşayış binalarına və məktəblərə ziyan dəyib, dağıntılar var, 10-dan artıq mülki şəxs xəsarət alıb.

Bizim.Media  xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.

O bildirib ki, raket zərbəsindən 'Lukyanovka" metrosunun tavanı uçub, həmin ərazinin yaxınlığında yerləşən bazar isə tamamilə yanıb.

Şevçenko rayonunda raketin qalığının düşməsi nəticəsində orta məktəbə ziyan dəyib. Məktəbin içərisində insanlar olan sığınacağının girişi isə bağlanıb. Hazırda orada xilasetmə işləri aparılır.

Qeyd edək ki, 5 saatdan çoxdur, Kiyevə hava zərbələri endirilir.

Ukrayna paytaxtına endirilən kütləvi zərbələr nəticəsində xəsarət alanların sayı 21 nəfərə yüksəlib. Yaralananlar arasında 15 yaşlı bir yeniyetmə də var.

Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, zərərçəkənlərdən 13 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3-nün vəziyyəti ağırdır. Daha 8 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Bundan əlavə, paytaxtın Şevçenko rayonunda 1 nəfərin həlak olduğu bildirilir.

Mer qeyd edib ki, düşmənin kütləvi hücumu nəticəsində Kiyevin istisnasız olaraq bütün rayonlarında dağıntı və ziyan qeydə alınıb.

Rayonlar üzrə mövcud vəziyyət:

Darnitsa rayonu: PUA və raket qalıqlarının düşməsi nəticəsində yataqxana binası, bir neçə qeyri-yaşayış sahəsi, texniki xidmət stansiyası (STO) və yaşayış binasının yaxınlığındakı avtomobillər zədələnib.

Obolon rayonu: PUA-nın zərbəsi nəticəsində 1 mərtəbəli fərdi yaşayış evi dağılıb. Həmçinin 3 mərtəbəli binanın yaxınlığında və 16 mərtəbəli yaşayış binasında yanğınlar qeydə alınıb.

Şevçenko rayonu: Raket qalıqlarının düşməsi nəticəsində iki yaşayış binasına və ofis mərkəzinə ziyan dəyib, duracaqdakı avtomobillər yanıb. İki məktəbin ərazisində və yaşayış binalarının arasından keçən qaz borusunda yanğın baş verib.

Dnepr rayonu: Qalıqlar yaşayış binasının damına düşüb. PUA-nın fərdi yaşayış evinə çırpılması nəticəsində yanğın düşüb. Anbar binası və qaraj kooperativi zərər görüb.

Svyatoşinski rayonu: Raket qalıqları 1 mərtəbəli fərdi yaşayış evinin üzərinə düşüb.

Podol rayonu: Qeyri-yaşayış sahələrinin olduğu əraziyə qalıqlar düşüb.

Qoloseyev rayonu: Raket qalıqları 24 mərtəbəli yaşayış binasının damına düşüb.

Desna rayonu: PUA qalıqları supermarket və ticarət mərkəzinin binalarına ziyan vurub.

Solomenski rayonu: PUA-nın zərbəsi nəticəsində 24 mərtəbəli yaşayış binasının 23-cü mərtəbəsində dağıntı və yanğın baş verib.

Peçersk rayonu: PUA-nın 20 mərtəbəli yaşayış binasına çırpılması nəticəsində yanğın qeydə alınıb.

Hazırda bütün operativ və xilasetmə xidmətləri hadisə yerlərindədir və hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər.

 

Bizim.Media

Избранный
25
bizim.media

1Источники