RU

Bu gün 57 minədək abituriyent imtahan verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən Publika.az-a bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 231 imtahan binası, 4206 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 231 ümumi imtahan rəhbəri, 665 imtahan rəhbəri, 5211 nəzarətçi, 762 buraxılış rejimi əməkdaşı, 231 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 28 min 507, III ixtisas qrupu üzrə imtahanda isə 28 min 340 nəfər olmaqla, ümumilikdə 56 min 847 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 82 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

Избранный
4
45
publika.az

10Источники